wrapper

Müasir Azərbaycan futbol tarixinin ən önəmli simalarından biri Rəşad Sadıqov üçün əlamətdar gündür. Düzdür, Sadıqov doğum günlərinə xüsusi önəm verən adam deyil. Amma reallıq budur ki, 16 iyun Sadıqovun yaşı üzərinə yaş gəldiyi tarixdi. 

Sözsüz, bir insan hər kəs tərəfindən sevilə bilməz. Hamı üçün yaxşı olan insan da adətən normal qəbul olunmur. Amma onu sevənlər də sevməyənlər də bir reallıqla barışır yəqin... Rəşad kimi xarakter Azərbaycan futboluna bəlkə bir də gəlməyəcək.

Peşəkar karyerasına 17 il öncə Tovuzun “Turan” klubunda başlayan Sadıqov çox keçmədən ölkə futbolunun flaqmanı “Neftçi” ilə müqavilə imzaladı. Azərbaycandakı karyerası əsasən “Neftçi” və “Qarabağ” klubu ilə bağlı olan Rəşad hər iki cəbhədə kapitan sarğısını daşıyıb.

Legioner kimi İran və Türkiyədə çıxış edən Rəşad “Fulad”, “Kayserispor”, “Kocaelispor”, “Eskişehirspor” kimi klublarda forma geyinib. 2001-ci ildən Azərbaycan milli komandasına müəyyən fasilələrləı dəvət alan Sadıqov ay-ulduzlu formada 100-dən çox oyun keçirən futbolçudur.

Adətən müsahibələrində deyib ki, 35 yaşında futboldan getmək istəyir. Həmişə arzulayıb ki bu yaşa qədər normal futbol oynasın. Kapitan 35 yaşa qədər həqiqətən də həm millidə həm də “Qarabağ”da heç kimdən geri qalmadı, lazım olduğunda bir komandanı arxasınca apara bildi. Bəli, Azərbaycanda futbolçu Rəşad Sadıqov erasının sonuna yaxınlaşırıq. Hər başlanğıcın bir sonu var, sözsüz. Amma o başlanğıcla son arasında bir tarix yazmalısan, Rəşad kimi.

Sonda Rəşadın CBC Sportda efirə gedən İmza verilişindəki müsahibəsini təqdim edirik. Rəşad bu verilişdə həyatı və karyerası ilə bağlı bir sıra maraqlı məqamlara toxunub.

Son redaktə Cümə, 16 İyun 2017

Media