wrapper

Ot örtüyündə topun oriental oynadığı Gəncə şəhər stadionun darvazasına çatanda qarşımızı kəsən polislə dialoqumuz maraqlı alındı:
 
- Kimsiz, haradan gəlmisiz?
- Jurnalistlərdi, Bakıdan...
- "Neftçi"nin jurnalistləri?
 
Cənab mayorun ciddi sualına Peşəkar Futbol Liqasının mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev yumoristik cavab verdi: "O, əvvəllər idi. Reklam pulu kəsiləndən sonra hamı müstəqildi".
 
Səfər üçün bizə ayrılan avtobusun salonununa göz gəzdirdim. Gördüm ki, PFL və "Topaz"ın birgə layihəsi çərçivəsində Gəncəyə istirahət günündə şirin yuxudan imtina edib səfərə yollananların 95 faizi "Neftçi" rəhbərliyi üçün samballı olmayan saytların əməkdaşlarıdı. Onlar az sonra Gəncə şəhərinin icra başçısı Elmar Vəliyevin "Neftçi"nin rəsmilərini aşağılamasından, təhqir etməsindən, yer aldıqları tribunadan qovulmasından yazacaqdı...
 
Yolda ikən Gəncə futbolunun yetirməsi Şəhriyar Xəlilovun 25 yaşında vaxtsız ölüm xəbəri bizim üçün sarsıdıcı oldu. Belə anlarda insan oxuduğuna, eşitdiklərinə inanmaq istəmir. Amma ölümdü, bunun yaşı yoxdu. Və nə yazıq ki, ölüm fərmandı, qollamaq olmur. Allah həm Şəhriyara rəhmət eləsin, həm də ölümün anasını öldürsün!
 
Korlanan kefimiz isə stadionda təcavüzə məruz qaldı. O, yenə gəlmişdi. İcra başçısının xüsusi adamı, hər an təxribat yaratmaq potensialına sahib olan, ötən dəfə media tribunasına yaxınlaşıb, "mən burda anqırajammm" deyən azarkeş... Bu dəfə isə jurnalistlərə "xoş gəlmisiniz" demək əvəzinə "salto vuracam" söyləməklə həyəcan təbilini çalmış oldu. Az sonra təxribatçı azarkeşin Allah hesab etdiyi icra başçısı Elmar Vəliyev stadiona təşrif buyurdu.
 
Buna qədər isə hər şey öz qaydasındadı gedirdi. Di gəl ki, "Kəpəz"in qolunun gecikməsi icra başçısısını özündən çıxardı. Bundan sonra "Gəncənin Allahı" əyləşdiyi VİP lojadan (ora əgər VİP demək olarsa) media tribunasında oturan azarkeşlərə "qışqırın!" əmrini verdi. Maraqlıdı ki, o, eyni sektorda oyunu izləyən "Neftçi" rəsmilərinin də "Kəpəz"i dəstəkləməyə çağırdı. Anormal haldan təəccüblənən bakılılar susunca, aləm bir-birinə dəydi.
 
Nəticədə başçı qonaqpərvərliyi unudaraq, polisə "bunları burdan rədd edin!" tapşırığını verdi. Deyəsən, "Neftçi" rəsmiləri kimi, polis əməkdaşları da şokda idi. Klubun icraçı direktoru Orxan Hüseynzadənin müavini Elnur Eyvazov nəyin baş verdiyini anlamaq üçün başını VİP lojadan çıxarmaq istəyəndə icra başçısının qəzəbinə tuş gəldi. Elmar Vəliyev Eyvazova dediklərinin mədəni formada sizə çatdırırıq: "Nə baxırsan, ə? Dur sinifdən çıx!"
 
"Gəncə Allahı"nın əməllərindən daha öncədən xəbərdar, ona bələd olan qonaqlar səssiz-səmirsiz protokol qaydalarına əsasən onlar üçün ayrılmış sektoru tərk edib, Bakıdan gələn azarkeşlərinin yanına yollandı. Ardınca isə etiraz əlaməti olaraq icraçı direktor Orxan Hüseynzadə ilə Elnur Eyvazov da eyni addımı atdı. Bu, "xalq komandası" olan "Neftçi"ni ən sərt şəkildə təhqir etmək, onu aşağılamaq idi. Bu rəzalətə ad tapmaq ailənin yeni dünyaya gələn 9-cu qız uşağına ad tapmasından da çətindi. "Bu biabırçılığa son vermək lazımdır" demək isə Gəncədə mümkünsüzdü. Kimi kimə şikayət edəsən axı? Etiraz etmək də olmur. Etsən, ən yaxşı halda xəstəxanalıq olub, 1 ay reanimasiyada yatmaqla canını qurtara bilərsən. Ki, bu "xoşbəxtlik" hər adama qismət olmur.
 
Az sonra "Neftçi" rəsmilərinin matçı ayaq üstə izlədiyi azarkeş tribunasına yollandım. Ancaq nə qədər çalışsam da, onlar mövcud biabırçılığa şərh vermək istəmədi. Görünür, gəncəli balası Elnur Eyvazov icra başçısının həyat və yaradıcılığı barədə qısa zaman kəsiyində klubdakı dostlarına məlumat verməyi bacarmışdı. Bu "qonaqpərvərliyin" Bakıda cavabı olacamı? Çətin... Çünki klubda indi çalışanlarda o cəsarət yoxdu. Ən azından oyunun gedişində və ya sonrasında klubun rəsmi "facebook" səhifəsində "Qonaq tanrı adamıdır" statusunu paylaşmaqla Elmar Vəliyevə mədəni şəkildə cavab vermək olardı.
 
Ancaq onlar susmağa üstünlük verdilər. Bu susqunluq isə "Neftçi"nin mövsümdəki 10-cu məğlubiyyətindən də betərdi. "Betərin betəri var" deyiblər. Görəsən, növbəti Gəncə səfərində daha hansı biabırçılıqlar yaşanacaq? Lap Vanqa da olsan, bu suala cavab tapa bilmərsən. Çünki "Gəncə Allahı"nın hər an nə qərar verəcəyini əvvəllcədən təxmin etmək mümkün deyil. Belə olan halda, biz jurnalistlərin həyatı üçün də təhlükə yaranır.
 
Baxmayaraq ki, ötən gün təhlükənin fərqinə vararaq, hər şeyi olduğu kimi, tam obyektiv şəkildə işıqlandırmağı, ictimaiyyətə təqdim etməyi bacardıq. Ancaq bu, bizi mələklər qoruyur anlamına gəlmir. Hər halda biz də "Neftçi" rəsmiləri kimi şanslı deyilik. Onlar qonaq sektorundan qovulandan sonra ən azından azarkeşlərinin yanına getdi. Elnur Eyvazov Orxan Hüseynzadəyə matçın ikinci hissəsin avtobusda baxmağı təklif etdi. Bəs, biz qara fəhlələr nə etsin? Hara getsin?
 
Oyundan öncə Gəncədən millət vəkili seçilən Naqif Həmzəyevlə qarşılaşdım. "Kəpəz"in Müşahidə Şurasının sədri Elmir Vəliyevlə bağlı yazdığım yazıdan sonra mənə millət vəkili kimi yox, icra başçısının mətbuat xidmətinin rəhbəri kimi zəng vuran Həmzəyev, bəndənizlə salamlaşdıqdan sonra hal-əhval tutdu. Daha sonra əvvəlki iş yerimi tərk etdiyimdən, artıq Futbol11.az-da çalışdığımdan xəbərdar olduğunu söylədi. Son sözü isə bu oldu: "Nə qulluq?"
 
Yəqin ki, Həmzəyev qonaqpərvər olduğu üçün mənə bu sualı vermişdi. Təbii ki, cavabında "can sağlığı" söyləməliydim və belə də etdim. Amma 90 dəqiqə ərzində gördüm ki, Həmzəyevin qonaqpərvərlik nümunəsi kimi nəzərdə tutduğu "qulluq" bəziləri üçün sadəcə və sadəcə, "Gəncə Allahı"na QUL olmaqdan ibarətdi. Şah sağ olsun, QUL sizə nə QULluq etsin! 
 
Elmar Vəliyevin bundan əvvəl "Kəpəz" - "Qarabağ" matçındakı davranışlarını nəzərə alaraq, ona "Gəncənin "tanrı"sı" yazısını həsr etmişdim. Adam yenə öz statusunu qoruyur. Buna görə də yazının başlığını dəyişmək istəmirəm. Bu da olsun "Gəncənin "Allahı" -2"... 
 
EMİN SƏFƏROV, BAKI - GƏNCƏ- BAKI

 

Son redaktə Çərşənbə axşamı, 29 Noyabr 2016
Bu kateqoriyalar haqqda daha çox Zorakılığa hə?! »