wrapper

Artıq 6 gün qaldı. Fevralın 19-da bütün azərbaycanlı futbolsevərlərin diqqəti Qəbələyə yönələcək. Məhz 6 gündən sonra Topaz Premyer Liqasında çempionluq mübarizəsi aparan "Qəbələ" ilə "Qarabağ"ın növbəti duellosu baş tutacaq.

"Qarabağ"ın səfərdə "Kəpəz"i məğlub etməsi, "Qəbələ"nin də "Zirə" ilə bərabərə qalması nəticəsində komandalar arasında xal fərqi 3-ə yüksəlib. Deməli, bu görüş çempionluq yolunda həlledici ola bilər. Çünki "qırmızı-qaralar" ağdamlılara məğlub etsə, xal fərqi eyniləşəcək. Son çempion isə öz növbəsində xal fərqini artırmağı düşünür.

Bəs, belə gərgin matçın öhdəsindən gələ biləcək hakimimiz varmı? Buna qədər müsbət düşünmək olardı. Ancaq bu iki komandanın son oyunlarda qeydə alınan biabırçı hakim səhvləri bizə nikbin düşünməyə imkan vermir. Yalnız Əliyar Ağayevi fərqləndirmək olar ki, o da arada özünə yaraşmayan səhvlərlə yadda qalır.

Bundan başqa onun ötən gün "Qəbələ"nin "Zirə" ilə oyununu idarə etdiyini nəzərə alsaq, deməli, ardıcıl ikinci dəfə "qırmızı-qaralar"ın matçı Ağayevə tapşırılmayacaq. Digər FIFA referisi Ömər Paşayev də cari turda Gəncədə ağdamlıların oyununda fit çalıb. Bu səbəbdən siyahıdan Paşayevi də çıxarmaq lazımdı. Ramil Diniyev "Qarabağ" - "Neftçi" oyununda etdiyi səhvlərə görə cəzalıdı. Fariz Yusifov da "Qəbələ"nin "Neftçi" ilə keçirilən və ciddi narazılıqlar qeydə alınan qarşılaşmada görəv başında olub. Buna görə də Yusifovun da kənarda qalacağı istisna deyil.

Orxan Məmmədov da psixoloji durumuna görə, qarşılaşmanın öhdəsindən gələcək vəziyyətdə deyil. Bəs, kim? Rauf Cabbarov? Xeyr, bu da ağılabatan fikir deyil. Yerdə isə Rəvan Həmzəzadə, İnqilab Məmmədov və Elvin Əsgərov qalır ki, onların da bu oyunun öhdəsindən uğurla gələcəyi inandırıcı deyil.

Belə durumda isə əcnəbi hakimə ehtiyac duymaq olar. Məsələn, turun ən maraqlı görüşünü tanınmış referilərdən birinə həvalə etmək olar. Ağıla gələn ilk şəxs isə Cüneyt Çakırdı. Oyunda hakim səhvi olsa belə, tərəflər bir-birini nədənsə ittiham edə bilməyəcək. Çakırın dəvət edilməsi, həm də bizim Hakimlər Komitəsinin sədri Xaqani Məmmədova da sərf etməlidir. Ən azından o, 1 oyunluq olsa belə, istirahət edəcək, söz-söhbətdən uzaq olacaq. Fikrimcə, buna hər iki komanda razı olar.

Ancaq buna Xaqani bəyin razılaşacağı inandırıcı deyil. O, hakimlərinə inandığını, səhv olanda da "insandı da" deyəcək. Ancaq matça daha da maraq qatmaq üçün belə bir addım atmaq şərtdi. Əks halda...

EMİN SƏFƏROV

 

Son redaktə Bazar ertəsi, 13 Fevral 2017