wrapper

“Neftçi” veteranlarına müraciət etməlidir 

Bu il 80 illiyini qeyd edən “Neftçi” təkcə veteranları bir araya yığıb, yeyib-içmək məclisi qurmaqla kifayətlənmədi. Aprel ayında klubun muzeyinin və fan şopunun da açılış mərasimi oldu. 

80 illiyin şad xəbəri 

80 illik tarixə malik komandanın muzeyinin olması dünyanın istənilən ölkəsində adi xəbərdi. Yəni bundan təbii heç nə ola bilməz. Amma yalnız bu il “Neftçi” rəhbərliyinin yadına düşdü ki, klubun tarixini özündə əks etdirən muzey açmaq lazımdır. Əslində klubun büdcəsinin aşıb-daşan vaxtlarında, komanda Avropa Liqasının qrup mərhələsində çıxış edəndə bu ideyanı gerçəkləşdirmək lazım idi. Ancaq görünür o vaxt işlər çox olduğundan muzey heç kimin yadına düşmürdü. Həm də hamı yaxşı bilir ki, Azərbaycanda işlər yaxşı gedəndə, komandanın nəticələri əla olanda, muzeyə, fanşopa 3-4-cü dərəcəli layihə kimi baxırlar. Yox, eləki nəticələr zəiflədi, komanda turnir cədvəlinin son pillələrinə yuvarlandı, bax onda maraqlı ideyalar  gündəmə gəlir. 

Tərtibata söz ola bilməz 

Çox uzatmayaq və keçək “ağ-qaralar”ın muzeyinə. “Neftçi” – “Keşlə” oyunundan (3:1) bir saat əvvəl “Bakcell Arena”da yerləşən muzeyə baş çəkdik, görək nə var, nə yox?  Tərtibata söz ola bilməz. Hiss olunur ki, zövqlü adamlar hazırlayıb. İçəridə adam sanki dincəlir. Yeri gəlmişkən, yazını hazırlayan ərəfədə bir çox klubun muzeylərinin videosunu izləyəndə məlum oldu ki, dizayn sanki Moskva “Spartak”dan götürülüb. 

Əslində mən muzeyə gedərkən xəyal etdiyim bir çox eksponatlar var idi ki, onları görmək istəyirdim: Anatoli Banişevskinin SSRİ yığmasında geyindiyi forma, Iqor Ponomaryovun 1988-ci ildə qızıl medal qazandığı Seul Olimpiadasına aid hər hansı bir görüntü, 1966-cı ildə “Spartak”la tarixi oyunda meydana çıxan Vyaçeslav Semiqlazovun kapitan sarğısını. 1966-dan diqqətimi cəlb edən yeganə eksponat məhz bu bürünc medal oldu. Təəssüf ki, bu medalın da hansı futbolçuya verildiyi, orijinal və ya surətinin çıxarıldığı haqda heç bir məlumat yoxdur. 

Naməlum futbolçunun butsları 

“Bax, bu butsılar nəsə maraqlı eksponata oxşayır” deyib, yaxınlaşıram Böyük Vətən Müharibəsində əsgərlərin geyindikləri botinkaya oxşar ayaqqabının qabağına. Elə bilirəm ki, indi altında oxuyacam ki, Kazbek Tuayev bu butsları 1963-cü ildə “Neftçi”nin filan oyununda geyinib. Amma intuisiyam yenə məni aldadır. Muzeyin əməkdaşı Şirəhməd Bayramovun dediyinə görə, bu hansısa matçdan qalma tarixi butsı deyil. Sadəcə həmin dövrdə geyinilən futbol ayaqqabısıdır, vəssalam. Bəlkə də Tiflis “Dinamo”sunun ya da “Şaxtyor”un hansısa futbolçusuna məxsus olub. Öyrəndik ki, muzeyə ciddi maraq yoxdur.  Sadəcə “Neftçi”nin aşağı yaş qrupu üzrə komandalarının futbolçularını məşqçilər ara-sıra bura gətirirlər. 

Muzeydə “Neftçi”nin əfsanəsi Banişevskiyə aid demək olar ki, özəl, maraqlı heç nə tapmaq mümkün deyil. Amma ailəsinə müraciət olunsaydı, yəqin ki, İnna Banişevskaya və ya Səidə xanım kluba bacardığı qədər kömək edərdi. Muzeydə hər hansı tarixi oyunun da afişasını tapa bilmədim. Məncə, bu o qədər də çətin məsələ deyil. Ən azı stajlı azarkeşlərə müraciət edilsə, kifayət qədər maraqlı materiallar toplamaq mümkündür. 

“Neftçi”nin muzeyinə ekskursiyamızı bir anlıq kənara qoyub, yollanaq Rusiya paytaxtına. 2016-cı ildə Şimal qonşumuzun ən məşhur klubu “Spartak”ın muzeyi açılıb. Moskva klubunun veteranlarından biri Aleksey Paramonov  1956-cı ildə SSRİ yığmasının heyətində qazandığı Olimpiya oyunlarının qızıl medalını muzeyə hədiyyə edib. Bundan başqa, “qırmızı-ağlar”ın daha bir sabiq futbolçusu Nikita Simonyan da öz mükafatlarını bağışlayacağına söz verib. 

Valeri Şmarovun 1989-cu ildə çempionluq oyununda geyindiyi butsılar. “Neftçi”nin muzeyində məhz bu cür eksponatlar çatışmır.

 

Rusiyada ilk klub muzeyini yaradan isə “Lokomotiv”dir.  2011-ci il noyabrın 24-də “Lokomotiv” stadionunda istifadəyə verilən guşədə komandaya aid nə desən, tapmaq olar. “Dəmiryolçular” da sabiq futbolçularını muzeyə köməyə çağırdılar və maraqlı eksponatlar əldə etdillər. Bu yaxınlarda komandanın veteran qapıçılarından Sergey Baburin şəxsi kolleksiyasından qiymətli materialları kluba bağışlayıb.    

“Partizan” “Neftçi”nin muzeyində nə gəzir?

Qayıdaq yenidən “Bakcell Arena”da yerləşən “Neftçi”nin muzeyinə. Ən maraqlı eksponatlardan biri bu topdur.

Deyilənə görə, “ağ-qaralar”ın 1966-cı ildəki oyunlarında istifadə etdiyi topdur. Düzdür, üzərində Vitali Şevçenko ilə Nikolay Smolnikovun da soyadı var. Amma bu futbolçulardan heç biri 66-cı il mövsümündə meydana çıxmayıblar. Yəqin ki, əvəzedici heyətin oyunçuları da topun üzərinə imza atıblar. Ona görə də bu məsələnin üstündən keçmək olar. 

Muzeydə bizi təəccübləndirən daha bir məqam “İnter”, “Apoel”, “Partizan” kimi klubların formaları oldu. Nə olsun ki, “Neftçi” Avropa Liqasının qrup mərhələsində oynayıb? Onda belə çıxır ki, “Qarabağ”  və ya “Qəbələ” muzey yaratsa, ora avrokuboklarda rəqib olduğu bütün komandaların formalarını asmalıdır? Bunun üçün gərək “Qarabağ”la “Qəbələ”yə 2 hektar yer ayrılsın. 

Xetaqurovun facebook səhifəsi daha maraqlıdır 

“Neftçi”nin muzeyindən çıxarkən gəldiyimiz qənaət. Uzun illər klubun həkimi işləmiş Boris Xetaqurovun facebook səhifəsindən bu komanda haqqında daha çox məlumat əldə etmək mümkündür. Əgər Xetaqurovu razı sala bilsələr, muzey üçün əla eksponatlar toplamaq olar. Hələ mən digər veteranlardan danışmıram. Sadəcə bunun üçün klub öz veteranlarına müraciət göndərməlidir.  

İndi isə sizi dünyanın 8 ən məşhur idman muzeyi ilə qiyabi tanış edəcəyik. 

1. Milli Futbol Muzeyi. Mançester, İngiltərə. 

Futbolun yaradıcısı ingilislər əllərindən gələni ediblər ki, ən yaxşı muzey onların vətənində olsun. Əvvəlcə  Preston şəhərində yerləşsə də, 2012-ci ildən qonaqlarını Mançesterdə qəbul edir. Bu muzeyi içində eksponatlar olan tipik zal kimi xarakterizə etmək olmaz. Burada interaktiv oyunlar keçirmək, viktorinada suallara cavab vermək, özünü şərhçi kimi sınamaq mümkündür. Muzey 6 mərtəbədən ibarətdir və maraqlıdır ki, giriş sərbəstdir.

2. Milli İdman Muzeyi. Nitsa, Fransa. 

“Alyans Rivera” stadionu təkcə “Nitsa”nın ev oyunlarının keçirildiyi arena deyil. Burada Fransanın ən böyük idman muzeyi yerləşir. 45 000 eksponatın demək olar ki, yarısı futbola aiddir. Fransanın 600 illik idman tarixinə aid nə desən, tapmaq mümkündür. 

3. Almaniya Futbol İttifaqının Muzeyi.  Dortmund, Almaniya. 

Almaniya futbolun ən çox sevildiyi ölkələrdən biridir. Bundesliqa matçlarında daim anşlaq yaşanması təsadüfi deyil. Təsəvvür edin ki, muzeyin ancaq ilk həftəsində 10 000 ziyarətçi olmuşdu. Muzeydə idmana aid filmlərə baxmaqla yanaşı, 1964-cü ilin orijinal topunu da görə bilərsiniz. 

4. “San Siro” muzeyi. Milan, İtaliya.  

“İnter” və “Milan” klubuna aid nə istəsəniz, burada tapmaq mümkündür. Muzeydə 3000 -dən çox eksponat var. Düzdür, sonradan «rossonyerlər” özlərinin “Casa Milan” muzeyini açdılar. Amma bu  “San Siro” muzeyinə gələnlərin sayına təsir etmədi.  

5. “Kamp Nou” muzeyi. Barselona, İspaniya. 

2014-cü ildə “Barsa”nın muzeyini 1,5 milyon adam ziyarət etmişdi. Kataloniya komandasının tarixini əks etdirən məkan dünynın ən yaxşı klub muzeylərindən biridir. Müasir texnikanın köməyi ilə klubun az qala bütün dövrlərdəki qollarını izləmək mümkündür. Karyerasını davam etdirən futbolçular arasında yeganə adam Leonel Messidir ki, ona aid muzeydə xüsusi guşə var. Deyilənə görə, “Real Madrid” azarkeşləri də bu muzeydə olanda əbədi düşmən olduqlarını yaddan çıxarırlar. 

6. Şotland futbolu muzeyi. Qlazqo, Şotlandiya. 

 “Hempden park” stadionunun ərazisində yerləşən stadion 14 sərgi zalından ibarətdir. Burada Şotlandiya və İngiltərə yığmaları arasında 1872-сi ildə keçirilmiş oyunun biletinə baxa bilərsiniz. Şotlandiya futbolunun 99 əfsanəsi haqqında da ətraflı məlumatlar var. 

7. FİFA-nın muzeyi. Sürix, İsveçrə. 

Canni İnfantino dünya futbol qurumunun rəhbəri seçilən kimi FİFA-nın mənzil qərərgahında muzey açdı. 8 mərtəbədə yerləşən futbol evində kifayət qədər maraqlı eksponatlar var. 

8. Futbol muzeyi. San-Paulu. Braziliya. 

Braziliyanın əsas futbol muzeyi San-Paulunun mərkəzində yerləşir. Muzeyin girişindəki böyük monitorda əfsanəvi Pele sizə “xoş gəldin” deyir. Dünyanın ən interaktiv muzeylərindən biri 3 hissəyə bölünür: history, emotional, fun. Bu zalların hər birində Braziliyanın futbol tarixi haqqında geniş bilgilər əldə etmək olar. 

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”

Image result for affa yanında media komitəsi

Son redaktə Bazar, 03 Dekabr 2017