wrapper

Milli komandamız indiyədək ölkə daxilində Bakıdan kənarda bir neçə oyun keçirib.

Gəncənin dəbdə olan vaxtları

İlk belə görüş 1993-cü il mayın 25-də Gəncədə Gürcüstan yığmasına qarşı olub. Yoldaşlıq matçında komandamız 1:0 hesabı ilə qələbə qazanmışdı. Gəncə publikası növbəti dəfə ölkənin əsas komandasını bundan 5 il sonra – 1998-də gördü. Yenə də yoldaşlıq oyunu, yenə də rəqib Gürcüstan. Bu dəfə də millimizin minimal hesablı qələbəsi qeydə alındı. İndi tribunaları yararsız vəziyyətə düşən Gəncə şəhər stadionu həmin il noyabrın 28-də yığmamızın daha bir qarşılaşmasına ev sahibliyi etdi. Düzdür, Estoniya ilə matçda meydana çıxan komanda U-21 olsa da, qarşılaşma FİFA-da əsas komandaların oyunu kimi qeydə alınıb. Millimiz Nizami yurdunda 3 oyun keçirsə də, bunların hamısı yoldaşlıq matçları olub.

Ölkənin əsas komandası seçmə mərhələ çərçivəsində paytaxtdan kənara yalnız bir dəfə çıxıb. 2009-cu il, sentyabrın 5-də Dünya çempionatının seçmə mərhələsi çərçivəsində Finlandiya yığmasını Lənkəran şəhər stadionunda qəbul etmişik.

Azərbaycan – Finlandiya 1:2

Lənkəran şəhər stadionu (13.500 azarkeş)

Baş hakim: Stelios Trifonos (Kipr)

Qollar: Elvin Məmmədov, 49 – Hannu Tihinen, 74, Conatan Yohansson, 85.

Sarı vərəqələr: S.Yunusoğlu, 77,

Azərbaycan:  Kamran Ağayev, Vladimir Levin, Saşa Yunusoğlu, Mahir Şükürov, Elnur Allahverdiyev, Rəşad Sadiqov, Vaqif Cavadov, Ruslan Abışov (Cavid Hüseynov,46),  Samir Abasov, Elvin Məmmədov (Rahid Əmirquliyev,84), Vüqar Nadirov (Daniel Axtyamov, 72).

Finlandiya:  Yussi Yaaskelaynen, Petri Pasanen, Niklas Moysander, Hannu Tihinen,  Aleksey Yeryomenko, Roman Yeryomenko, Timu Taynio (Yari Litmanen,45),Veli  Lampi, Markus Heykinen, Conatan Yohansson, Şefki Kuqi (Daniel Syolund,73, Yonas Kolkka,83).  

Satışa çıxarılan 12 min biletin  70 faizi Lənkəranda, 30 faizi isə Bakıda satılıb. Amma maraqlıdır ki, oyunun protokolunda azarkeş sayı 13500 göstərilib. Görüşü izləyənlər arasında Finlandiya yığma komandasının tərəfdarları da var idi.

Dünyanın ən böyük gölünün ən dərin yeri

Həmin dövrdə “Futbol+” qəzetinin Lənkəran müxbiri olan Hüseyn Cəbrayıloğlu bizimlə söhbətdə qeyd etdi ki, azarkeşlər matça xüsusi hazırlaşmışdılar: “Baxmayaraq ki, Lənkəran ilk dəfə millinin rəsmi oyununu qəbul edirdi, elə bir çətinlik yox idi. Belə tədbirlər olanda rayon səviyyəsində ciddi önəm verilir. Polis gücləndirilmiş iş sistemində çalışırdı. Komandalar Hava Limanından otelə kimi xüsusi mühafizə ilə aparıldılar. Finlandiya millisi həmin vaxt “Qala“ otelini seçmişdi. Media tribunada yerlərin sayı hər iki ölkənin jurnalistləri üçün yetərli idi. Stadion kollektivinin də yetərincə təcrübəsi var idi. “Neftçi” ilə “Böyük oyunlar”da anşlaq olurdu deyə, arenanın işçiləri belə vəziyyətə öyrəncəli idilər. “Fırtına” fan klubunun açdığı banner xüsusi ilə yadda qalan idi – “Unutmayın, dünyanın ən böyük gölünün ən dərin yerindəsiniz”. Finlandiyaya göllər ölkəsi deyildiyindən, Xəzər gölünün də ən dərin yerinin məhz Lənkəran ərazisinə düşdüyünü nəzərə alsaq, bu banner şedevr idi. Ümumiyyətlə, həmin oyunda tribunalarda bannerlər çox idi. Milliyə əla dəstək var idi. AFFA-nın kartondan hazırladığı bayraq rənglərini də unutmaq olmaz”.  

Qeyd edək ki, matçın başlamasına 3 saat qalmış artıq Lənkəran stadionunun trubunalarında azarkeşləri görmək mümkün idi. Oyunun startına 1 saat qalmış isə arena tam dolmuşdu.

Bu matça qədər millimiz 6 oyunda cəmi 1 xal toplamışdı. Finlandiya isə Lənkərana 10 xalın sahibi kimi gəlmişdi. Özü də Yari Litmanenin komandası seçmə mərhələnin ilk matçında doğma divarlar arasında Almaniyadan xal ala bilmişdi – 3:3. Helsinkidə keçirilən Finlandiya – Azərbaycan qarşılaşması isə meydan sahiblərinin 1:0 hesablı üstünlüyü ilə yekunlaşmışdı. Kamran Ağayevin qapısına yeganə qolu penaltidən Mikael Forssel vurmuşdu.

Lənkərandakı görüşə gəlincə, komandamız oyuna yaxşı başlayır. Hətta 9-cu dəqiqədə Mahir Şükürovun ötürməsindən sonra Vaqif Cavadov və ya Vüqar Nadirovdan biri topa toxuna bilsəydi, hesab açılacaqdı. İlk yarının sonlarında qonaqların heyətində Timu Taynio əvəzləndiyi üçün Finlandiya futbolunun əfsanəsi Yari Litmanen meydana daxil olur. Qeyd edək ki, həmin vaxt “Liverpul”un formasını geyinən Sami Hyuyupya  zədəli olduğu üçün adı “18-liy”ə salınmamışdı.

Berti Foqtsun rəhbərlik etdiyi yığmamız Lənkəran stadionuna toplaşmış azarkeşləri 49-cu dəqiqədə ayağa qaldırır. Rəqib müdafiəçinin səhvindən istifadə edən Vaqif Cavadov cərimə meydançasına daxil olaraq, topu Elvin Məmmədova ötürür. İndi “Qəbələ”nin heyətində çıxış edən yarımmüdafiəçi təxminən 12 metrdən çərçivəni dəqiq nişan alır.

Oyunu stadiondan izləyən həmkarlarımızdan biri Ceyhun Əliyev həmin anları belə xatırlayır: “Lənkəranda futbolun necə sevilməsi barədə dastan yazmaq olar. Bu səbəbdən də Finlandiya ilə görüşdə gördüyümüz dolu tribunalar, anşlaq məni təəccübləndirməmişdi. Stadion rəhbərliyi də millimizin paytaxtdan kənarda ilk (indiyədək yeganə) rəsmi oyunu üçün əla hazırlaşmışdı. Xatirimdədir, hava şarları oyunun sonunadək tribunaların üstündə uçurdu. Azarkeşlər də möhtəşəm idilər. Açığı, millimizin oyunu yaranan ab-havaya uyğun gəlmirdi. “Suomilər” daha ağıllı futbol sərgiləyirdilər. Həm də unutmayaq ki, həmin vaxt millimizə Berti Foqts rəhbərlik edirdi. Onun oyun fəlsəfəsi isə Qafqaz futboluna heç cür uyğun gəlmirdi. Nəticədə, “Əli aşından da olurduq, Vəli aşından da”. Elvin Məmmədov hesabı açdıqdan sonra da 2-ci qolu vurmaq şansımız da var idi. Xatırlamaqda çətinlik çəkirəm, kim idi, ancaq yaxın məsafədən topu “göyün 7-ci qatına” vurdu”.

Vüqar Nadirov qələbəni təmin edə bilərdi

Söhbət qoldan 3 dəqiqə sonrakı epizoddan gedir. Vüqar Nadirov təxminən 4 metr məsafədən topu qapının üstündən vurur. Təzyiqi artıran qonaqlar 74-cü dəqiqədə hesaba tarazlıq gətirirlər. Sağ cinahdan cərimə meydançasına ötürmə zamanı Vladimir Levin “öz oyunçusunu” buraxır və Tihinen qapını dəqiq nişan alır. Təəssüf ki, millimizin 1 xal qazanmaq arzusu da baş tutmur. 85-ci dəqiqədə Finlandiya yığması 2-ci qolu vurur. Litmanenin künc zərbəsindən sonra müdafiəçilər topu cərimə meydançasından uzaqlaşdıra bilmirlər və Yohansson toru silkələyir. 2-ci qolda millimizin qapıçısı Kamran Ağayevin də inamsız oyununu qeyd etmək lazımdır.  

Haşiyə: Qeyd edək ki, AFFA-nın rəsmi saytında həmin oyunda finlandiyalıların qollarını Heykinen və Pasanenin vurduğu göstərilsə də, FİFA Tihinen və Yohanssonun fərqləndiyini yazıb. Oyunun video təkrarına baxdıqdan sonra müəyyənləşdirdik ki, dünya futbol qurumunun rəsmi saytı haqlıdır. 

Foqtsu əsəbləşdirən sual

Lənkərandakı oyundan sonra mətbuat konfransı da maraqlı keçib. Ceyhun Əliyevi dinləyək: “Foqtsa matçsonrası mətbuat konfransında ünvanladığım sual yaxşı yadımdadır. Soruşdum ki, Azərbaycan daha kimə məğlub olmalıdır ki, istefa verəsiniz? Sual ağsaqqalın heç xoşuna gəlməmişdi”. 

Bundan sonra bir neçə dəfə millinin oyunlarının əyalətdə keçirilə biləcəyi ilə bağlı məlumatlar yayılsa da, nədənsə, AFFA bunu məqsədə uyğun saymadı. 2009-cu ildən bu yana yığmamızın nəinki rəsmi, heç  yoldaşlıq oyunu da Bakıdan kənara salınmayıb. 

Lənkəran millinin Bakıdan kənardakı son oyunu oldu

Futbollpress.az saytının baş redaktoru Elçin Cəlilov da 8 il öncə bu məsələnin aktual olduğunu xatırlatdı: Həmin ərəfədə medianın bir məsələdə fikri üst-üstə düşdü – millinin oyunları arada bölgələrdə keçirilməlidir. Amma nədənsə bu fikir reallaşmadı. Məncə, bunun subyektiv və obyektiv səbəbləri var idi. Obyektiv səbəb odur ki, Lənkəran stadionundan başqa bölgədə beynəlxalq oyunları qəbul edən arena yoxdur. Sonradan Qəbələdə böyük işlər görülsə də, orada tribunaların sayı artmadı. İmişlidə isə aeroport olmadığından əlverişli deyildi. Çox yaxşı olardı ki, Gəncə stadionunun əsaslı rekanstruksiyası başlasın. Gəncədə və Lənkəranda millinin oyunları keçirilsə, azarkeş dəstəyinin möhtəşəm olacağı sözsüzdür”. 

İndi hətta aşağı yaşlar üzrə milli komandalarımız da ev oyunlarını yalnız AFFA-nın sərəncamında olan Bakıdakı stadionlarda keçirir. 1998-2001-ci illərdə isə U-21 rəqiblərini Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionda qəbul edirdi.

U-21-in Sumqayıtda keçirdiyi oyunlar:

9 oktyabr 1998 – Azərbaycan – Macarıstan 2:1

8 oktyabr 1999 – Azərbaycan – Slovakiya 0:3

2 sentyabr 1999 – Azərbaycan – Portuqaliya 0:2

30 mart 1999 – Azərbaycan – Rumıniya 0:2

1 sentyabr 2000 – Azərbaycan – İsveç 0:5

10 oktyabr 2000 – Azərbaycan – Türkiyə 1:2

24 mart 2001 – Azərbaycan – Moldova 0:0

5 iyun 2001 – Azərbaycan – Slovakiya 0:0

11 iyun 2003 – Azərbaycan – Serbiya və Monteneqro 0:2

6 sentyabr 2003 – Azərbaycan – Finlandiya 0:1

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşirdirilir” 

 

 

 

 

 

Son redaktə Çərşənbə axşamı, 14 Noyabr 2017