wrapper

Yenə 23 fevraldır. Sıradan adi gün. Hər il rastlaşdığımız mənzərə. Yenə veteran futbolçular II Fəxri Xiyabana yığışıb. Ənənəvi müsahibələr: “O əsl bakılı idi, “Neftçi”yə sadiq qaldı. Çox istedadlı idi və s”. Yenə televiziyaların idman buraxılışlarında Fəxri Xiyabandan materiallar verilir, illərdir dəyişməyən təqdimat, hər il təzələnən amma bir-birinə oxşar materiallar. Sadəcə kimlərsə növbəti il artıq müsahibə verənlər arasında olmur – Vladimir Bruxti, Adil Babayev, Valeri Hacıyev... 

Yenə 23 fevraldır. Banişevskinin xəstəliyi və çox içməsi səbəbindən nazı ilə oynaya bilməyən İnna xanım son illərdə onu evdən qovsa da, yenə kameralar önünə keçir, tanışlıqlarından, dəbdəbəli toylarından danışır. Hər il danışır və cümlələri də əzbər bilir artıq. Vay o haldan ki, yanında Banişevskiyə son illərdə baxan, nazını çəkən Səidə xanımın adını çəkəsən, onda olursan İnna xanımın düşməni. 

Yenə 23 fevraldır. Yenə efirlərdə Məşədi Vaqif Davudov görünür. Hər il Banişevskinin xatirəsinə turnir keçirir – jurnalistlərin zarafatla dediyi İmam Hüseyn çempionatından bir iki komanda da qatılır bu yarışa. Məşədi də televiziyalara yalvarır ki, gəlin, bu yarışdan çəkiliş edin. Banişevskidən çox, özünün efirdə görünməsini istəyir. Sual verməyinə də peşmansan, 20 dəqiqə dayanmadan danışır. 

Yenə 23 fevraldır. Məhz bu gün yada düşür ki, Masallıda Banişevski adına stadiona oxşar bir şey var. Bəli, vaxtilə “Viləş”in ev oyunlarını keçirdiyi məkana indi stadion deməyə adamın dili gəlmir. Bu stadionla bağılı axtarış verəndə bilirsiniz, nə çıxır?” Stadion, yoxsa bazar? “Xarabazarlığa çevrilən arena”, “Dağılan idman infrastrukuru” başlıqlı yazılar. Stadionda qoyun otaran kim, qabağında kartof, soğan satan kim. 

Yenə 23 fevraldır, 2017-ci ilin 23 fevralı. İslam Oyunlarının başlanmasına 3 ay, 4 oyunu Bakıda keçiriləcək Avro-2020-yə isə 3 il qalır. 

Yenə 23 fevraldır. Masallıda Quliyevlər ailəsində bayramdır. Stadionun otu ilə qidalanan qoyun ekiz bala verib.

Elnur Məmmədli

Son redaktə Cümə axşamı, 23 Fevral 2017