wrapper

Bu gün Müşahidə Şurasında təkcə rəhmətlik İlhamə Quliyevanın çatışmadığı "Neftçi"də Çingiz Abdullayevin sədr kimi fəaliyyətə başlamasının iki ili tamam olur.

2 il bundan əvvəl hər kəs təəccüb içində idi. Xalq yazıçısının sədr kimi fəaliyyətə başlamamasına qədər klubun vitse-prezidenti Tahir Süleymanov istefa vermiş, onu yalnız futbol sözünün mənasını bilən Elnur Məmmədov əvəzləmişdi. Kluba çempionluqlar, kuboklar, Azərbaycan futbolu tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandıran Sadıq Sadıqov isə çoxdan gözdən çıxarılmış, səlahiyyətlərini itirmişdi.

Nəhayət, hər kəsin mırtlaşdığı, məzə ilə qarşıladığı təyinat Dövlət Neft Şirkətinin binasında rəsmiləşdi. Budur, dedektiv yazar artıq klubun rəhbəridi!

Şirkət binasına toplaşan cənablar onda pafoslu çıxışları ilə ictimaiyyətə "Biz gəlirik" mesajını vermişdilər. Deyilənə görə, "Neftçi" dəyişməliydi. Deyilənə görə, "Xalq komandası" Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmalı idi. Deyilənə görə, stadionlarda azarkeş əlindən yer tapılmayacaqdı. Deyilənə görə, marketinq işləri o səviyyəyə çatdırılacaqdı ki, klubun artıq neft pullarına ehtiyacı qalmayacaqdı.

"Neftçi" artıq ziyalı kluba çevrilmişdi. Klubun məşqlərində Çingiz Abdullayev yazılarından bəhs edir, Fərhad Bədəlbəyli piano çalır, Bəhram Bağırzadə lətifələr danışır, Elnur Məmmədov da futbolçulara nəzakət qaydalarını başa salırdı ki, "Araz, mama canı sən topla pis rəftar edirsən"...

Kişi kimi, verdikləri söz doğru çıxdı. "Neftçi" tamamı ilə dəyişdi. İnsan üzərində edilməsi təhlükəli olan təcrübələr "Neftçi" üzərində aparıldı. Sonda biz ölkənin ən köklü klubunu tanınmaz hala salındığı gördük. Komanda çempionluq iddiasında tamamı ilə əlini üzdü, autsayderə çevrildi. Ən ləkəli məğlubiyyəti də məhz bunların dönəmində aldı "Neftçi". Bütün bunlar cibin dolu, başın futbol baxımından boş olmasının nəticəsi idi.

Vəziyyət getdikcə qəlizləşirdi. Hər oyunda söyülən klub rəhbərliyi dəyişikliyə ehtiyacın olduğunu gec də olsa anladı. Baş məşqçi Vəli Qasımov rəzil gününə salındı. Xəstəxanaya düşdüyü deyilən baş məşqçinin "Güvən" klinikasında yatağına belə rast gəlinmədi. Xalq yazıçısı, dövlət dairəsində nüfuzu olan Çingiz Abdullayev, nəvəsi yaşda jurnalistlə Qasmovun xəstəxanada olub-olmamasına dair mərcə girəcək səviyyəyə düşdü. Nəticədə yatıb yuxusunda görməyəcəyi posta təyin olunan icraçı direktor Elnur Məmmədov "Neftçi"dən qovuldu. Futbol sahəsində hörmətsiz olan Məmmədov indi voleybolun "inkişafı" üçün nağıllar uydurmaqla məşğuldu.

Və bundan sonra "Neftçi" üzərində daha bir təcrübənin aparılmasının zamanı yetişdi. Futbolu bilənlər kənarda qala-qala klub oğluna "q..bə" sözünü əzbərlədən Elnur Eyvazov kimilərə tapşırıldı. Çingiz Abdullayevin vəzifəsi formal oldu, işləri Orxan Hüseynzadə devr aldı.

Nəticə isə göz qabağındadı. Bu gün xərclənən milyonlarla neft pullarına baxmayaraq, klub diviziona yuvarlanmaqdan canını zorla qurtarıb. Nə çempionluğa iddia var, nə də başqa bir şeyə. Hər qələbə böyük sevinclə qarşılanır, "Sumqayıt", AZAL, "Zirə" kimi klublara məğlubiyyət isə əvvəlki kimi şok effekti yaratmır.

Bu, 80 illik yubileyini qeyd edən "Neftçi"nin başına gətirilən ən böyük soyqırımdı! Bunlar üçün yalnız özləri var. Kənardakı şəxslər, vaxtı ilə "Neftçi"nin uğurları üçün çalışmış bəyəfəndilər isə bunların gözündə düşməndi. Çünki ötən gün 80 illik yubileylə əlaqədar təşkil olunan ziyafətə bir zamanlar "Neftçi"nin tarixi uğurlarının bir parçası olmuş Tahir Süleymanovun, Gündüz Abbaszadənin, Güloğlan Cabbarovun və adını unutduğum digər şəxslərin dəvət edilməməsini başqa izahı yoxdu.

Sabiqlərin etdiyinin 0,0001 faizini bacarmayan indikilər, vəzifələrinin daimi olduğunu düşünürlər. Düşünmürlər ki, vaxt gələcək edilən bu tərbiyəsizlik onlara baha başa gələcək. İndi sizə təhkim olunmuş rahat maşınlarda gəzə, komfortlu kreslolarda əyləşə, yaxşı maaş ala, klub hesabına şəxsi biznesinizi genişləndirə bilərsiniz. Amma bu, bir zamana qədərdi. Bir müddət sonra  sizin də rus dilində danışan, "mama canı" deyənlərlə əvəz olunma vaxtınız çatacaq. Sadıq Sadıqova qalmayan "Neftçi", sizəmi qalacaq? 

Özünü görməmiş kimi aparanlar, yubileyin işıqlandırılması üçün heç jurnalistlərə də dəvət göndərmədi. Sanki, qələm əhli bunların boşqabındakı yeməyi əkişdirib, bir kənarda yeyəcəkdi. Vallah, sizin hansı ağıla qulluq elədiyiniz  heç elm aləminə bəlli deyil. Kimlər ki, sizə medianı səhv tanıdıb, ona deyin ki, idman jurnalistikasının qarda, boranda, soyuqda stadionlara axışan, sizin mənasız işlərinizi işıqlandıran nümayəndəsi, "Neftçi" rəhbərliyinin ən başda oturan şəxsindən daha mərd, daha cəsurdu!

P.S. "Neftçi" rəhbərliyi avrokuboklara gedən yolun kubokdan keçdiyini düşünürdü. "Qarabağ" isə sonuncu dəfə meydana nə vaxt çıxdığını unudan Elvin Yunuszadə, Arif Daşdəmirov, Şahruddin Məhəmmədəliyev, Elşən Abdullayevlə başa saldı ki, ay "Neftçi" rəhbərliyi siz səhv yoldasız, sizinki axırıncı yoldu...

EMIN SƏFƏROV

Son redaktə Cümə, 31 Mart 2017