wrapper

Sovet dövrünün “mırt” tərəflərindən biri də kolxoz, sovxoz sistemi idi. Düzdür, 40 dərəcə istidə, şıdırğı günün altında qadınların pambıq yığması zülm məsələydi. Amma kolxoz sovet adamı üçün bir qazanc mənbəyinə çevirilmişdi: biri işdən gələndə toyuq-cücəsinə bir vedrə dən gətirirdi, digəri sovxozun alma baglarına hücumu az qala müqəddəs ayinə çevirmişdi. 

Kolxozun ən gözəl tərəflərindən biri də onun “kurilkası” idi. Kolxozun “kurilkası” (KK) bekar adamların yığışıb, siqaret çəkə-çəkə laqqırtı vurduğu yer idi.  Burada mövzular da müxtəlif olurdu:  Evi çayın qırağında olan Kamran kişi çayda suyun azalmasından gileylənirdi, Fikrət dayının əsas problemi yağışdan sonra darvazasının qabağının gölə çevrilməsi idi. Neçə il idi pul tapmırdı, ora bir maşın çınqıl tökdürsün ki, uşaqlar məktəbə gedəndə palçığa batmasınlar. Mexanizator Mikayıl yoldaşın da bir öküzü vardı, hər gün naxırdan gələndə bir inəyin dalınca azıb gedirdi. Bir sözlə, KK-da kəndin məktəbinin uçulub-dağılmaq üzrə olmasından heç kim danışmırdı, uşaqların təhsildən yayınmaq üçün bütün yollara əl atdığını deyən yox idi. Yəni kolxozun “kurilkası” laqqırtı vurmaq, vaxt öldürmək, dəxlisiz söhbətlər etmək üçün bir məkana çevirilmişdi. Hətta arada Səkinə arvadın 45 yaşında 7-ci dəfə uşağa qalması da müzakirə olunurdu.  

Azərbaycan futbolunun da bir KK-sı var – Klublar Komitəsi. Son iclaslar göstərir ki, Klublar Komitəsi artıq “Şəfəq” kolxozunun “kurilkası”ndan heç nə ilə fərqlənmir. Ölkə futbolunda bu qədər problemlər qala-qala, hakimliklə bağlı səhvlər hər həftə mətbuatın manşetlərini bəzədiyi halda, bu boyda respublikada 3 stadionu çıxmaq şərti ilə oynamağa normal stadion tapılmadığı  dövrdə gündəlikdəki məsələlərə baxın: 

Əvəzedici heyətlərin oyunları əsas komandaların görüşlərindən bir gün sonra keçirilsin. 

 U-10, U-11, U-12, U-13 və U-14 liqalarında final mərhələsinə yüksələ bilməyən komandaların daha çox sayda oyun keçirə bilməsi üçün təqvimin müzakirəsi. 

Bu, qatı dindarların tualetə girərkən birinci sağ ayaq atılmalıdır, ya sol mübahisəsinə oxşayır. 

Bu iclasdan bir gün əvvəl PSJ Çempionlar Liqasında “Badrselona”ya toy tutmuşdu. Əslində “Şəfəq” kolxozunun “kurilkası” kimi laqqırtı vurmaq üçün əla mövzu idi – Kavanidən, Verattidən, Di Mariyadan danışın, dağılışın, gedin.  Onsuz da KK-ya artıq ciddi qurum kimi baxan yoxdu. Bu, bekarçılıqdan darıxan dostların məclisini xatırladır. Bir araya gəlib vurmaq üçün istənilən vaxt səbəb tapa bilərlər: Bakıya ardıcıl iki gün qar yağması, temperaturun -10 dərəcəyə çatması, Metallurgiya günü, Kosmonavtika günü, nə bilim etiraf günü, öpüş günü və s. 

Təki məclis olsun. 

P.S. Sən demə,  Klublar Komitəsinin son iclasında “Barselona”nın məğlubiyyəti də müzakirə olunub. Hətta “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov “Barsa”nın kitabının bağlandığını da deyib. 

BABƏK

Son redaktə Şənbə, 18 Fevral 2017