wrapper

Hərbidə gizirlər var. Yəqin ki, yazını oxuyan və  hərbi xidmətdə olan hər bir kəsin gizirlərlə bağlı müxtəlif xatirələri var. Gizirlər ya çox yaxşı olurlar, ya da çox pis. Və həmişə də onları eyni rütbədə görürsən. Artmırlar.  İllər keçsə də, onlar elə eyni rütbəni daşıyırlar. Maksimum baş gizir olurlar ki, bu artıq təqaüd yaşına çatmaq deməkdi.

Gizirlər taborda, bölükdə, tağımda çox iş görürlər. Onlara hətta bölüyün “anası” da deyilir. Gizirlər atış çalışmaları üçün, döyüş üçün heyəti yığa bilərlər, hətta güllə sayına, yemək qazanına, su qabına qədər cavabdeh onlardır. Amma son komandanı, taktikanı heç vaxt verməyiblər, vermirlər və bunu heç vaxt edə bilməyəcəklər. Çünki daşıdıqları ad bu məsuliyyətə imkan vermir.

Mənim, sənin, digərinin adının qaşısına “akademik”, “professor” və digər rütbələri əlavə etməklə bizdən onların əsilləri olmaz. Gizirlərə də bəzən “komandir” deyə müraciət olunur, amma onlar heç vaxt komandir olmurlar, komandir köməkçiləri olurlar.

Həyatın  hər sahəsində komandir və onun köməkçiləri anlayışı keçərlidir. Futbol da bizim həyatımızın bir hissəsidir. “Neftçi” isə  Azərbaycan futbolunun böyük bir hissəsidir, əsas taborudu. Çox təəssüf ki, bu gün həmin tabor komandirsizdir, faktiki olaraq komandirsizdir.

Bəli, komandanın  sənədlə baş məşqçisi var idi. Amma bayaq vurğuladığımız kimi bir şəxsin adının qaşısına professor,  akademik baş məşqçi yazmaqla ondan bunun əsilləri olmaz. Elxan Abdullayev Azərbaycan futbolunun stajlı gizirlərindəndir və maksimum baş gizir ola bilər.

Azərbaycanın iddialı klublarında, milli komandasında köməkçi məşqçi kimi uzun müddət çalışmış Elxan Abdullayev baş məşqçi kimi heç vaxt uğurlu olmayıb. Əsasən köməkçi məşqçi kimi qəbul olunan bir çalışdırıcıya ölkənin tarixi komandasının baş məşqçi postunu həvalə etmək nə dərəcədə düzgündür sualına artıq cavab tapmışıq. 11 aylıq fəaliyyətin sonunda çox böyük bir heç.

Elxan Abdullayev ötən mövsüm komandanın baş məşqçisi postuna gətirildi,fasilələr vaxtı öz çatışmazlıqlarını aradan qaldırmaqdansa, milli ilə ora bura getdi, yayda qəşəng dincəldi, əla yerlərdə təlim-məşq toplanışı keçdi və  məşqçi üçün yaradıla biləcək ən maksimum şəraitdən yararlandı. Amma nəticəsi? Nəticəsini də görürük. Çox təəssüf ki, ölkənin futbol brendlərindən sayılan “Neftçi”də futboldan əsər əlamət qalmayıb. Yaxşı oyun sərgiləyib uduzmaq olar. Burada böyük bir qəbahət yoxdur. Çünki əgər yaxşı oyun varsa, yaxşı nəticələr də uzaqda deyil.

Amma oyun yoxdursa, nədən danışmaq olar? Əlbəttə ki, heç nədən. Hazırda “Neftçi”nin dediyi, deməyə hazırlaşdığı hər hansı bir söz yoxdur. Çünki komandiri yox idi.

“Neftçi” ölkənin ən yaxşı 3 köməkçi məşqçisinin idarə etdiyi komanda idi.  Başda Elxan Abdullayev olmaqla bu siyahıya Novruz Əzimov və İqor Getman da daxildir.

Elxan Abdullayev son açıqlamasında dedi ki, komandada psixoloji problem var. Pro lisenziyasına malik məşqçi isə bilməlidir ki, çalışdırıcı həm də psixoloq olmalıdır. Komandaya qalib ruhu aşlamalıdır. Amma Elxan Abdullayevin öz xarakterində belə bir element yoxdursa, onu komandaya necə aşılasın?. Mümkün deyil... Nəhayət, Abdullayev çox gec də olsa anladı ki, “Neftçi” yükü onluq deyil.

 

Ümumiyyətlə, tarixə söykənən, tarixi olan bir komandanı eksperment  kimi görmək olmaz. Bu ən azından  babaların ruhuna hörmətsizlikdi. Çalışın, “Neftçi”ni geri qaytarın. Stadionları tamamilə dolduran  “Neftçi”ni... 

Mənbə: Futbol11.az

Son redaktə Bazar ertəsi, 21 Avqust 2017