wrapper

Dollar, yoxsa manat? Hinduşka kababı, yoxsa içalat? Nizami küçəsi, yoxsa Əhmədli? “Merceders”, yoxsa “Changan”?

Aydın məsələdir ki, ağlı başında olan hər kəs birinci variantı seçər. Qarlı günlərdə “İnşaatçılar” metrosundan Yeni Yasamala yumbalanan uşaq kimi üzü aşağı gələn “manat” kimin nəyinə lazımdır? Və ya ayağı qara dəymiş hinduşkanı görən adam içalata yaxın gedər? 

And olsun Şəhriyar Del Geraninin it kimi darıxan baxışlarına, Del Pyeronun cərimə zərəsindən vurduğu qollara, del Potronun eyslərinə (tennisdə birbaşa servisdən qazanılan xallar) ki, Azərbaycan çempionatında bunun əksi baş verir. Məsələn, yağ-bal içində üzən, çempionatın istənilən vaxtı legionerləri gətirib-qovan, Müşahidə Şurasının üzvlərinin maaşı AZAL-ın ümumi  büdcəsindən çox olan- “Neftçi”, Tərlan Əhmədovun komandasına uduzdu. 

AZAL-ın vitse-prezidenti Fikrət Hüseynov deyəndə ki, Topaz Premyer Liqasında sonuncu yeri tutan komanda I dviziondan gələn 3-cü klubla qarşılaşsın, adamın sözünü məsxərəyə çevirmişdik.  İndi iş elə gətirib ki, “Neftçi” ilə AZAL-ı bir xal ayırır. Deyirsiz, yəni xalqın komandası, o taylı-bu taylı Azərbaycanın fəxri, ölkə futbolunun flaqmanı hansısa “üçüncü” ilə oynasın? Buna ürək dözər? İştah qalar adamda? Beyinə qan sızmasın, neynəsin? 

“Neftçi” bu dəqiqə Qazax stadionunun divarına yazılan “Azərbaycan idmanına eşq olsun” şüarına oxşayır. Stadion dağılır, oturacaqlar nəmişlikdən çürüyür, qazondan əsər-əlamət qalmayıb, amma o cümlə yağışın, qarın qabağında silinib getmir ki, getmir. “Neftçi” çempionatda 11-ci məğlubiyyətini aldı, qapısından 30-cu topu buraxdı. Vəziyyət acınacaqlıdır, amma Elxan Abdullayevindən tutmuş  Orxan Hüseynzadəsinə, Çingiz Abdullayevinə kimi hamısı “Azərbaycan idmanına eşq olsun” şüarı tək gələcəyə ümidlə baxırlar. İndi də Ramil Şeydayevin, Dmitri Nazarovun, Emin Mahmudovun qış fasiləsində paytaxt klubuna gələ biləcəyi söhbəti ortaya atılıb. Özünə hörmət edən futbolçu bu vəziyyətdə olan komandaya gələr? 

Türkiyə kubokunda qrup mərhələsinin 2-ci turunun oyunları geridə qalıb. Hətta İstanbulda belə hər kəsin tanımadığı “Amed Sportif Faliyetler” “Fənərbağça”dan xal alır, “Elazığspor”, “Ərzincanspor” kimi komandalar “Qalatasaray”ı büdrədir, “Gümüşhanespor” “Trabzonspor”u səfərdə məğlub edir. Bizdə isə az-çox “Zaqatala” “Qəbələ”yə müqavimət göstərə bildi. “Səbail”, “Qaradağ Lökbatan” və “Şahdağ”a bir oyunda 5 topu elə vurdular ki, heç ruhları da incimədi. Bu komandalar gəlir Premyer  Liqaya? Deyəsən, bu gedişlə AZAL-ın atasına rəhmət oxumalı olacağıq. 

Bir sözlə dostlar, vəziyyət xarabdır. Millət evdə oturub bilmir işıq pulunu yeni tariflə hesablasın, ya köhnə ilə. Necə eləsin ki, ayın 30-u işdən qayıdanda yüngülvari bazarlıqla qapını döysün. Mən də burda başlamışam I dvizion, “Neftçi”, AZAL… Heç hənanın yeri idi?!

Babək

Son redaktə Bazar, 18 Dekabr 2016