wrapper

Azərbaycan çempionatına maraq yoxdur, azarkeşlər stadionlara gəlmir, keyfiyyət istənilən səviyyədə deyil. Son vaxtlar bu sözləri tez-tez eşidirik. Dünən isə əmin olduq ki, elə AFFA və PFL rəhbərliyi çempionatın səviyyəsinin qalxmasında maraqlı deyillər. Yəqin ki, bu cür idarəetmə hamıya sərf edir, sakit, az aşım, ağrımaz başım.

Son 3 günün xronoloji ardıcıllığına diqqət yetirək. Şənbə günü “Nefçi” klubunun muzeyinin və fanşopunun açılışı oldu. Tədbirdə AFFA prezidenti Rövnəq Abdullayevdən tutmuş, baş katib Elxan Abdullayev, millinin baş məşqçisi Robert Prosineçkiyə kimi hamı ordaydı. Normal bir şeydir, ölkənin ən köklü klubunun muzeyinin açılışıdırsa, bütün futbol elitası orda olmalıdır.

Bazar günü: “Qarabağ” – “Sumqayıt” oyunundan sonra çempionatın qalibinə qızıl medallar təqdim olunur. Medalları PFL-in prezidenti Ramin Musayevlə AFFA-nın baş katibi Elxan Məmmədov Ağdam klubunun üzvlərinin boynundan keçirir. Federasiya prezidentinin yəqin ki, daha vacib işləri olduğundan “Azərsun Arena”ya gəlmir.

Bazar ertəsi: “Qəbələ” – “İnter” matçından sonra çempionatın gümüş və bürünc medalları təqdim olunur. Kənardan mükafatlandırma mərasimi I divizionun qalibinə medalların verilməsinə oxşayır. Tədbirdə PFL-i baş direktor Məlik Həsənov, Marketinq Departamentinin rəhbəri Mansur Novruzov və Texniki İdman Şöbəsinin rəis müavini Nihad Məmmədov iştirak etdilər. Hətta PFL prezidenti belə, 220 km məsafəni qət edib Qəbələyə getməyi özünə rəva bilməyib. “Qarabağ”ın sahibi Abdulbari Gözəl demişkən, yəqin bu da PFL-in prezidenti üçün enerji itkisi imiş.

Əgər AFFA və PFL rəhbərliyi öz məhsullarına (oxu çempionatlarına) bu cür barmaqarası yanaşırlarsa, başqalarından nə gözləyəsən? Yəqin ki, AFFA və PFL gələn mövsüm mülkafatlandırma mərasiminə sürücüləri göndərərlər. Onsuz da bu, ildən-ilə mənasız və formal bir tədbirə çevirilir.

BABƏK

Son redaktə Çərşənbə axşamı, 25 Aprel 2017