wrapper

Borçalı və  qərb zonasının bəyənmədiyi, 30 saniyəyə sazı 15 dəfə atıb-tutmaq üzrə Aşıq Pəri  mükafatı laureatı Əhlimanın 5-6 il öncə yaxşı bir klipi var idi.  Ənənəvi Azərbaycan mövzusu-  kəndi atıb gedən oğulu geri qaytarmaq üçün bütün mümkün variantlardan istifadə edilirdi. 

Allah verib, bir oğul böyütmüşəm,

Yeddi dana, qoç qurbanı kəsmişəm,

Yolunda şirin candan keçmişəm.

Məni qınayır gəlib-gedən, kəndə  gəl.

Oğul, ağrın alım, qayıt, kəndə gəl.

****

Qayıtginan, sözüm var sənə,

Kəndimizdə tapmışam bir yar sənə, 

Əhdim var, Əhliman da toy qursun sənə. 

Çalış düşməginən belə,  fəndə gəl 

Oğul, ağrın alım, qayıt, kəndə gəl. 

30 yaşında insan nə istər? Çoxdan görmədiyi atasına sarılmaq, ailə qurmaq, oğul-uşaq sahibi olmaq, sakit, oturduğu yerdə yaxşı pul qazanmaq.  Axı Avropada pulu adama elə-belə vermirlər.  Portuqaliyada topu əlindən buraxıb qapıya salanda arxayın ola bilmirsən ki, “Boavişta” olmasın, “Braqa” olsun, o da olmasa, lap elə son yerdə gedən “Tondela”ya gedəcəksən... “Tondela” demişkən, oradan da qaçanımız oldu. Limonlu çay, kəllə qənd,  zoğal mürəbbəsi üçün darıxan Elnur Cəfərov.  Armando Petitin bir bakal şampanından imtina edən hücumçu indi Xorvatiyada bütün günü “Əldə bir qədəh şərab səni əvəz eləmir” mahnısına qulaq asır.  Müstəqil Azərbaycanın ən texnikalı futbolçusu Vidadi Rzayev 1993-cü ildə “Terek”dən bilirsiniz, niyə tez ayrılmışdı? Xanlar, Samux tərəfdə çöl quşları və ov köpəyi Bozdar onu gözləyirdi. Vidoş indi də ovsuz dayana bilmir.   

Təsəvvür edin ki, Azərbaycan azarkeşləri Vəli Qasımov, Nazim Süleymanovdan sonra ilk dəfə ürəklə, ləzzətlə xarici klubun oyununa baxırlar.  Kimə baxırsan, “Boavişta”dan, Kamranın penaltini dəf etməsindən və ya 30 metrdən top buraxmasından danışır.  Bu adamın isə belə şeylər vecinə deyil. Əslində evlənmək, atadan ötrü darıxmaq ikinci dərəcəli məsələlərdir.  Deyilənə görə, “Neftçi” kisənin ağzını açıb. Evinin içində, yastıq başının altında rahat qazanmaq imkanı var.  Azərbaycan çempionatında çətin ki, kimsə Kamrana Vitali Listov kimi 30 metrlik məsafədə cərimə zərbəsindən qol vursun.  

Portuqaliyada meyxanasız qalmışdı.  Nə qədər yeni qafiyələri whatsappla Ruslan Əmircanova göndərmək olar? Rəşad Dağlıdan, Pərviz Bülbülədən ötrü burnunun ucu göynəməsin, neyləsin?  

30 yaşlı Kamran Ağayev atasından ötrü darıxdığını deyən anda  Pyetro Pelleqri  15 yaş 280 günlüyündə A seriyasında debüt etdi və adını tarixə yazdırdı. Bizim futbolçular 15 yaşında ya “Şrek”ə baxır,  ya çay evində qəlyan tüstülədir, ya da ”qız tutmaq” haqqında düşünürlər. 

Arada “Mançester Yunayted”in oyununa baxıb,  milli-qeyrət damarı tutanda Mourinyoya sual hazırlayın, bəlkə imkan oldu, verdiniz:  Henrik Mxitaryanı komandada niyə saxlayırsınız?

P.S. Mxitaryanın atası çoxdan dünyasını dəyişsə də, anası və Monika adında bacısı var. O da anası və bacısı üçün  darıxır, amma skaypda hər gün danışırlar və birdəfəlik Ermənistana gəlmək haqqında düşünmür. 

BABƏK

Son redaktə Şənbə, 24 Dekabr 2016
Bu kateqoriyalar haqqda daha çox « Hinduşka kababı, yoxsa içalat?