wrapper

Azərbaycan futbolunun gələcəyi sual altındadı. Demək olar ki, hər il bir və daha artıq klubumuzun dağılması ənənəyə çevrilib. Ötən gün Beynəlxalq Bank da Bakı "İnter"inə sponsorluqdan imtina etməsini rəsmən açıqladı. Bu isə o deməkdi ki, "bankirlər" də tarixin yaddaşına köçəcəyi an məsələsidi. 

İnanın ki, bu, sonuncu olmayacaq. Bu gün yarımcan qalan AZAL-ın növbəti mövsümdə iştirakına kim təminat verə bilər? Ölkədə maliyyə böhranının yaşandığı bir zamanda "Sumqayıt"ın ayaqda qalacağına kimsə zamin dura bilərmi? Və yaxud da Premyer Liqada ikinci ilini keçirən "Zirə"nin köklü klub olacağına inam varmı?

Uzun müddət sonra Premyer Liqaya qayıdan, Avropa Liqasında iştirak edən ölkənin ən titullu klublarından olan "Kəpəz"in növbəti mövsümdə elitada qalacağı dəqiqdirmi? Bu gün komandanın şəraitsizlikdən, maliyyə korluğundan əziyyət çəkməsindən az qala Antraktida balıq ovuna çıxan ağ ayılar da xəbərdardı. Amma bu durum kiminsə vecinədirmi? AFFA-nın ianəsi hesabına yaşamaq uğrunda mübarizə aparan Gəncə klubunun yenidən diviziona yuvarlanmayacağını, sıradan iştirakçıya çevrilməyəcəyini kimsə dəqiqliklə söyləyə bilərmi?

Belə futbolu olan ölkədə utanmaz-utanmaz "Niyə də yox?!" şüarı ilə Rusiyada keçiriləcək dünya çempionatının final mərhələsinə vəsiqə qazanacağımıza ümid edirik.  Adam bir çönüb, daxili çempionatındakı duruma, klubların  acınacaqlı vəziyyətinə baxmazmı?

Sizi inandırım ki, bu sualların cavabını heç kim bilmir. Heç dünyanın ən istedadlı, uzaqgörən münəccimi belə, Azərbaycan futbolunun gələcəyi ilə bağlı proqnoz verə bilməz. Versə belə, həmin münəccimin münəccimliyinə şübhə edərlər. Adamın karyerası alt-üst olar. Azərbaycan futbolu kimi...

Bu sətirləri bizim bəyənmədiyimiz Türkiyənin PTT 1-ci Liqasında mübarizə aparan "Altınordu" klubun 4 fərqli məkanda  - Yeşilyurt, Torbalı, Selçuk ve Kuşadasıdakı bazaları ilə bağlı hazırlanmış videoçarxı görəndən sonra yazmağa qərar verdim. Adamın Gəncə şəhər stadionunun paltardəyişmə otağındakı "ceyran peçi"nin kənarında oturub, xumarlana-xumarlana baxması gəlir...

EMİN SƏFƏROV

İzləyin...

Son redaktə Şənbə, 28 Yanvar 2017

Media