wrapper

1990-cı illər idi, azərbaycanlılar təzə-təzə İstanbula ayaq açmağa başlamışdılar. Atatürk Hava Limanında pasport kontrolu keçən ortastatistik həmyerlilərimizin ağlında bir fikir var idi:  Sibel Canla harada görüşəcək, Adnan Şənsəs onun üçün harada “Doldur be meyhaneçi” mahnısını oxuyacaq.

Bu həmin vaxtlar idi ki, avtobusda sürücüyə “saxla, düşürəm” deyən tələbələrimizin  sözünə gülənlərin qəhqəhəsi Anadolu yakasından Sultan Əhmədə kimi  gəlirdi. Türklərin “uymaq” sözünə “Şən və Hazırcavablar” klubunda gülən Bəhram Bağırzadənin ağlına gəlmirdi ki, vaxt gələcək “Neftçi”dəki fəaliyyətinə görə onu hoydu-hoyduya götürəcəklər. Tələbələrimiz “gəldin kondun dalıma” misrasını eşidəndə bir-birinə baxıb xısın-xısın gülürdülər. Ağıllarına da gəlmirdi ki, bu həmin vaxt Portuqaliyada oynayan Vəli Qasımovun fikirləşdiyi daldan deyil. Dal anadollu türkcəsində ağac budağıdır. 

Vəli müəllimdən söz düşmüşkən, onun “Nefçi” daldan səhvlərə yol verdi” ifadəsi bir vaxtlar mətbuat nümayəndələrinin sevimli kəlməsinə çevirilmişdi. O dal, bu dal, paytaxt klubunun həmin problemləri hələ də düzəlmir ki, düzəlmir. İtalyanlar dünya futboluna Katenaççonu, hollandlar total futbolu gətirən kimi Azərbaycanın ən yaxşı legionerlərindən biri olmuş Qasımov da “Daldan zəif oynadıq” nəzəriyyəsi ilə aləmə səs saldı. 

Dünən ya srağagün ənənəvi olaraq, mətbuata göz gəzdirəndə Vəli müəllimin “Qarabağ” və “Qəbələ”nin Avropa Liqasındakı son oyunlarına dair fikirlərinə rast gəldim. Hətta məhkəmədə neçə il iş alacağını gözləyən “Rabitə” voleybol klubunun sabiq prezidenti Cəlil Cəfərov belə bundan nikbindir. Bütün ölkə ümidlə yaşayır, nəhayət “Qarabağ”ın pley-off mərhələsinə yüksələcəyini səbirsizliklə gözləyir. Və belə həssas məqamda “mister cəsarət” deyir ki, Ağdam klubu “Fiorentina”ya böyük hesabla uduzacaq. Hər adamın subyektiv fikiri ola bilər, bəlkə də  Qasımovun proqnozu özünü doğrultdu. Sadəcə belə həssas məqamda bu cür açıqlama vermək hər oğulun işi deyil. Vəli müəllimi yaxından tanımasaydım, deyərdim ki, xəyali “Sərhədsiz Məşqçilər” təşkilatının mükafatı məhz ona verilməlidir. İlin-günün bu vaxtında bu boyda cəsarət hər adamda olmur. Amma iş orasındadır ki, axı biz Qasımovun “Neftçi”dəki fəaliyyətini gördük.   Bir futbolçunu komandadan göndərə bilməyən məşqçinin indi birdən-birə qurd ürəyi yeməsi qəribə görünür. Niyə hamı işsiz qalan kimi cəsarətlənir, ekspertə çevirilir? Biz bir dəfə də Vəli müəllimin asıb-kəsməyinin şahidi olmuşduq. Axırda yığmada iş verdilər, getdi milli komandalarımızda “daldan” zəif oynamanın sirrini tapmağa. 

Elman Rüstəmov qədər nikbin olmasaq da, (manatın məzənnəsi ilə bağılı) “Qarabağ”a inanırıq. Həmin “Qarabağ”a ki, Vəli Qasımovun çalışdırdığı “Neftçi”ni hər oyunda əzib keçirdi. İndi insan nə üzlə bu sözü deyir? 

P.S. Bilmirsiz, Vinçenzo Montella “Fiorentina”nın “daldan çoxlu problemləri” olduğunu deməyib? 

Böyük qardaş

Son redaktə Cümə axşamı, 08 Dekabr 2016