wrapper

Topaz Premyer Liqasının III dövrəsi yaman səs-küylü başladı. Yenə baş rolda hakimlərdi. Fit sahiblərinin qış fasiləsindən sonra keçirilən qarşılaşmalarda qəbul etdikləri qərarlar ciddi müzakirələrə səbəb olub. Demək olar ki, hər tur birbaşa oyunun nəticəsinə təsir edən biabırçı səhvlərə şahidlik edirik.

Komandalar artıq bir-birilərinin qanını belə, içməyə hazırdırlar. Kobud səhvlərin ən çox "Qarabağ"ın iştirakı ilə keçirilən oyunlarda ağdamlıların lehinə qeydə alınması, vəziyyəti daha da ciddiləşdirilib. Sözsüz ki, bu durumdan ən çox narahat olan tərəf "atlılar"la çempionluq mübarizəsi aparan "Qəbələ"di. Ancaq iş elə gətirdi ki, ötən gün "Qəbələ" də "Neftçi" ilə oyunda 3 xalı ofsaydan vurulan qolla qazandı.

Hamı deyir ki, "Qarabağ"la oyunda olduğu kimi, "Qəbələ" ilə matçda da olan yenə "Neftçi"yə oldu. Bəylər, məgər, "Neftçi" bu mövsüm hakim səhvləri ilə qələbə qazanmayıb? Cari mövsümün ilk turunda Şüvəlanda AZAL-la keçirilən oyun yadınızdan nə tez çıxdı? Bəs, "Bakcell Arena"da "İnter"lə keçirilən oyunda Rəhim Həsənovun cərimə meydançasının kənarında Zurab Xizanişvilinin əllə oynamasını penalti kimi dəyərləndirməsini necə, unutmamısız ki?

Guya ki, "Zirə"yə, "Kəpəz"ə, "Sumqayıt"a qarşı haqsızlıq olmayıb? Olub! Özü də dəhşətli dərəcədə! Ancaq bu durum heç kimin vecinə deyil. Hər bir biabırçılıqdan sonra Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun qeyri-ciddi açıqlamalarına ehtiyac duyuruq. Məgər, buna ehtiyac varmı? Məgər, onun kim olduğundan, keçmişindən xəbərsizikmi? Ümumiyyətlə, Məmmədovun öncədən hansı açıqlamalar verəcəyini təxmin ediriksə, onu danışdırmağın nə mənası var?

Ən pisi olan odur ki, Xaqani bəyə gözün üstə qaşın var deyən yoxdu. Premyer Liqada mübarizə aparan 8 klub onunla bacarmır. Dişini ağarda-ağarda kreslosunda qalmağı bacarır. Əslində isə klublar birlik nümayiş etdirməlidir. AFFA rəhbərliyi qarşısında məsələni qaldırmalqa vəziyyətin dözülməz həddə çatdığını hər hansı yolla bildirməlidir.

Ancaq heç kim özünü pis kişi etmək istəmir. Axı, nə qədər "hakimlər də insandı, səhv edə bilər", "hakimlər barədə danışmaq istəmirik", "bizim işimiz futbol oynamaqdı" kimi sadəlöv açıqlamalar eşidəcəyik? Bəlkə, yumruğunuzu masaya bərk çırpasınız? Onsuz da "Neftçi"ni çıxmaq şərti ilə ölkədə yaxşı maddi imkanlarına malik olan iki klub qalıb. Son illərdə də ölkə futbolunun beynəlxalq arenada uğurları məhz "Qarabağ"la "Qəbələ"nin adı ilə bağlıdı. İndi bu klubların sponsorları hakim biabırçılıqlarına görə, maliyyə dəstəyi ayırmaqdan imtina etsə, axırı necə olacaq? Digər ölkələrdə olduğu kimi, klub rəhbərləri yaxasını kənara çəkməli deyil. Çıxın danışın, etirazını bildirin və Xaqani Məmmədovun istefasını tələb edin. Allahın bacısı oğlu deyil ki, hakimbaşı toxunulmaz şəxs olsun! 

Əslində, bütün bu çirkin mənzərəni görüb Xaqani Məmmədovun özü istefa verməlidi. Bıcağı sümüyə dirəməli deyil. Artıq bacarmadığını, işinin öhdəsindən çoxdan gələ bilmədiyini açıq-aşkar etiraf etməlidir. Hər halda istefa mədəniyyəti olan ölkələrdə belə addım atırlar. Ancaq o, bu, mədəniyyətdən tamam xəbərsiz biridir. Təhqir olunmağı, üzünə üz bağlamağı qəbul edir.

Ancaq biz hər şeyi Məmmədovun vicdanına buraxmamalıyıq. Gəlin, növbəti dəfə çempionatımızın Xaqani bəyə görə dayanmasına icazə verməyək. Artıq həyəcan təbili çalınır. Özü də hakimlərin fiti ilə...

EMİN SƏFƏROV

Son redaktə Şənbə, 04 Fevral 2017