wrapper

Özünüzü ali məktəbə qəbul olmaq eşqi ilə alışıb-yanan bir gənc kimi təsəvvür edin. Sözsüz ki, bunun üçün qəbul imtahanına yaxşı hazırlaşmaq, çalışmaq, çalışmaq və yenə də çalışmaq lazımdı. Şəraitinz yaxşı deyil, yarıac, yarıtoxsunuz. Dərs oxuduğunuz yerdə başınıza yağış suyu damcılayır, soyuqdan tir-tir əsirsiniz, hazırlıq üçün yaxşı repetirora ehtiyacınız var. Bir sözlə, işiniz çox çətindi. Bütün fikrinizi imtahana yönəldə bilməməyinizə baxmayaraq, sizdən yaxşı nəticələr gözləyirlər. Acımazıslıqdı, hə?

İndi "Kəpəz" durumu acınacaqlı şəraitdə imtahana hazırlaşan gəncdən fərqlənmir. Qış fasiləsindən sonra Gəncə təmsilçisinin ardıcıl ikinci oyunda məğlub olması etirazlara səbəb olub. Hədəfdə isə komandanın baş məşqçisi Şahin Diniyevdi. Hətta təcrübəli mütəxəssisi istefaya səsləyənlər də var.

Şahin Diniyevi hər kəs tanıyır. Hamı bilir ki, vəzifəyə görə üzünə üz bağlayıb, kreslosundan bərk yapışanlardan deyil. Hər halda vaxtı ilə "Rəvan"dan hansı səbəblərdən ayrıldığını çoxlarınız bilirsiniz. Adam yüksək istefa mədəniyyətinə malik birisidir. İndi o, istefa versə, vəziyyət düzələcəkmi? "Kəpəz" ardıcıl qələbələri sıralayacaq?

Təbii ki, bu, inandırıcı deyil. Çünki problemim kökü tamam başqadır. Əvvəlcə komandanın şəraitini yaxşılaşdırmaq, heyətini gücləndirmək lazımdı. Qış transfer dönəmində komandanın heyətini gücləndirilməsi üçün hər hansı samballı transfer edildimi? Normal təlim-məşq toplanışı keçmək üçün şərait yaradıldımı? "Qarabağ", "Qəbələ", "Neftçi", "İnter", "Sumqayıt", "Zirə" Antalyada təlim-məşq toplanışı keçdiyi halda, Diniyevin komandası Gəncə - Bakı yolu arasında qaldı.

Bu azmış kimi, komandanın stadion problemi də var. Yağış, qar yağan kimi, gəncəlilər paytaxtda köçkün düşür. Fikrimcə, belə çətin şəraitdə mübarizə aparan komanda və onun baş məşqçisindən daha böyük qəhrəmanlıq gözləmək səmimi fikir deyil. Onu da nəzərə almaq lazımdı ki, "Kəpəz" indiki halda büdcəsinə görə Premyer Liqada təkcə AZAL-ı qabaqlayır. 

Görünür, komandanın mövcud problemlərinə baxmayaraq, "Kəpəz"in elitaya qayıtdığı ilk ildəcə Avropa Liqasına vəsiqə qazanması azarkeşləri həvəsləndirib. Əslində, azarkeşi başa düşmək olar. Onlara qələbə lazımdı və məğlubiyyət heç vaxt qəbul edilmir. Amma bəzən reallıqları da qəbul etmək lazımdı. Məsələn, Gəncə şəhər stadionunun soyunub-geyinmə otağını qızdırmaq üçün istifadə edilən "ceyran peçi" reallığını... Bəs, Şahin Diniyev neyləsin?

EMİN SƏFƏROV

Son redaktə Bazar ertəsi, 06 Fevral 2017