wrapper

81-ci dəqiqəyə qədər hər şey mükəmməl idi. Avroliqada mübarizə aparan iki komandanın gözəl oyunu, bir dəqiqə susmayan azarkeşlər,  hakimin İngiltərə Premyer Liqasındakı kimi futbolçulara oynamağa imkan verməsi. 
 
"Qadın zorakılığına yox deyək” şüarı ilə başlayan oyunun axırı elə dava-dalaşa gətirib çıxardı ki,  belə qırğındansa, arvadların ərlərindən bir- iki sillə yeməsi toya getməli idi. 
Doğrudan da hər şey yaxşı başlamışdı. "Qəbələ”nin bu günlərdə dünyadan köçən Şəhriyar Xəlilovu unutmaması, stadiona matça baxmaq üçün gəldiklərini yaddan çıxarıb selfilərə güc verən ledilər. 
 
Hətta 70-ci dəqiqələrdə telefonumda "oyunun ən yaxşısı Rəhim Həsənov oldu” statusunu da yazıb hazır saxlamışdım. Lənətə gəlməmiş Vernidubun burnu o qədər uzundur ki, hətta Mark Klattenburq da həmin epizodda burunu ələ oxşada  bilərdi.  Burundan topun ələ sıçraması fəlsəfəsi ilə bağlı ən yaxşı rəyi yəqin ki, sabah mətbuatda oxuyacaqsınız. Nə isə, boş verin penalti epizodunu, var idi, yox idi, bu barədə saatlarla danışmaq olar.  Məncə yox idi, sizcə var idisə, hərənin fikri özündə qalsın. 
 
Əsas odur ki, oyun başa çatmadı, qırmızı vərəqə alan Riçard Almeyda meydanın kənarında girələnirdi. Bax, bunlar, artıq ciddi səhvlərdir. 
 
Məsələ № 1. Dino Ndlovunun qolundan sonra "Qəbələ” futbolçuları meydanda idilər, amma mərkəzdən başlayan olmadı və Rəhim Həsənov final fitini səsləndirdi. De fakto oyun başa çatmadı. Bunun nə olduğunu isə futbolun içində olanlar yaxşı bilir.   
 
Məsələ № 2. Riçard Almeyda qırmızı vərəqə aldıqdan sonra niyə paltardəyişmə otağında deyildi? Hətta Ndlovunun qolundan sonra Almeyda "Qarabağ”ın digər 9 fubolçusu kimi (Şehiç yalnız çərçivədə idi)  komanda yoldaşını təbrik edənlər arasındaydı.   
 
Bilmirəm,  Xaqani Məmmədov bu epizodu sabah necə izah edəcək?  Amma Məmmədov belə, o vaxt "Şəfa” stadionunda çempionatın yarımçıq qalmasına səbəb olan penaltini verəndə bu cür səhv etmirdi. Xaqani müəllim, əgər bu hakim sizin yetirmənizdirsə, o yaxşı bilməlidir ki, belə məqamlarda təcrübəli referilər oyunu heç-heçəyə dartırlar. Vaxtilə siz bunu dəfələrlə ustalıqla etmisiniz. Nəticədə, nə şiş yanıb, nə kabab. Bəs Həsənov nə etdi? Çox böyük qalmaqalın təməlini qoydu.
 
Bəlkə də indi yazacağım cümləni oxuyub, "bu boyda qalmaqalda heç bunun yeridir” deyəcəksiniz. Amma birinci hissədə dəfələrlə Ansi Aqolli yan xətt hakimi Namiq Hüseynovun üstünə qışqırdı, ona yarı alban, yarı ingiliscə nələrsə dedi. Sifətindəki "po bolşe zəhrimara”dan hiss olunurdu ki, laysmanı Albaniya yığmasının növbəti oyununa dəvət etmir. Belə hərəkətin cəzası isə sarı vərəqədir.  Bilmirəm, Namiq qardaşımız susdu, ya  Rəhim Həsənov hələ suyu bulandırmaq istəmirdi. 
 
Bu gün heç kim "Qarabağ”ın gücünə kölgə sala bilməz. Hətta, Roman Qriqorçuk da mətbuat konfransında rəqibi təriflədi, onun sözlərinin Ağdam klubuna aidiyyatı olmadığını dedi. Qurban Qurbanov əla komanda yaradıb, buna heç kimin  şübhəsi yoxdur.  Amma Qurban müəllimin komandasında Şahruddin Məhəmmədəliyev kimi qapıçılar olmamalıdır. Bugünkü qalmaqalda Rəhim Həsənov qədər karyerasında daha çox kuryoz qollar buraxmaqla yadda qalan qolkiperin də günahı oldu. Məhəmmədəliyevin rəqibi necə provakasiyaya çəkməsini hamı gördü. Olmaya növbəti Tiralar yetişir? 
 
ELNUR MƏMMƏDLİ
Son redaktə Çərşənbə, 30 Noyabr 2016
Bu kateqoriyalar haqqda daha çox « Gəncənin "Allahı" - 2 DALD(Q)ANacaq »