wrapper

Uzun yol, narahat avtobus, yanındakı oturacaqda əyləşən sərnişinin çoxdanışan olması və üstəlik diş ağrısı... Gəncə səfəri mənim üçün kabusla başladı. Ancaq Nizami yurduna çatanda bir qədər rahatladım. Həm çoxdanışan sərnişindən, həm də aptekdən aldığım dərman sayəsində diş ağrısından bir neçə saatlıq qurtuldum.

Növbə isə "Kəpəz" - "Qarabağ" matçının keçiriləcəyi Gəncə şəhər stadionuna yollanmağa çatmışdı. Dayanacaqda stadiona 8 nömrəli marşrutun getdiyini öyrənib, gözləyirdim ki, dispeçer bu gün sözügedən avtobusun işləməyəcəyini bildirdi. Səbəbini soruşanda isə, "cəmi 2 dənə avtobusdu, onlar da bu gün xəttə çıxmayıblar" dedi.

Ölkənin ikinci ən böyük şəhərində belə bir problem yaşanırsa, vay onda digər bölgələrin halına. Oyunun başlamasına bir futbol qarşılaşmasının ömrü qədər vaxt qaldığından piyada getmək qərarına gəldim. Ancaq kimdən soruşdumsa, "qardaş, sən ora piyada gedə bilmərsən" cavabını aldım. Nəhayət, 2 nömrəli marşrutun stadionun yaxınlığından keçdiyini öyrəndim. Deyilən dayanacaqda düşəndən sonra məlum oldu ki, həmin "yaxın məsafə" taksi ilə adama 3 manata başa gəlir.

Stadiona çatanda isə qarşıma AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov çıxdı. Sözügedən qarşılaşmanın hakim-inspektorunu görəndə bildim ki, bu gün işlərim heç yolunda getməyəcək.

Media tribunasına öz yerimi alandan az sonra yenə onu gördüm. Bundan əvvəlki oyunlarda media nümayəndələrini ciddi şəkildə narahat edən, özünü icra başçısına göstərmək niyyəti ilə səs-küy salan yaşlı azarkeşi nəzərdə tuturam. Amma bu dəfə xoşbəxtlikdən ciddi narahatlıq olmadı. Bu, ya mənim Bakıdan Gəncəyə gedən tək jurnalist olmağımla, ya da icra başçısının ikinci hissədə stadiona təşrif buyurması ilə bağlı ola bilərdi.

Komandaların start heyətinə nəzər yetirdikdə, Şahin Diniyevin Davud Kərimiyə şans verməsi təəccüblərə səbəb oldu. Ancaq uzun müddətdən sonra Premyer Liqa matçına çıxan Kərimi özünü yaxşı tərəfdən göstərməyi bacardı. Bir neçə epizodda komandasının real qoldan xilas edən qolkiperin baş məşqçisinin ehtimadını doğrultduğunu söyləyə bilərik.

Bostanabənzər meydançada keçirilən oyunda "Qarabağ" fərdi ustalığı ilə seçildi. 4 oyunluq cəzadan sonra sıraya dönən Riçard Almeyda yenə Qurban Qurbanovun əsas silahı olduğunu isbatladı. Bərbad ot örtüyündə belə, topu özündə saxlamağı, oyun qurmağı bacaran "sambaçı"nın cəzası başa çatmasaydı, ağdamlıların işi "Kəpəz" qarşısında çətinə düşəcəkdi. Çünki "Kəpəz" də meydana ən azı bir xal üçün çıxmışdı. Əzmkarlıq və mübarizə baxımından rəqibindən geri qalmayan gəncəlilərdə son çempion qarşısında sadəcə, ustalıq səviyyəsi çatmadı.

Bu, ilk hissənin ortalarında Şahin Diniyevlə azarkeş arasında baş verən dialoqda da öz təsdiqini tapdı. Nədənsə, oyundan narazı qalan gəncəli azarkeşlərdən biri Diniyevə erkən əvəzetməni məsləhət gördü. Təcrübəli mütəxəssisin fanata cavabı da kreativ alındı: "Kimi daxil edim, səni, yoxsa özümü?"

Diniyevin cavabı həm də "Kəpəz"in indiki durumu, reallıqlardan xəbər verirdi. Rəqibin ehtiyatında  Dino Ndlovu, Rahid Əmirquliyev, Arif Daşdəmirov, Ağabala Ramazanov, Coşqun Diniyev  var idisə, gəncəlilərin heç Elvin Yunuszadəsi belə yoxdu.

Oyun ərzində üstünlüyü ələ alan Qurban Qurbanovun yetirmələri qolu 65-ci dəqiqədə bayram etdi. 44 yaşlı çalışdırıcının start heyətdə şans verdiyi Mahir Mədətov "atlılar"a 3 xalı qazandıran yeganə qolun müəllifi oldu.

Qarşılaşmada diqqət çəkən digər məqam isə matçın baş hakimi Ömər Paşayevin meydana sonradan daxil olan Ağabala Ramazanova sarı vərəqə göstərməsi ilə bağlıdı. Belə ki, Davud Kərimi topu oyuna daxil etmək istəyərkən topa vurmaq əvəzinə, gənc hücumuya zərbə endirdi. Yeni FIFA referisi olan Paşayev də bu məqamda öz "kreativ" düşüncəsini işə saldı. Sən demə, futbolçunu öz meydançasına tərəf qaçırsa, qapıçı ona zərbə endirirsə, günah xəsarət alandadı. Ümumiyyətlə, arxası qapıçıya olan və onun nə etdiyini bilməyən futbolçu qolkiperə qarşı qaydanı necə poza bilər ki? Görəsən, bu da UEFA-nın tövsiyyəsidir?

Ömərin bu qərarı Qurbanovun da etirazına səbəb oldu. Qarşılaşmadan sonra keçirilən mətbuat konfransında çıxış edən "Qarabağ"ın çalışdırıcısı, sarı vərəqənin ləğvi üçün protokola etirazlarını yazdıqlarını bildirdi. Belə durumda AFFA İntizam Komitəsi Paşayevi "neprav" çıxarmasa, Ramazanov cəzalı duruma düşdüyü üçün növbəti turda "Qəbələ"yə qarşı oynaya bilməyəcək. Bundan başqa Qurbanov qış fasiləsindən sonra qələbə üzünə həsrət qalan rəqibin baş məşqçisinə də dəstək oldu. Gəncəli azarkeşlərə Şahin Diniyevə həm dəstək olmağa, həm də inanmağa çağırdı.

Diniyev də öz növbəsində artıq komandanın öz oyununu tapdığını, psixoloji durumdan çıxdıqlarını qeyd etdi. O, "Qarabağ"a qarşı sərgilənən oyunla növbəti turda "Neftçi"yə başağrısı ola biləcəklərini vurğuladı. Beləcə, rəsmi hissə başa çatdı.

Ölkənin ikinci ən böyük şəhərinin futbol klubuna olan diqqətsizlik, stadionun şəraitsizliyi adamı məyus etməyə bilməz. Belə şəraitdə nə futbol oynamağa, nə də ona baxmağa adamda həvəs qalır. Stadiondan ayrılandan sonra özüm-özümə deyinirdim: bir də Gəncəyə gəlsəm... Kaş ki, aidiyyatı şəxslərin futbola çəkdikləri əziyyət jurnalistlərinki qədər olardı. Kaş ki...

Bakıya qayıdarkən isə avtobusda yol yoldaşım illərin təcrübəsi, fotoqraf Hicran dayı oldu. Düzünü desəm, onunla Bakıya qədər həmsöhbət olmaq bostanabənzər meydançada keçirilən qarşılaşmadan daha maraqlı idi. Hələ üstəlik, avtobusda başlayan diş ağrısının da səngiməsi üçün xüsusi dərmanından da təklif etdi. Hicran dayının təklif etdiyi buterburotu isə heç şəhərin ən bərkgedən restoranlarındakı kabablara dəyişmərəm...

EMİN SƏFƏROV - BAKI-GƏNCƏ-BAKI

Son redaktə Bazar ertəsi, 13 Fevral 2017