wrapper

“Nefçi” – “Qəbələ” oyunundan (2:3) sonra yenə hakimlik məsələsi aktual oldu.

“Ağ-qaralar”ın hakimlər briqadasından narazı qalması matçdan bir qədər sonra paytaxt klubunun rəsmi saytında öz əksini tapdı. Klub prezidenti Orxan Hüseynzadənin açıqlaması və şübhəli epizodların əksini tapdığı video bütün portalların manşetini bəzədi. Oyunu ölkənin ən yaxşı hakimi və Avropadakı əsas ümidlərimizdən sayılan Əliyar Ağayevin idarə etməsi məsələni bir qədər də qəlizləşdirdi. Əslində buna uduzan komandanın növbəti dəfə bütün günahları hakimin üstünə atması elementli də demək olardı. Bəlkə də çoxları belə də düşünürdü, AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun açıqlamasına qədər. Məmmədov “Neftçi” – “Qəbələ” qarşılaşmasında hakimliyin istənilən kimi olmadığını deyərək, Əliyar Ağayevin cəzalana biləcəyini vurğuladı. Bəli, bu, həmin Ağayevdir ki, ötən li Xaqani Məmmədov onun I kateqoriya alacağı müjdəsini bəh-bəhlə vermişdi. Amma sonradan məlum oldu ki, Hakimlər Komitəsinin sədri xeyli tələsib və kiminsə ağzından çıxan sözü rəsmi informasiya kimi təqdim edib. Ümumiyyətlə, son vaxtlar Əliyar Ağayevin karyerasında hər şeyin yağ kimi getdiyini deyə bilmərik. Əslində bu normaldı. Makedoniyadan birbaşa Gəncəyə gəlib oyun idarə edən hakimin səhvə yol verməsi qədər təbii heç nə ola bilməz.  Biz səbirsizliklə həmyerlimizin Çempionlar Liqası oyunlarında baş hakim olacağını gözləsək də, hələ ki ən yaxşı halda Avropa Liqası və UEFA Gənclər Liqası ilə təsəlli tapırıq.  

Halbuki vaxtilə Dünya çempionatının, Olimpiya oyunlarının, UEFA kubokunun (indiki Avropa Liqası) final görüşlərini idarə edən hakimlərimiz olub. Yəni sovet dövründə Azərbaycanda futboldan fərqli olaraq, hakimlik bir addım öndə idi. 

Ağcabədidən İçərişəhərə 

Image result for tofig bahramov

Futbolla maraqlanmayan insanlar belə, Tofiq Bəhramov ad-soyadını ömürlərində heç olmasa bir neçə dəfə eşidiblər. Bəhramov 1925-ci il yanvarın 29-da Ağcabədi rayonunda anadan olsa da, əsli Ermənistanın Zəngəzur qəzasının İncəvar kəndinə gedib çıxır. 1918-ci il hadisələri zamanı valideyinləri didərgin düşərək Ağcabədidə məskunlaşıblar. Tezliklə Bakıya köçən Bəhramovlar ailəsi İçərişəhərdə məskunlaşır. Bu məhəllə təkcə “Bir cənub şəhəri” filmindəki aerodrom kepkalı qaqaşları ilə məşhur deyildi. İçərişəhərdən yetərincə idmançı da çıxmışdı. 

Xlıstovun zədələdiyi futbolçu 

Futbolçu karyerasına 1943-cü ildə başlayan Bəhramov yalnız Azərbaycan çempionatında oynayıb.  25 yaşında Bilgəhdə keçirilən məşqlərin birində komanda yoldaşı, sonralar uzun illər “Neftçi”də köməkçi məşqçi kimi işləmiş Valentin Xlıstovla mübarizədə zədələnir və karyerasını başa vurur. Onun hakimliyi seçməsi də təsadüfi olub. Sonralar “Hakim mərkəzi göstərir” kitabında yazırdı ki, 1951-ci ildə Bakı kuboku uğrunda “Dinamo” – İnşaatçı” oyununa hakim gəlib çıxmır və tanışı 26 yaşlı gəncə təklif edir ki, matçı idarə etsin. Təcrübəsiz Bəhramovun debütü istənilən kimi alınmır, səhvlərə yol verir. Oyun isə qalmaqalla yekunlaşır. Bu hadisədən sonra hakim olması ilə bağlı bir qədər tərəddüd edən “İçərişəhər uşağı” 6 ay sonra qəti addım atır. Respublika birinciliyində baş hakim kimi debüt edən Bəhramov bundan sonra özünü bu sahəyə həsr edir. 

Related image

Britaniyanın sevimlisi 

SSRİ çempionatının güclülər dəstəsində 34 yaşında ilk oyununa çıxan həmyerlimizi hər nə qədər prinsipial, qətiyyətli adlandırsalar da, maraqlıdır ki,  o, karyerası ərzində bir dəfə də qırmızı vərəqə göstərməyib.  Karyera demişkən, karyera nə karyera...1963-cü ildən 13 il (!) ardıcıl SSRİ-nin 10 ən yaxşı hakimi  sırasında yer almaq asan məsə deyildi. Bu göstəriciyə görə, o, yalnız moskvalı Pavel Kazakovdan geri qalıb. Ağlınız indiyə getməsin, cəmi-cümlətanı 8-9 hakim var, onları da gah Premyer Liqa, gah I divizion, gah da uşaq liqalarına göndərirlər. Bəhramov kiçik Avropa çempionatı hesab olunan SSRİ-nin güclülər dəstəsində 146 oyuna baş hakim kimi çıxıb. 

Image result for tofig bahramov

1966-cı ilin Dünya çempionatı və həmin mundialın finalındakı Ceff Herstin məşhur zərbəsi olmasaydı, bəlkə də Bəhramov bu qədər tanınmayacaqdı. Təbii ki, biz insanın əməyini kiçiltmək və bütün karyeranı o mübahisəli qola qurban vermək istəmirik.  Amma etiraf etmək lazımdır ki, o qərar İçərişəhərdən çıxan sadə bir azərbaycanlını bütün dünyaya tanıtdı. Bəhramov 1993-cü ilin oktyabrında dünyasını dəyişəndə aparıcı London qəzetləri də onun vəfatı barədə nekroloq dərc etmişdilər. 

Related image

51 il keçsə də hələ də finaldan söhbət düşəndə almanlar və ingilislər haqlı olduqlarını sübut etmək üçün bütün yollara əl atırlar. Hətta ən müasir texnologiya da həmin anda topun qapı xəttini keçib-keçmədiyini müəyyənləşdirə bilmir. Əslində indi bu o qədər də ciddi əhəmiyyət kəsb etmir. Həmin anda isveçrəli referi Qottfrid Dinstin qərar verə bilmədiyi epizodda yan xətt hakiminin məsuliyyəti öz üzərinə götürüb, mərkəzi göstərməsi asan məsələ deyildi. Bəhramov onda bilmirdi ki, bu qərar onu dünyanın ən tanınan adamlarından biri edəcək,  Britaniya kraliçası II Elizabetin “Qızıl fit” mükafatını alacaq, baş nazir Marqaret Tetçer 1992-ci ildə Azərbaycan prezidenti Əbülfəs Elçibəylə görüşəndə onu soruşacaq. 

Stalininqrad söhbəti həqiqətdirmi? 

1966-cı ildə Bundestim finalda İngiltərəyə 2:4 hesabı ilə uduzduqdan sonra Almaniya mətbuatında SSRİ yığmasının yarımfinaldakı oyununu yada salırdılar. Bu da səbəbsiz deyildi. Liverpulun “Qudison Park” stadionunda keçirilən yarımfinalda sovet futbolçuları Almaniya millisinə 1:2 hesabı ilə uduzaraq, finaldan kənarda qalmışdılar. Müharibə 21 il idi başa çatsa da, sovet adamı hələ də o dəhşətli illərin təsiri altında idi. İndiyə qədər bəzi azərbaycanlıların almanla faşist sözünü sinonim kimi işlətməsi məhz  Böyük Vətən Müharibəsindən qalma sindromdur. Hər nə qədər təkzib olunsa da, 1966-da sovet insanın (oxu hakiminin) AFR yığmasına rəğbət bəsləməməsi normal idi. Bəhramovla bağlı əfsanəyə çevirilən məsələlərdən biri guya ömrünün sonlarında verdiyi müsahibə ilə bağlıdır. Deyilənə görə, 1993-cü ildə verdiyi müsahibədə ona yenə də Herstin qolunu xatırladıblar. Dünya şöhrətli hakimin cavabı lakonik olub: “Stalinqrad”. Düzdür, sonralar onun oğlu Bəhram Bəhramov bunu təkzib edərək, atasının belə müsahibə vermədiyini dedi: “Stalinqrad döyüşləri gedəndə atamın 16-17 yaşı vardı. Bilmirəm, bu kimin ağlına gəlib. Bunlar boş söhbətlərdir. Başa düşə bilmirəm, futbolun həmin müharibəyə və xüsusən də Stalininqrad döyüşlərinə nə aidiyyatı var”. 

2 banka qara kürü 

Həmyerlimizlə bağlı daha bir qalmaqallı fikiri digər sovet hakimi Nikolay Latışev səsləndirib.  Həmin vaxt FİFA-nın Hakimlər Komitəsinin üzvü olan Latışev demişdi ki, Bəhramov özünü final oyununa saldırmaq üçün dünya futbol təşkilatının təyinat komissiyasının üzvünə 2 banka qara kürü hədiyyə edib. 

Siz də elə bilirdiz, FİFA Blatterin dövründə korrupsiya məkanına çevirilib? Belə xırım-xırda şirinliklər binayi-qədimdən dünya futbolunda mövcud olub. Kimisi buna rüşvət deyir, kimisi hörmət, kimisi də diqqət. Heç kimə sirr deyil ki, indi də ölkəmizə müxtəlif idman yarışları üçün gələn nümayəndələr, hakimlər kürü, şərab və bu qəbildən olan hədiyyələrlə yola salınır. Hamı bunu normal qəbul edir. Yəni 66-da verilən 2 banka kürünü (təəssüf ki Latışev bankanın ölçüləri barədə ətraflı məlumat verməyib) rüşvət adlandırmağa tələsməyin. 

Azərbaycanlı hakim İngiltərə - Almaniya finalına qədər beynəlxalq arenada yalnız iki oyun idarə etmişdi. Həmyerlimiz 1970-ci ildə Meksikada keçirilən Dünya çempionatında, 68 və 72-ci illərdəki AVRO-da da hakimlik edib. O, 1972-ci ildə UEFA kubokunun “Vulverhempton” – “Tottenhem” finalının baş hakimi olub. 

Related image     

Bəhramovun qərarı və Şeron Stounun ayaqları 

Hər nə qədər qəribə olsa da, Bəhramovun adı bir dəfə Şeron Stounla da yanaşı hallanıb. 2007-ci ildə Britaniya sakinləri arasında “bəşəriyyət tarixində ən məşhur stop-kadr” nominasiyasında sorğu keçirilib.  Həmyerlimizin tarixi qərarı yalnız Stounun ayaqlarından geri qalıb. “Əsas instinkt” filmində polislərin ağılını başından çıxaran ayaqların kadrı 10 il öncə daha çox səs toplamışdı. 

 

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirlir”

Image result for affa yanında media komitəsi