wrapper

 

Robert Prosineçkinin Kamran Ağayevə olan münasibəti... Bu, azərbaycanlı gəncin evlənmək yaşına çatanda xalası qızına anidən vurulmasından heç nə fərqlənmir.

Belə məqamlarda avtomatik olaraq xala qızının avtobioqrafiyası gözdən keçirilir. Təhsilsizdi? Əşşi, eybi yox, amma yaxşı yemək bişirir. Küçəyə-bayıra çıxan deyil, bütün günü evdədi, əsl ərinin köynəyini qutu kimi ütüləyəcək qızdı və s. Vacib olan da elə budur.

Çünki məcburiyyət qarşısında seçilən xala qızı toyun sabahı günü evə gec gələn ərindən bu vaxta qədər harada olduğunu soruşmayacaq. Telefonda kiminlə yazışdığınının, hesabatını aparmayacaq. Və soruşmayacaq ki, telefonundakı "Mamed" adının altında gizlənən "Seva" kimdi...

Belə düşüncənin olduğu ölkədə Kamran Ağayev olmağa nə var ki? Gedərəm Portuqaliyaya, günü-günə calayaram, "Boavişta"da adım heç "18-liy"ə salınmaz, axırda da gəlib Almaniya ilə oyunda meydana start heyətdə çıxaram. 4 dənə qol buraxaram, sonra da "6-7 qol buraxacaqlar" deyənlər hardadı?" deyə, lotu-lotu açıqlama verərəm.

Adamda qocalanda 1500-2000 avro pensiya alacaq avropalının rahatlığı var. Çünki əvəzolunmaz olduğuna da, Kamran o ola-ola məşqiçilərin Aqil Məmmədovla Anar Nəzirova şans verməyəcəyinə də adı kimi əmindi. Bax buna görə də, biz almanlara təkcə hesabda uduzmadıq.

Noyer şəxsi işinə görə milliyə gələ bilmirsə, onu əvəzləyəcək Mark-Andre ter Stegen var. O da olmayanda ötən günkü qarşılaşmada meydana çıxan Bernd Leno və digər milli səviyyəsində olan alman qolkiperlər. Ən əsası onlara rəqabət var. Amma bizdə...

Əlimizi Allaha uzadıb gecə-gündüz Şahruddin Məhhəmmədliyevin gələcəyinin parlaq olması üçün dua edirik. Yer kökündən yeməsini məsləhət bilirik ki, 21 yaşlı qapıçının boyu çıxsın. Çıxmasa, bizim ah-naləmizin səsi Allahdan da yuxarı zirvə varsa, ora çıxacaq.

Sözsüz ki, bütün bunlar Robert Prosineçkini problemi deyil. Bu gün Azərbaycanda uşaq futbolunun hansı səviyyədə olduğu baş məşqçinin 14-15 yaşlı oyunçuya "taxtabaş" deməsindən açıq-aşkar görünür. Buna görə də özümüzü aldatmağın, hər dəfə "Niyə də yox?!" deməyin heç bir mənası yoxdu. Əslində, bu axmaqlıdan başqa bir şey deyil. Çünki biz indi də, növbəti illərdə də Məhəmməd Mirzəbəyovun, Pavel Paşayevin ümidinə qalacağıq. 

Belə olan halda isə bizim çox şeyimiz dünənki sevincimiz qədər 5 dəqiqəlikdi. İşıqforun "qırmızı"sında keçmisən, başının üstünü polis kəsdirib? Bunu 5 dəqiqəyə həll etməyə nə var? Yaxşı maaşlı işə düzəlmək üçün sağlamlıq haqda arayışa ehtiyacın var, amma xəstəsən? Düşündüyün şeyə bax. İmtahandan "iki" alıb, kəsilmisən? 5 dəqiqəyə "beş"in qiymət kitabçandadı. Çünki bura 5 dəqiqəlik ölkədi.

EMİN SƏFƏROV

 

Son redaktə Bazar ertəsi, 27 Mart 2017