wrapper

Şənbə günü saat 18:30 radələrində Sumqayıtda hər kəs qəm dəryasına qərq olmuşdu. Oy, bağışlayın, Sumqayıt sözündə dırnaq işarəsi olmalı idi. Çünki 90+4-cü dəqiqədə buraxılan qol komanda və stadionda olan azarkeşlərə şok effekti yaratdı. 336 000 əhalisi olan şəhər həmin vaxt öz qayğıları ilə məşğul idi, ilk dəfə Sumqayıtın adının Avropada eşidilə biləcəyi heç kimin vecinə deyildi.

Bəli, “Sumqayıt” bu mövsüm başından yüksəyə tullandı, komanda heyət baxımından bütün rəqiblərdən geri qalsa da, sonadək döyüşdü, mübarizə apardı. Ancaq gəlin görək, Samir Abbasovun komandası şəhərdən, şəhər rəhbərliyindən bu dəstəyi gördümü?  Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovu bir dəfə də olsun arenada görməyiblər.  Əgər əvvəl o azarkeşlər arasında oturmağı özünə sığışdırmazdısa, indi stadionda VİP tribuna da var, kresloya rahat söykənib, kofedən içə-içə oyuna baxmaq mümkündür.

Biz demirik ki, İcra hakimi 90-nın sonları 2000-ci illərdəki kimi komandaya sponsorluq etsin, arada bir mükafat qoysun. Amma ən azı ayda-ildə bir dəfə stadiona gəlməklə hiss etdirmək olar ki, dalınızda dağ kimi durmasam da, burdayam. Gəncənin icra başçısı Elmar Vəliyev bütün ev oyunlarında stadionda olur. O başqa məsələ ki, “Kəpəz”in də pulunu AFFA verir və yerli idarə etmə orqanları yalnız təcili yadım, yanğınsöndürmə maşını kimi “çay-ləbləbi” məsələlərini həll edir.  Amma fakt budur ki, Vəliyev stadionda olanda “Kəpəz” tam fərqli motivasiya ilə oynayır. 

“Sumqayıt”ın Avropa Liqasına getməsi hələ çox tezdir. Oyun, heyət baxımından demirəm. Şəhər buna hazır deyil. Bazarın yanından üzü “Göyərçin”ə tərəf gəl, görüm “Sumqayıt” klubuna aid bir dənə reklam, billborda rast gəlrsən, ya yox?!  

Ümumiyyətlə, bu şəhərin futbol sarıdan heç vaxt bəxti gətirməyib. Bakının bir addımlığında olasan, normal komanda saxlamaq üçün hər cür təbii imkanlar ola və heç vaxt iddialı olmayasan. Böyük dərddir!

“Xəzər” 2 dəfə ölkə çempionatında gümüş medal qazansa da, həmin dövrdə Azərbaycan klubları hələ avrokuboklara buraxılmırdılar. Ondan sonrakı komandalar arasında isə ilk dəfə “Sumqayıt” bu il Avropaya getməyə bu dərəcədə yaxın oldu.

Məşhur “Yuxu” rok qrupu Sumqayıtda yaranıb, indi taksilərə bayağı meyxanaların əlindən minmək olmur. Mehdi Hüseynzadə adına stadiona da vaxt vardı 15000 azarkeş toplaşırdı, indi çox vaxt 1500 nəfərlik  “Kapital Bank Arena” boş qalır. İllər bizi dəyişdirir.

AYXAN

Son redaktə Bazar ertəsi, 17 Aprel 2017