wrapper

Cari Topaz Premyer Liqası axır ki, Gəncəyə də qonaq gəldi. Özü də necə bir oyunla... 90-cı illərin barışmaz rəqibləri, bir vaxtlar ölkədə ən titullu komanda sayılan rəqiblərin – “Kəpəz” və “Neftçi”nin dueli ilə. Həmişə futbola sevgisi ilə seçilən şəhərdə bu dəfə də tribunalar azarkeş sarıdan korluq çəkmədi. Paytaxtın boş tribunalarından fərqli 8 min azarkeşi ağuşuna alan Gəncə şəhər stadionunda qocadan tutmuş cavana kimi hamı sanki bu matçı gözləyirdi.

Elə qonaqlar da dəstəksiz deyildi. Onları qapıarxası tribunada (əgər bura tribuna demək mümkündüsə) “Forza Neftçi” dayanmadan qələbəyə səsləyirdi. Fanatların düz yanında isə maraqlı simalar var idi. Belə ki, “ağ-qaralar”ın rəhbəri Orxan Hüseynzadə İslandiya prezidenti Qudni Yohanesson kimi azarkeşlərinin yer aldığı tribunada idi. Sadəcə, fərq onda idi ki, Hüseynzadə bura könüllü getməmişdi...

Anlaşılmaz şəkildə oyuna təyinat alan Əliyar Ağayevin start fiti ilə başlayan tərəflərin qarşıdurmasında ilk dəqiqələrdə bərbaər oyun getsə də, gəncəlilər rəqibinə nisbətən daha istəkli görünürdü. Elə ilk təhlükəli vəziyyətləri də onlar yaratmağa başladı. Buna baxmayaraq, son anda qeyri-dəqiqliklər Şahin Diniyevin yetirmələrinin hesabı açmağına mane olurdu. Elə qonaqlar da boş durmurdu, zaman-zaman hücuma atılan bakılılarda son nöqtəni qoyan tapılmırdı. Amma matçın 41-ci dəqiqəsində o da tapıldı. Belə ki, künc zərbəsindən edilən asmandan sonra Kiril Petrovun qapı istiqamətinə ünvanladığı topa Ruslan Abışov ayaq qoydu – 0:1. Sanki ofsayddan vurulan qolun təkrarını isə oyunun yayımını istənilən səviyyədə təşkil edə bilməyən “CBC-Sport” kameralarından müşahidə etmək çətindi. “Kəpəz” futbolçularının etirazı isə heç nəyi dəyişmədi. FİFA referisi, ölkəmizi beynəlxalq oyunlarda təmsil edən ədalət təmsilçisinin fasilədən sonra verdiyi qərar da müəyyən şübhələrə yol aça bilər. “Qarapaltarlı” fasilədən sonra mübahisəli epizodda “Kəpəz”in lehinə təmiz penalti vermədi. Paytaxt təmsilçisinin müdafiəçisi Petrovun Viktor Oseqeyli açıq-aşkar əli ilə tutub saxlamasına davam işarəsi verildi. Ümumiyyətlə, idarəçiliyi ilə azarkeşlərin əsəbləri ilə oynayan Əliyarın bu matça təyinat alması yuxarıda qeyd etdiyimiz kimi anlaşılmazdı.

Düşünün, Ağayev cümə axşamı – oktyabrın 19-da Makedoniyada Avropa Liqasının oyununu idarəedib. Referinin Azərbaycan dönüş bileti əvvəlcədən Skopye-İstanbul-Bakı marşutu üzrə alınsa da, son anda hakim İstanbuldan Gəncəyə uçmalı olub. Maraqlıdı ki, 20-dən 21-nə keçən gecə Gəncəyə çatan Əliyar elə həmin gün günorta ölkə çempionatının oyununda fit çalmalı olur. Olmazdımı ki, yorğun, normal yuxu yata bilməmiş Ağayevdənsə matçı 4-cü hakim Orxan Məmmədov idarə edəydi? Elə bu tur baş hakim kimi oyunlara təyinat almayan Rauf Cabbarov, Fariz Yusifovun da adını çəkmək olar. Yəni onu belə tələm-tələsik bu matça təyin etməkdə maraq nə idi?

Düzdü, biz Tərlan Əhmədovun və “Neftçi”nin qələbəsinə kölgə salmaq fikrində deyilik. Amma bu idarəçilik və hadisələrin gedişatı insanların ürəyinə şübhə toxumu səpə bilər. Hər halda Əhmədov komandaya təyinatından sonra ilk müsahibəsində onu bu postda PFL prezidenti Ramin Musayevin də əməyinin olduğunu ağzından qaçırmışdı. Məhz bundan sonra hətta mətbuatda qarşıdakı turlarda “Neftçi”yə hakimlərin simpatiyası olacağı qeyd olunmuşdu.

Matç başa çatandan sonra görüşün hakim-inspektoru Xaqani Məmmədov özü də deyəsən, olanları hiss edirmiş təsiri bağışlayırdı. Final fitindən sonra xəlvəti şəkildə divarın dibi ilə gedən sanki azarkeşlərin qəzəbindən qorxurmuş görüntüsü verdi. Amma buna baxmayaraq, o, iradlardan hətta təhqirdən canını qurtara bilmədi. Belə ki, AFFA nümayəndəsi Namiq Məstanovla birlikdə bazanı tərk edən zaman elə jurnalistlərin gözü önündə təhqirə məruz qalan komitə sədri bir kəlmə də olsun cavab vermədən sakitcə maşına əyləşib getdi.

Ümid edirik ki, dünən baş verənlər yalnız hakim səhvi və səhlənkarlığın nəticəsidi. Yoxsa əks təqdirdə növbəti turlarda az-çox azarkeş üzü görən Gəncə stadionu da “Dalğa Arena”dakı kimi boş tribunaları ilə futbolçuları müşaiyət edəcək. Hətta dünən bunun qısa variatına şahidlik etdik. Belə ki, tərəfdarlar oyunun sonlarına yaxın kütləvi şəkildə stadionu tərk etməyə başladılar. Onsuz da ildən-ilə baxımlılığı azalan Premyer Liqa oyunlarına az-çox azarkeş Gəncədə azarkeş gəlir. Heç olmasa onları küsdürməyək.

Futbol11.az

Son redaktə Bazar, 22 Oktyabr 2017
Bu kateqoriyalar haqqda daha çox « Gizir və Elxan Abdullayev