wrapper

Yenəşəhərə hay-küy düşmüşdü. “Kiyevskiy vokzal”dan tutmuş, “Belarusskiy vokzal”a, «Rijskiy” bazardan tutmuş,“Leninqradskiy”ə kimi azərbaycanlıların məskunlaşdığı bütün ərazilərdə türklər demiş, qələbəlik yaşanırdı. Nə var, nə var ermənilər Moskvada “Ararat” klubu yaradıb, Rusiya yığmasının sabiq üzvü Roman Pavlyuçenkonu da transfer ediblər. İki gündü Rusiya mətbuatı Moskvadakı erməni biznesmenlərinin komandasından yazır. Bir gün Pavlyuçenko ilə bağlı xəbər, ertəsi  Qaret Beylə təklif göndərmələri məsələsi.

Təbii ki, həmyerlilərimiz bunu cavabsız qoymamalı idilər. Axı Moskvada prezident Putinin dostu İlham Rəhimov, Rusiya show-biznesini əlində fırladan Ağalarovlar, Cenifer Lopesi ad gününə kənd müğənnisi kimi çağıran Telman İsmayılov, “Lukoil”in rəhbəri, “Spartak”ın əsas sponsorlarından biri Vahid Ələkbərov kimi adamlar yaşayır. Nə olsun ki, İlham Rəhimov tovuzlu ola-ola  “Turan” güclülər dəstəsinə çıxa bilmədi. Və indi mətbuat Şəbnəm Tovuzludan daha çox yazır, nəinki Tovuzun “Turan”nından. Telman İsmayılov Azərbaycan müğənnilərindən (kişili-qadınlı) hələ heç kimi əliboş, kefsiz yola salmayıb. Cəhənnəmə ki, uzağı həmin səfərdən sonra bir-iki ağzı göyçək ağzına gələni danışacaq. Bu da bir küləkdir əsib keçəcək.

İsmayılovun böyüdüyü Göyçaydan 20-30 km aralıda olan Ucar stadionunda indi heç qoyunlar da otlamağa yaşıllıq tapmırlar.

Hə, mən axı bayaq Moskvadakı hay-həşirdən danışırdım. “Laçın koridoru”, “Topxana”, “Turşsu”, “Dəli Kür”, “İmarət” kafelərinin sahibləri “Ararat” klubunun yaranmasından hiddətlənərək, buna özünəməxsus şəkildə cavab veriblər. Biri restoranın terrasına əl gəzdirir, o biri menyunu genişləndirmək üçün təxirə salınmaz tədbirlər həyata keçirir. Yay mövsümü ilə əlaqədar “Laçın koridor”unda “3 bacı dolması”nın təqdimat mərasimi keçirilib. Yaxşı reklam kampaniyası da aparıblar - əsl Azərbaycan dolmasınını, əsl Azərbaycan lavaşı ilə yeyin.

“Dəli Kür” kafesinin sahibi bir az da irəli gedərək, menyuya “Sarı gəlin” plovunu saldırıb. Özü də plovu stola mütləq “Sarı gəlin” mahnısına oynayan rəqqaslar gətirməlidir.

“Turşsu” restoranının yeni zalı da Moskvaya gələn azərbaycanlıları heyran edir. Əvvəl Laçın dəhlizinə oxşar dar yerdən keçirsən, daha sonra səni Cıdır düzünə oxşar geniş zal qarşılayır. Restoran rəhbərliyinin yeni qərarına əsasən, hər gün iş saatı başa çatanda personal Üvertüranı dinləyib evə getməlidir. 

Bir sözlə, arxa cəbhənin Azərbaycan istiqamətində hər şey əladır. “Maşın Şou”ya baxa-baxahamı can deyib-can eşidir. 

BABƏK

Son redaktə Cümə, 02 İyun 2017