wrapper

Adamın ağ tükünün olmağı yaxşı şeydir. Yoxsa, hara ayaq basıramsa, 2 ay keçmir ya orda böhran başlayır, ya da ixtisarlar. O lətifə var e, bala qarğa anasına deyirmiş yuvamız zibillidir, ana da qayıdb ki, o ... ki, bizdə var hara getsək, batıracağıq. 

İndi mən də oturmuşam ofisin bir küncündə, üzümü göyə tutub dua edirəm ki, Ay Allah, mənə Şahrudin Məhəmmədəliyevin, Arif Daşdəmirovun bəxtindən ver. Dağıstanın hansısa aulunda doğulasan, düz əməlli təhsil görməyəsən, ayağın normal top tutmaya, amma milli komanda məşqçilərinin sevimlisinə çeviriləsən. Futbol fəlsəfəsi deyilən şey, Məhəmmədəliyev və Daşdəmirov kimi futbolçuların yığmaya çağırılmağıdırsa, qoy elə biz “tupoy” qalaq, bilməyək o fəlsəfəni. Bir futbolçu ki, (oxu Daşdəmirov) qış fasiləsindən sonra 1 dəqiqə belə meydanda olmayıb. Daşdəmirovun nəyi və harası Prosineçkinin xoş gəlib ki, onu Qətərə aparır? Sürəti? Xeyr, 30 yaşlı Daşdəmirov özünü topa zornan çatdırır. Müdafiədə etibarlı oyunu? Xeyr, Daşdəmirovu təkbətək mübarizələrdə keçmək su içmək kimi asandır. Bəs nəyi? Bəlkə onun yığmada olmasından pul qazanırlar, ciblərini doldururlar? Xeyr, xeyr ərz edim ki, Robert bəy pulgir adam deyil.  Nəhayət bəs nəyi? Bax, bu sualın cavabını düzü mən də bilmirəm. 

Şahrudin Məhəmmədəliyev vaxt vardı “Sumqayıt”ın normal nəticələr qazanmasına mane olurdu. Komanda oynayırdı, döyüşürdü, xal qazanmağa yaxın ikən qapıçı elə səhv edirdi ki, Sumqayıt azarkeşlərinin ah-naləsi Coratdakı qutabxanalara gedib çatırdı. Vaxtilə “Qarabağ” Məhəmmədəliyevi də transfer edəndə heç kim bu məsələyə doğru-dürüst izah verə bilmədi. Niyə, hansı keyfiyyətlərinə görə? Bəlkə sifariş gəlmişdi. Həə, belə fikirlər çox səslənir, təəssüf ki, əlimizdə bununla bağlı sübut yoxdur. Dəvətlər isə gəlməkdədir, bu gün Qətərlə oyuna, bir neçə gündən sonra da yəqin ki, Almaniyayla matça. 

Foqtsa olan nifrət yavaş-yavaş Prosineçkiyə keçir. Bu isə heç yaxşı hal deyil. Millinin məşqçisinin nüfuzu olmalıdır, hamı ona inanmalıdır. Belə getsə, deyəsən, ənənəvi cavabı eşidəcəyik: “Deyirsiz indi Prosineçkini qavalıyax?” 

Mən də sabahdan həyat fəlsəfəmi dəyişmək istəyirəm.  Şəhərin mərkəzində evim olsun, bahalı avtomobilim, hər gün 5 ulduzlu otellərin restoranlarında axşam yeməyinə gedim, həftəsonunu “Jumeirah”-da keçirim. “Niyə də yox?” deyə-deyə xəyalımda “Jumeirah”ıın “kayfı”nı tuturdum ki, ofisin qapısı döyüldü və 1 manat 50 qəpiklik dönərim gəldi. 

Ağ tük doğrudan yaxşı şey imiş.

BABƏK

Son redaktə Cümə, 03 Mart 2017
Bu kateqoriyalar haqqda daha çox « Adamın adamı... Xəyalların teatrı »