wrapper

Theatre of Dreams – Xəyalların teatrı. “Uembli”dən sonra Britaniyanın ən böyük stadionu. 

O gün Avropa Liqasının 1/8 final mərhələsinin ən maraqlı oyunlarından biri “Old Trafford”da keçirilirdi. Aydın məsələdir ki, “Rostov”  heyət baxımından və büdcəyə görə “Mançester Yunayted”in heç yanından keçə bilməz. Amma ağsaqqalı Kurban Berdıyev olan komanda istənilən rəqibə müqavimət göstərəcək gücdədir. Nə isə, sözüm onda deyil. Həmin gecə Henrik Mxitaryanla Xoren Bayramyan bu möhtəşəm stadionda bir-birinə qarşı oynayırdılar. Yaddaşım məni aldatmırsa, indiyə qədər “Old Trafford”a azərbaycanlı futbolçunun ayağı dəyməyib. 

“Rostov”un yarımmüdafiəçisi Bayramyan 1992-ci ildə Ermənistanın Azərbaycanla sərhəd olan Novemberyan rayonunda anadan olub. Müharibənin qızğın vaxtında ailəsi ilə birgə Rostova köçüb.  Heç bilirsiniz, Xoren “Rostov”un uşaq komandasında kimlərlə oynayıb? Ölkəmizdə böyük həvəslə milliləşdirilmiş Mirzağa Hüseynpur və Məhəmməd Qurbanovla. Bayramyan “Old Trafford”a fəxrlə ayaq basdığı vaxt  Qurbanov Gəncədə mehmanxanada keçmiş komanda yoldaşının oyununa baxırdı. Hüseynpurun isə belə imkanı olmadı. “Səbail”in yarımmüdafiəçisi uduzduqları matçdan sonra dilxor halda avtobusla Ağsudan qayıdırdı. Kimin əvvəli, kimin axırı. Şakir Şəkərov demişkən, nə günlərə qaldım ki, indi məni düddülü ilə təbrik edirlər”.    

2020-ci ilin Avropa çempionatının 4 oyununu qəbul edəcək, Çempionlar Liqası və Avroliqanın finalını keçirmək istəyən ölkədə düz-əməlli 16 futbolçu tapılmır. Hər gün AZTV-nin “Xəbərlər”ində baxıb güldüyümüz RAF-lar və PAZ-lar ölkəsi Ermənistanın legionerləri İngiltərə, Rusiya, Ukrayna klublarında çıxış edirlər. Əslində bizim də Portuqaliyada futbolçumuz var. Özü də ikisi birdən.  Kamran Ağayev 2 ay əvvəl  “Benfika” ilə oyunda dava saldıqdan sonra qapıya həsrətdir. Arada bekarçılıqdan “trenajor”da velosiped sürə-sürə Azərbaycan mahnısı oxuyaraq, vətən həsrətini “gidərir”.  Emin Mahmudov oxumasa da, o da bekardır. Bir az bacarıqlı olsa, Doru çayının kənarında balıq restoranı açıb adını da “Land of fire” qoysa, babat müştəri tuta bilər.  

İşıqlar ölkəsinin iki klubu – “Rəvan” və “Şərurspor” dünən əbədi qaranlığa qərq oldu. Əslində təkcə bu iki komandanın işığını söndürmədilər, Çindəki “rubilnik”i aşağı salmaqla başda oturan bir çoxlarının kefinə soğan doğradılar. Amma bununla alver bitdimi? Bu sualın cavabı da o iki klubun taleyi kimi qaranlıqdır. 

AYXAN

P.S. Taleyin ironiyasına bax. “Şərurspor”a cəza verilən vaxt klubun prezidenti Sərdar Bağırov azadlığa çıxdı.

Son redaktə Şənbə, 18 Mart 2017
Bu kateqoriyalar haqqda daha çox « Ağ tük və ya bala qarğa