wrapper

Atalar “susmaq qızıldır” deyiblər. Amma bilmirəm bu Azərbaycan ərazisində olmuş Albaniya dövlətinin atalarına aiddir, ya atropatenalıların ataları belə deyib. Çünki müasir Azərbaycanda ağlamayana pəpə yoxdur. Bunun bariz nümunəsi Topaz Premyer Liqasıdır. 2 turdur AZAL-a qarşı hakim səhvləri olur, komanda xal qazana biləcəyi oyunlardan məğlub ayrılır. AZAL rəhbərliyi isə Aygün Kazımovanın məşhur mahnısındakı “tənha qadın” kimi susur. Hətta vaxtilə açıqlama verəndə yeddi başlı əjdaha kimi püskürən, gözünü yumub ağzını açan, heç kimdən çəkinməyən vitse-prezident Vaqif Qasımov da dillənmir. Əcəba, susmaq tapşırığı yuxarıdanmı gəlib? 

Hər nə qədər Xaqani Məmmədov and-aman etsə də, hamı gördü ki, “Qarabağ”la matçda Tounkara heç nədən meydandan qovuldu. UEFA tövsiyələrini son redaktə edən adam belə o cür cüzi toxunuşa görə sarı vərəqə verildiyini görsəydi, şoka düşərdi.  Hər kəs səbirsizliklə AZAL düşərgəsinin bununla bağlı nə deyəcəyini gözləyirdi. Tərlan Əhmədov pulsuzluqdan gileyləndi, meydanın örtüyünü dəyişə bilməyəcəklərini dedi, Tounkaranın qırmızı vərəqə alması ilə bağlı suala isə “Əgər veriblərsə, deməli var” cavabını verdi. Klublar Komitəsinin sədri postundan təzəlikcə ayrılan Fikrət Hüseynov da susmağa üstünlük verdi. Əgər klub öz hüquqlarını müdafiə etmək istəmirsə,  kimdir ona qəhmər duran? 

“Qəbələ” ilə oyunda da təxminən eyni ssenarinin şahidi olduq. Bu dəfə hakim İnqilab Məmmədov Daniel Subotiçin öz cərimə meydançasında əllə oynamasını görmədi. Mətbuat konfransında Tərlan Əhmədov susmağı qərara aldı. “Hər şeyi gördünüz, mən heç bir suala cavab verməyəcəm” deyərək, zalı tərk etdi. Əgər AZAL-ın vitse-prezidenti Fikrət Hüseynov, baş məşqçisi Tərlan Əhmədov hakim səhvlərinə görə susurlarsa, heç kimlə münasibətlərini korlamaq istəmirlərsə, N saylı saytın sıravi reportyoru niyə kiminləsə düşmən olmalıdır? 

Maraqlıdır, sabah nəticələrə görə rəhbərlik hansı əsasla Tərlan Əhmədova öz iradlarını bildirəcək? Adama deməzlər ki, hörmətli,  vitse-prezidentlər (futbolçulara maaş verə bilməyən klubda 4 vitse-prezident çalışır) siz nə vaxt komandanın mənafeyinə görə səsinizi çıxardınız? 

AZAL-ın lal Hüseyn kimi susması ağıla yalnız bir fikri gətirir: sükunət səbəbsiz deyil. Bunun mükafatı olmalıdır. Ola bilsin ki, komandaya söz verilib ki, narahat olmayın, sonuncu yeri tutsaz belə, Premyer Liqanı tərk etməyəcəksiniz.  Təki dillənməyin, başınızı aşağı salın, sakitcə çempionatı yola verin. 

Ayxan

Son redaktə Cümə axşamı, 09 Fevral 2017