wrapper

Bakı vaxtı ilə saatlar 22:45. Təxminən 2 saat 45 dəqiqədir ki, “Zirə” – “Sumqayıt” oyunu başa çatıb. Az müddət deyil. 3 saata “Zirə” öz avtobusu isə Qəbələ səfərinə gedir. Təsadüfən, “Zirə” futbol klubunun rəsmi saytına göz gəzdirdim, görüm, “Sumqayıt”la oyundan şəkil varmı. Amma denən nə qoyub, nə axtarırsan? Şəkil nədir, heç son görüşdən 1000 işarəlik xəbər də yoxdur. Sanki “Zirə” “Sumqayıt” adlı komanda ilə qarşılaşmayıb. Klubun facebook səhifəsində də eyni mənzərə.

Saytda son xəbər “Xocalıya ədalət”lə bağlıdır. Xocalıya ədalət tələb etmək yaxşı işdir. Ən azı Xocalıya görə, komanda bir araya gələrək “Justice For Khojaly  25” pankartını yerə sərib şəkil çəkdirir və saytda paylaşır. 

Ümumiyyətlə, nədəndirsə, bizdə bir çox klublar bu cür faciələrə də reklam kimi baxır. Yəni əslində komanda üzvlərinin Şəhidlər Xiyabanını, Soyqırım qurbanlarının abidəsini ziyarət etməsi yaxşı haldır. Ancaq bunu öz saytında, sosial şəbəkələrdəki səhifəndə paylaş getsin. Daha bunun üçün bütün jurnalistləri ora dəvət etməyin nə mənası? Və gedib görürsən ki, adında o boyda Qarabağ sözünü gəzdirən klub Şəhidlər Xiyabanına bir futbolçu gətirib – o da atası Qarabağ savaşında şəhid olan Vüqar Nadirov. Hanı bəs 7 ölkədən olan legionerlər? Budurmu Xocalını dünyaya tanıtdırmaq? Bir futbolçu, bir yerli məşqçi və bir demək olar azərbaycanlaşmış icracı direktorla? 

Yaddaşı zəifləyən, çox danışan nənələr kimi mövzunu mövzuya qatdım. Hə, deyəsən, axı “Zirə”dən söhbət edirdim. Başa düşürəm, komandanın maddi imkanları qaz vurub, qazan doldurmağa yetməyə bilər. Klubun Mətbuat Xidmətində bir dostumuz çalışır ki, ona eyni zamanda 3-4 iş tapşırılır. Bütün bunlardan xəbərdarıq. Amma illik büdcəsi 2 milyon olan komanda (hər halda Rəşad Sadıqov belə deyir) ən azı belə məsələləri vaxtında həll etməlidir. Təsəvvür edin, komanda yayda avrokuboklarda oynamaq istəyir. Və “Zirə”də klub idarəçiliyi adında bir mexanizm yoxdur. Stadionun direktoruna yeməkxana, Mətbuat Xidmətinin rəhbərinə arenanın projektorları, həkimə isə azarkeşlərlə iş tapşırıla bilər. 

Nə isə, bu Azərbaycan futboludur, hələ çox şey görəcəyik. Yeri gəlmişkən, Bakı vaxtı ilə saat 23:10-dur, “Zirə”nin saytında hələ də sakitçilikdir, “Sumqayıt”la oyunun yeddisini gözləyək?

BABƏK

Bu kateqoriyalar haqqda daha çox « Yenə 23 fevraldır... Bəlkə, Rəşid? »