wrapper

Hardasan, ay Məşədi Kazım? Hardasan, ay Sadıq Sadıqov? Hardasan, ay Tahir Süleymanov, Güloğlan Cabbarov və s. 

Qış fasiləsindən cəmi 2 tur keçib. “Neftçi” təzə-təzə özünə gəlmək istəyir, sanki reanimasiyada süni aparata qoşulmuş passientdir, zorla nəfəs alır və bu anda içəri girən-girən həmin şlanqa barmaq edir. Hakimlər Komitəsinin baş “quşbazı” Ramil Diniyev “Qarabağ”la oyunda az qalmışdı “Neftçi”ni transferlərə xərclədiyi pullara peşman etsin. Baykoviçin qapısına təyin olunan şübhəli penalti cəhənnəm, referi Rəhman Hacıyevə qarşı cərimə meydançasındakı aşkar kobudluğu da görmədi. 

Artıq nə PFL, nə də Hakimlər Komitəsi “Neftçi”dən qorxmur. Uzaqbaşı İntizam Komitəsi Rəhmana verilən sarı vərəqəni ləğv edəcək, Diniyevin səhvi etiraf olunacaq, PFL prezidenti də deyəcək ki, “bajıoğlu, qərəzdən söhbət gedə blməz”. Hə, bu həmin PFL prezidentidir ki, “Neftçi”də işləyərkən hakimlərin nəsil-nəcabətini “dür” sözlərlə düzürdü meydanın ortasına. Daha bir maraqlı məqam: “Neftçi”nin AFFA-nın himayəsinə keçməsi artıq heç kimə sirr deyil. Elxan Məmmədova yaxın şəxslərin kluba gəlməsi ilə paytaxt komandasına qarşı qeydə alınan səhvlərin çoxalması arasında bağlılıq axtarmaq istəmirəm. Amma Məmmədovla Musayevin mehriban düşmən olmasını futbola yeni gələnlər də bilir. 

“Neftçi” indi yiyəsiz uşağı xatırladır, sağdan vururlar, soldan vururlar, penalitisini vermirlər, ofsayddan qapısına qol vururlar. İnsafın olsun, Xaqani müəllim, Böyükağa Hacıyevin vaxtında bunu edə bilərdiniz? Tahir Süleymanovla Gündüz Abbaszadə gecəynən Space Tv-ə çıxıb o səhvlərə görə başınıza elə oyun açardırlar. Nə var e, indi “Neftçi”yə təzyiq göstərməyə? Uzaqbaşı Çingiz Abdullayevin kitab təqdimatlarından başı ayılsa, deyəcək ki, “yazuz da, bunu da yazuz da. Belə xakimlik olar?” 

İş o yerə çatıb ki, hakimlərin açıqlama verməsinin nizamnamə ilə zidd olduğunu deyən Xaqani Məmmədov indi onları döyüşə atıb. Təki məndən uzaq olsunlar: “haydı, Orxan, haydı Fariz sinənizi verin qabağa, özünüzü də müdafiə edin, məni də”. 

“Neftçi” rəhbərliyi ağzına su alıb susduqca, sağdan da vurulacaq, soldan da. Axı heyifdir o şaxtalı havada böyük həvəslə Suraxanıya gələn azarkeşlərə. 80 illiyinə hazırlaşan “Neftçi” isə danışmaq istəmir. Elxan Abdullayev etirazını yalnız “göydə Allah var, hər şeyi görür” deməklə bildirir.  Klubun rəsmi facebook səhifəsi  “Qəbələ” ilə matçda oyundan kənar vəziyyətdən vurulan qolun şəkilini verərək, “özünüz qiymət verin” yazır, Müşahidə Şurasının mətbuat xidmətinin başı isə Çingiz Abdullayevin istefa xəbərlərinin təkzibinə qarışıb.  

“Neftçi”yə qarşı səhvlər isə davam edir...

BABƏK

Son redaktə Şənbə, 04 Fevral 2017