wrapper

Azərbaycanlı futbolsevərlər Marko Aureliyonu yaxşı xatırlayır. 2001-ci ildə Türkiyədəki karyerasına start verən braziliyalı "Trabzonspor"da çıxış etdikdən sonra "Fənərbaxça"ya üz tutumuşdu. Markonun qardaş ölkədə 5 il yaşadıqdan sonra, aidiyyatı qurumlara müraciət edərək, Türkiyə vətəndaşlığını qəbul etdi. Daha sonra o, Mehmet oldu və Türkiyə millisində çıxış etməyə başladı. 2006-cı ildən 2011-ci ilədək "ay-ulduzlu" formanı geyinən Mehmet, 34 qarşılaşmada iştirak etdi və iki qol vurmağı da bacardı. Hazırda isə "Sakaryaspor"da məşqçi kimi fəaliyyət göstərir.

Yaxşı yadımdadı, o vaxt Aurelionun Fatih Terim tərəfindən milliyə cəlb edilməsi heç də birmənalı qarşılanmamışdı. Media başda olmaqla, mütəxəssislərin əksəriyyəti bunu doğru qəbul etmirdi. "80 milyon əhalisi olan ölkədə futbolçu tapılmadı ki, Markonun Mehmet olmasına ehtiyac duyuldu?" deyə, etiraz edirdilər. Amma zamanla çoxları bununla barışdı, dayaq yarmmüdafiəçi mövqeyində olan problem Mehmetlə öz həllini müvəqqəti olaraq tapdı.

İndi isə daha bir braziliyalı öz ölkəsinin millisində yox, başqa bir diyarın yığmasının şərəfini qorumaq üzrədi. Söszsüz ki, söhbət Aurelionun həmvətənlisi Riçard Almeydadan gedir. "Sambaçı" artıq AFFA-nın baş katibi Elxan Məmmədovla görüşüb və yığmamızda çıxış etmək üçün razılığını verib. Onun milliləşdirilməsi üçün prosedur başlayıb və yəqin ki, bu məsələ ən qısa zamanda həll olunacaq.

Amma bu, bizdə də birmənalı qarşılanmır. Riçardın millimizdə çıxış etməsinə qarşı olanlar da var. Yenə eyni fikirlər səsləndirilir, yenə eyni məsələlər müzakirə olunur. Uşaq futbolunun yox dərəcəsində olması məsələsi qabardılır, bunu Azərbaycan futbolunun bədbəxtliyi adlandırırlar. Eləsi də var deyi ki, "Riçardın əlinə silah verib, onu Qarabağa göndərmək lazımdı"...

Gəlin qəbul edək ki, Riçard pullu əsgər deyil. O, Azərbaycana nə Qarabağ problemini həll etmək, nə də itirilmiş torpaqları azad etmək üçün gəlib. Onun işi futbol oynamaqdı və bunu "Qarabağ"da layiqincə bacarır. Ağdam klubunda çıxış etdiyi 5 il ərzində komandasının düşünən beyni olduğunu isbatlayan Riçardın yığmada oynamaq şansı varsa, məsələ ilə məşğul olan şəxsləri baltalamalı deyil, əksinə dəstəkləməliyik.

Düzdü, mən də millimizdə damarında azərbaycanlı qanı daşıyan futbolçuların oynamasının tərəfdarıyam. Amma nə qədər acı olsa da, reallıqlarla bəzən barışmaq lazımdı. Seçim imkanımız geniş deyil. Biz digər futbolu inkişaf etmiş ölkələr kimi üst səviyyəli çempionatlarda çıxış edən futbolçulara da malik deyilik. Bir nömrəli qapıçımız Portuqaliyada ehtiyata düşüb, hücumçumuz isə "Trabzonspor"da forma şansı qazanmadığı üçün "Jilina"ya üz tutub.

Belə durumda Rober Prosineçki "Bəy verən atın dişinə baxmazlar" deyən ataların qadasını almasın, neyləsin? Millidə oynamaq gücündə olan futbolçu yetişdirə bilmiriksə, bu, xorvatiyalı mütəxəssisin problemi deyil. Və onun üzərinə düşən müvəqqəti olaraq problemlərə çözüm tapmaqdı. Nəzərə alaq ki, biz Dağıstan, Rusiya, İran və ya Almaniyanın həvəskarla liqasında çıxış edən futbolçudan yox, haqqında "rahatlıqla İngiltərə Premyer Liqasında oynayar" deyilən futbolçudan bəhs edirik.

Vaxtı ilə Dmitri Nazarovun da milliləşdirilməsinə qarşı çıxmışdıq. Hətta futbolçunun özü də çaşıb, Azərbyaycanla heç bir bağlılığı olmadığını söyləmişdi. Bundan sonra etirazlar pik həddə çatmışdı. Amma yarımmüdafiəçi yığmamızın heyətində qol vuranda, sevincimizdən ayağa qalxıb, bütün söz-söhbətləri unutmuşduq. Zamanla qəbul etdik ki, milliləşənlər içində ən faydalısı olan Nazarov, Berti Fqtsun 6 ilə Azərbaycan futboluna verdiyi ən böyük fayda idi. 

İndi isə Riçard Almeyda... Bəlkə, Rəşid?

EMİN SƏFƏROV

Son redaktə Çərşənbə axşamı, 28 Fevral 2017