wrapper

Marşrutdan düşüb "Azərsun Arena"ya tərəf gedəndə arxadan bir uşaq səsləndi: "Əmi, sən də futbola gedirsən?"

Gülümsəyərək, "hə, qaqa" cavabını verdim. Və ardınca "kimin tərəfindəsən?", "futbolçusan?", "kim udacaq?", "Messi, yoxsa Ronaldo?", "Qalatasaray", yoxsa "Fənərbaxça?" kimi sualların davamı gəldi. Özünü müstəntiq kimi aparan azyaşlının bütün suallarını cavablandırdıqdan sonra, birini də mən verdim: "Hansı futbolçunu bəyənirsən?"

"Skarlatake" cavabını verən uşaq, üzümdə təbəssüm yaratdı. Çünki həmin gün biz stadiona "Qarabağ" - "Zirə" matçını izləmək üçün addımlayırdıq.

Təbii ki, həmin çocuğun Ağdam klubunun bütün futbolçularının forma nömrələrinə qədər əzbərləməsi üçün zamana ehtiyac var. O uşaq ya böyüyüb ən ultras azarkeşə çevriləcək, ya da dost-tanışlarına "balaca vaxtı biz də stadiona, "Qarabağ"ın oyunlarına gedirdik" deyəcək. Bizim cəmiyyətdə ikinci variant daha real görünür. Çünki bizdə futbola sevgi atadan oğula yox, oğuldan ataya keçən cinsdəndir...

Qəti danışmaq istəmirəm. Nə bilim, bəlkə nə vaxtsa bizdə də azarkeşlik ən pik həddə çatacaq. Hər çempionat oyununda tribunalar dolacaq. Bəlkə də futbolumuzda rəqabət o həddə çatacaq ki, "Qarabağ" fanatı olan oğlan, "Qəbələ"ni dəstəkləyən qıza olan sevgisindən rəqib olduqlarına görə imtina edəcək. Və ya əksinə...

Amma indiki reallıq gələcəkdə azruladığımız azarkeşliyi görəcəyimizlə bağlı nikbin düşünməyimizə imkan vermir. Çünki bizdə azarkeşlik bəzən kortəbii alınır. Və ən pisi odur ki, klub fanatlarının yaş həddi çox deyil. Ən azından tribunalara nəzər yetirəndə, 35-40 yaşlı kişinin maykasını çıxardıb, "Qarabağ", "Qəbələ" və ya "Neftçi" deyə, qışqırmadığı üçün belə düşünürəm. Həmin yaşda olanların azarkeşliyi ən yaxşı halda tribunanın sakit bir yerində oturub, tumunu çırtlamaq, arada da hakimin ünvanına "ə, adam kişi olar", "sudya na mılo" deməkdən ibarətdi. Vəssalam!

Nəticədə meydan azyaşlılara qalır. Onlar üçün isə baş məşqçinin meydana hansı taktika ilə çıxdığı, rəqibin hansı sxemlə oynadığı maraqlı deyil. İtkilər də, cəzalılar da, zədəlilər də onları maraqlandırmır. Fanatları maraqlandıran bir şey varsa, o da yalnız qələbədir. 

Bu da olmayanda etirazlar başlayır. Elə ardıcıl 3 il çempionluğa, "qızıl dubl"lara imza atmasına, avrokuboklarda uğurlu çıxış etməsinə baxmayaraq, "Qarabağ"ın son iki oyunda məğlub olması ilə ağdamlı fanatların barışmadığı kimi...

"Qarabağ"ın "Qəbələ"nin ardınca "İnter"ə də məğlub olmasından sonra etiraz etdilər ki, "adam kimi oynayın"...

Bundan ən çox qəzəblənən isə kapitan Rəşad Sadıqov oldu. Əvvəlcə "İmarət"in üzvləri ilə danışıb, gərginliyi aradan qaldıran təcrübəli futbolçu, paltardəyişmə otağına gedərkən bir anlıq ayaq saxladı. 13-14 yaşlı azarkeş Rəşada baxaraq, yenə eyni sözü təkrarladı: "Adam kimi oynayın da"...

Bəlkə də həmin uşaq Rəşadın oğlu yaşında idi. Uzun illərdi "Qarabağ"ın uğurları üçün tər tökən, fədəkarlıq edən kapitan, buna görə də həmin sözləri həzm edə bilmədi. Adamın zədəli-zədəli meydana çıxdığı vaxtlar uzaq keçmiş də deyil ki, unutmuş olaq. Məgər, "Fiorentina" ilə Bakıdakı matçı unutduqmu? İki məğlubiyyətdən sonra hər kəsin "əsl kapitan belə olar" dediyi sözləri gerimi götürdünüz?  

Halbuki, azarkeşlər ən ağır, ən çətin günlərin dostudur. Bilirəm ki, "İmarət" başda olmaqla, "Qarabağ"ın yetərincə sona qədər komandasını dəstəkləyən azarkeşləri var. Ağdam klubu diviziona mübarizə aparsa belə, "Göyəzən"lə, "Energetik"lə səfər matçlarına gedəcək fanataları da tanıyıram.

Amma bəzən hisslərə hakim olub, səbrli davranmaq lazımdı. Komanda çemionluq uğruna mübarizəni davam etdirir və birinci pillədə qərarlaşan "Qəbələ"dən yalnız 1 xal geridə qalır. Qarşıda isə hələ 8 oyun var. Komandasının finişə birinci çatmasını arzulayan azarkeş onu psixoloji təzyiq yox, dəstək göstərməlidir. Çünki nəticələri bəzən meydandakı futbolçular yox, tribunadakı azarkeşlər qazanır. Boşuna sizə "12-ci oyunçu" deməyiblər ki...

Deyirlər ki, Azərbaycanda hansısa bir zirvəyə çatmaq üçün adamın olmalıdır. Sizin ki, haqqında "adam kimi adam" dediyiniz futbolçularınız var axı...

EMİN SƏFƏROV

Son redaktə Çərşənbə, 01 Mart 2017