wrapper

Bağda ərik olanda Madrid “Atletiko”su 3 aydan bir Bakıya gələrdi. Pişvazına Gənclər və İdman nazirindən tutmuş AFFA-nın baş katibinə kimi hər kəs çıxardı. Arda Turan az qalmışdı “Bakı”nın prezidenti Hafiz Məmmədova “babam” desin. Hələ komanda ilə birgə şəhərimizin qonağı olan ispan jurnalistlərdən danışmıram. 1-2 gün ərzində onların yağ içində üzməsi üçün nələr edilmirdi... “Qa” deyəndə yem verirdilər, “qu” deyəndə su. Allah tərəfi, həmin ərəfədə “Bakı” klubu azərbaycanlı jurnalistləri də unutmurdu. Ən azı əziyyət çəkib tədbiri işıqlandıranlar evə əliboş qayıtmırdılar. Ehhh, vaxtlar var idi. “Visente Kalderon”da Qodinin, Kokenin  əynində “Land of fire Azerbaijan” formasını görəndə sevincdən gözümüz yaşarırdı. Gözləri yaşarmayanları isə oftalmoloqların yanına göndərirdilər.

Nə isə, sözüm onda yox. Kasıblıq pis şeydi. İndi biz nəinki “Land Of Fire Azerbaijan”ı saxlaya bilirik, hətta milli komandanın da formasını dəyişirik ki, 5-10 manat qənaət olsun.

Dünən UEFA 2019-cu ildə avrokubokların final oyunlarını qəbul edə biləcək şəhərlərin adlarını açıqladı. Çörəyimizin duzu yoxdur da. Yenə nə görsək, yaxşıdır? Bakının Çempionlar Liqasını finalına ev sahibliyi etmək üçün yeganə rəqibi Madridin “Metropolitano” stadionudur. Bəli, bu məhz həmin “Atletiko”nun rəqiblərini qəbul etdiyi arenadır. Əslində həmin vaxtdan “Atletiko”da elə bir ciddi dəyişiklik baş verməyib. Klub prezidenti yenə Enrike Seresodur, baş məşqçi də Dieqo Simeone. Təsəvvür edin, UEFA Çempionlar Liqasının finalını Bakıya yox, Madridə versə, bizimkilərin reaksiyası necə olacaq.

“Atletiko”dan söz düşmüşkən, Hafiz Məmmədova “babam”, Azad Rəhimova “amcam” deyən Arda Turan bütün Turan dünyasının diqqət mərkəzinə düşdü. “Jurnalist döymək babalarımızın yadigarıdır” prinsiplərinə əsaslanan futbolçu millinin təyyarəsində Bilal Meşəyə həyatı başa salmağa çalışdı. Artıq millini tərk edən Ardanı yaxın vaxtlarda Kataloniya seçməsinə oxşar Turan yığmasında görsəz, təccüblənməyin.

Milli demişkən, dünən yığmamızın yeni formaları təqdim olundu. Bizimkilərin indi yadına düşüb ki, qənaət lazımdır. Və maraqlıdır ki, boş-boş işlərə milyonlar xərclənəndə yada düşmür, yalnız millinin forması ilə bu məsələ gündəmə gəldi. Forma da forma ola. 50-60 yaşında yekəqarın daydaylar sanatoriyaya gedəndə məhz bu cür pijamaya oxşar kofta geyinib, ayaqlarına da şəpşəp keçirdirlər. Yəqin ki, Rəşad, Qara, Kamran 50-60 yaşlarına çatıb Yesentukiyə kurorta gedəndə həmin formanı da özləri ilə aparacaqlar.

AYXAN

Son redaktə Cümə axşamı, 08 İyun 2017