wrapper

 

2000-ci illər idi, ölkənin bərk gedən vaxtı. Dolların kursu 78 qəpik, hər yerdə rəsmi maaşla yanaşı “paket” də verirlər, Bakı- Sumqayıt yolunda işıq dirəkləri ildə üç dəfə dəyişməyəndə narahat oluruq. Hələ mən yol qırağındakı tratuarların həftə səkkiz, mən doqquz dəyişməyindən danışmıram. Üç aydan bir Minsk, Kiyev, Moskvaya uçmayanda elə bilirdik blokada şəraitində yaşayırıq. O qədər cızığımızdan çıxmışdıq ki, Pegasus, Onur Air adı çəkiləndə üz-gözümüzü turşudurduq. Hər yerdə və hər şeydə kamfort axtarırdıq. 

Minsk aeroportuna ayaq basan kimi dərindən nəfəs alıb, loppa ilə yerə tüpürə bilərdik, təyyarədə stüardessaya tərs-tərs baxıb, “az, o çaxırdan mənə birini də süz” deyəndə ruhumuz da incimirdi. Pulumuz pul, Azərbaycandan gəlməyimiz də bir başqa üstünlük. 

Minsk Dəmiryolu Vağzalında (şəhərdə gecə işləyən yeganə valyuta dəyişmə məntəqəsi orda idi) 100 dolları xırdalayanda milyonçu olurduq. 1 milyon rublu cibimizə zornan dürtüşdürüb, axşamı gözləyirdik ki, özümüzü verək, “Dozari”yə, “Mulen Ruj”a. Hə, gecə klublarındakı tirpaşlığımız da bir başqa, duxu vari idi, hansısa qız “yox” desin. Zatən, artıq yerli qızlar da bizə pul kisəsi kimi baxırdılar. İstənilən vaxt klubda musiqini kəsə, qızı yanındakı oğlanı ilə birgə ala bilərdik. Puluna minnət deyil? Axı biz neft və milyonlar səltənətinin vətəndaşlarıydıq. Hələ ilk tanışlıqda Bakıdan ağız dolusu danışıb, Minsk, Kiyevin Sovetdən qalma şəhər olmağına da gülərdik. 

Belarus, Ukrayna əhli bizə dözməli idi. Axı biz azərbaycanlıydıq. İçimizdə pulu daha çox olub, çox içənlər isə hərdən bütün restoranın hesabını da bağlayırdılar. Qışqırığımıza dözməliydilər, tərbiyəsizliyimizə göz yummalı idilər, gecənin bir aləmində küçədə bağırarkən kar olmalıydılar. 

Biz Azərbaycan vətəndaşıyıq, sevməsəniz də dözməlisiniz. 

İndi Elxan Abdullayevi yaxşı başa düşürəm, Kiyevdə, Minskdə keçirdiyim hissləri o “Neftçi”də yaşayır. “Mən “Neftçi”nin baş məşqçisiyəm, sevməsəniz də, dözməlisiniz”. Necə də tanış hisslər, doğma sözlərdir. “Neftçi” kimi böyük , zəngin büdcəyə malik klubun baş məşqçisi elə belə də düşünməlidir. 

Elxan müəllim, indi biz Belarusa gedə bilmirik, imkan əvvəlki imkan deyil. Siz bizim kimi olmayın, ağıllı tərpənin ki, axıra kimi sizə dözsünlər. Yoxsa vallah, biz Tv-də Minskin, Kiyevin kadrlaını görəndə ağzımız sulanan kimi siz də “Bakcell Arena”ya, “ağ-qara” formaya tamarzı qalacaqsınız.

Elnur Məmmədli

Son redaktə Bazar, 30 Aprel 2017