wrapper

51 il öncə bu gün “Neftçi” tarixinin ən vacib oyununa çıxırdı. Azərbaycanı SSRİ çempionatının güclülər dəstəsində təmsil edən komanda ilk dəfə medal qazana bilərdi…

Bürünc üçün son şans

Mövsümün son oyunu. O zaman Vladimir Leninin adını daşıyan Respublika stadionu ağzına kimi dolu idi.  Bütün Respublika rəhbərliyi Bakı komandasından qələbə gözləyirdi. Həmin vaxt “Neftyanik” adlanan komanda ilə Moskva “Spartak”ı son tur öncəsində 42 xala malik idilər. 1-2-ci yerləri Moskva klubları tutmadığından -  “Dinamo” (Kiyev) çempion, SKA (Rostov) isə gümüş mükafatçı oldu, “Spartak”ın mövsümü heç olmasa bürünc medalla başa vurmasında marağı olanlar çox idi. Həm də “qırmızı-ağlar” həmin vaxt İttifaqın ən güclü heyətinə malik olan komandalarından biri idi.

I dövrədə Moskvada keçirilən oyunda “Spartak” “Neftyanik”i  2:1 hesabı ilə məğlub etmişdi. 30 000 azarkeşin izlədiyi matçda Vladimir Yanişevski 9-cu dəqiqədə hesabı açmışdı. 84-cü dəqidədə Vladimir Pribılov Zahid Hüseynovun qoruduğu qapıdan komandasının 2-ci qolunu keçirdi. Bakılıların yalnız təsəlli qoluna gücü çatdı. Banişevski, Markarov kimi futbolçuların yoxluğunda müdafiəçi Vladimir Bruxti uzaq məsafədən qüvvətli zərbə ilə hesab fərqini azaltdı.

Noyabrın 30-da keçirilən qarşılaşmada əfsanəvi “üçlük” – Banişevski, Tuayev və Markarov meydandadır. “Spartak”ın heyətində çempionatın ən yaxşı qapıçılarından sayılan Vladimir Maslaçenko, SSRİ yığmasının üzvü Gennadi Loqofet, hazırda “Lokomotiv”in sükanı arxasında olan Yuri Syomin, 1966-cı ilə kimi 6 dəfə 33 ən yaxşı futbolçu siyahısına düşən Qalimzyan Xusainov, 1961-сi ildə “Neftyanik”dən “Spartak”a keçən Valeri Dikaryev çıxış edirdi.

“Neftçi” – “Spartak” 3:0

Qollar:  Banişevski, 17, 21, Markarov, 60.

Lenin adına Respublika stadionu, 45 000 tamaşaçı.

Hakim: Euqen Xyarms (Tallin)

“Neftçi”: Sergey Kramarenko, Nikolay Boqdanov, Vladimir Bruxti, Yaşar Babayev, Aleksandr Trofimov, Vyaçeslav Semiqlazov, Kazbek Tuayev, Anatoli Qryazev (Mübariz Zeynalov, 65), Anatoli Banişevski, Eduard Markarov, Valeri Hacıyev.

“Spartak”: Vladimir Maslaçenko, Vladimir Petrov, Valeri Dikaryev, Vladimir Meşeryakov, Anatoli Krutikov (Kazmiras-Vaydotas Jitkus, 26), Vladimir Yankin, Gennadi Loqofet, Yuri Syomin, Nikolay Osyanin, Valeri Bokatov, Qalimzyan Xusainov.

“Neftyanik”in potensialı daha yüksək əyarlı medal qazanmağa imkan verirdi

Tarixi oyunu tribunadan izləyənlərdən biri tanınmış bəstəkarımız, xalq artisti Eldar Mansurov olub: “66-cı ildə 14 yaşım var idi. Atam Bəhram Mansurov məni stadiona aparmışdı. Həmin vaxt “Neftçi” çox güclü idi. Hücum üçlüyü – Banişevski, Tuayev və Markarov İttifaqda ən güclü trio idi. Komandamızın “Spartak”la oyunda hər 3 qolu ədalətli idi”.  Tanınmış bəstəkarımız “hər 3 qol ədalətli idi” sözünü təsadüfən işlətmir. Çünki tarixi oyundan illər keçdikdən sonra ortaya müxtəlif versiyalar atılmağa başladı. Həmin xoşagəlməz məqamlar barədə də danışacağıq. Hələliksə fikrimizi yönəldək oyuna.

“Tuayev “Neftyanik”in ağırlığını öz üzərinə götürdü

Oqtay Atayev “Ot Proqressa do “Neftçi” kitabında yazır ki, bir çox mütəxəssis hesab edirdi ki, 1966-cı ilin “Neftçi”si zəif yerləri olmayan yüksək səviyyəli komandadır: “Həmin vaxt “Neftyannik”in potensialı daha yüksək əyarlı medallar qazanmağa imkan verirdi. Ancaq komandanın liderləri Anatoli Banişevski və Eduard Markarov SSRİ yığmasının heyətində Dünya çempionatına getdilər. Həmin vaxt çoxları güman edirdi ki, “Neftyanik” əsas liderləri olmadığına görə, çempionatın ortabab komandalarından birinə çevriləcək. İngiltərədə keçirilən Dünya çempionatı ətrafında ehtiraslar qızışanda “Neftyanik”in bütün ağırlığını Kazbek Tuayev öz üzərinə götürdü. O, gənc komanda yoldaşlarını inamla arxasınca apara bildi. Tuayev öz oyunu ilə hücum xəttindəki yoldaşlarına və həm də bütün kollektivə sanki “ikinci nəfəs” verdi. Bu Tuayevin ən yaxşı mövsümü idi. 14 qolla o, çempionatın ən yaxşı bombardirləri sırasına düşməklə yanaşı, “33 ən yaxşı futbolçu” arasında da özünə yer etdi”.

 “Neftyanik” isə “Sovetskaya Rosiya” qəzetinin təsis etdiyi “Qələbə əzminə görə” mükafatını da əldə etdi. Belə ki, Bakı komandası hesabda geriyə düşdüyü 3 oyunda əzmkar qələbə qazana bilmişdi.

Hesab daha böyük ola bilərdi

O dövrdə Moskvanın tanınməş jurnalistlərindən olan M. Peyzel “Neftyanik” – “Spartak” oyunu haqqında belə yazırdı: “Moskva komandasının futbolçuları Markarova meydanın dərinliyindən hücum qurmaqda mane ola bilmirdilər. Hesabı isə Banişevski açdı. Bu qol Semiqlazovun başladığı kombinasiyadan sonra vuruldu. Top sağ cinahda olan Tuayevə ötürüldü. O,  isə öz növbəsində Markarova ötürmə verdi.  Həmin vaxt bakılıların mərkəz hücumçusu cərimə meydançasına şığıyaraq, topu qəbul etdi. Banişevski topu arxası rəqib qapısına qəbul etmişdi. Maslaçenko irəli çıxaraq, ona mane olmaq istəsə də, Banişevski cəld hərəkətlə sağa çəkilərək, demək olar ki, boş qalmış qapını dəqiq nişan aldı. 3 dəqiqə sonra yenə Banişevski Tuayevin ötürməsindən sonra topu saxlamadan birbaşa qapıya göndərdi. “Neftyanik” 3-cü qolu 2-ci hissədə vurdu. Markarovla Tuayev yüksək sürət və bir toxunuşlu ötürmələr hesabına “Spartak”ın 5 futbolçusunu çaş-baş saldılar. Tuayevin zərbəsindən sonra Maslaçenko topu ayağı ilə qaytarsa da, müdafiəçiləri qabaqlayan Markarov topu qapıdan keçirdi.

Hesab daha böyük ola bilərdi. İki dəfə Trofimovun zərbələri təhlükəli oldu. Qryazev möcüzə nəticəsində topu qapıya göndərə bilmədi. Banişevski qapıçı ilə təkbətək çıxsa da, topu Maslaçenkonun üstünə vurdu».  

Bakı komandası “Spartak”ı 3:0 hesabı ilə məğlub edərək, tarixində ilk dəfə bürünc medallara layiq görüldü. Həmin oyunda ən yadda qalan məqamlardan biri azarkeşlərin “Bronzo nam, ostolnoe vam” yazılmış plakatı qaldırmaları və əllərindəki məşəlləri yandıraraq, stadionda əla ab-hava yaratmaları olub.     

Konsitutsiya günündə vur-çatlasın

Bürünc medallar “Neftyanik” futbolçularına dekabrın 5-də Konsitutsiya günündə Respublika stadionunda təşkil olunmuş tədbirdə təqdim olundu. Bəzi mənbələrdə həmin gün paytaxt klubunun Gəncə “Dinamo”su ilə yoldaşlıq oyunu keçirməsi göstərilsə də, Oqtay Atayevin kitabında bu haqda məlumat yoxdur. O, “Ot Proqressa do Neftçi” kitabında yazırdı: “Dekabrın 5-də  - Konsitutsiya günündə Respublika stadionunda möhtəşəm bayram tədbiri keçirildi. “Neftyanik” futbolçularına bürünc medallar və SSRİ İdman Komitəsinin 3-cü dərəcəli diplomları təqdim olundu. Stadion ağzına kimi dolmuşdu. Bundan sonra Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində I katib Vəli Axundov komanda üzvlərini qəbul etdi. Çıxış edənlər futbolçulara və məşqçilərə təşəkkür edərək, “Neftyanik”in yenidən qurulmasında Ələkbər Məmmədovun  əməyini xüsusi vurğuladılar. Həmin görüşdə komandanın rəisi Şövkət Orduxanov kluba baza tikilməsi üçün Axundovdan yer ayırılmasını xahiş etdi”.

Komandamız bürünc medal qazandıqdan sonra Azərbaycan Televiziyasında Yeni il şənliyi kimi xüsusi veriliş efirə gedib. Valeri Haciyevin pianino arxasına keçərək öz məharətini göstərib. Digər futbolçular isə öz xanımları ilə rəqs ediblər.

Dikaryev:  “Səni doğrayarlar”

İndi isə keçək “Neftyanik”- “Spartak” oyununun qalmaqallı tərəflərinə. Rusiyanın məşhur şərhçisi, həmin görüşdə Moskva klubunun qapısını qorumuş Vladimir Maslaçenko ölümündən bir qədər əvvəl,  2009-cu ildə “Sovetski Sport”a verdiyi müsahibədə aləmi bir-birinə qatdı. O, 1966-cı ildə keçirilmiş matçın danışılmış olduğunu bildirdi: “Bizim komandanın heyətində 2 futbolçu var idi ki, Bakıda oyunu rəqibə verdilər. Nəticədə, “Spartak” çempionatı 4-cü yerdə başa vurdu. “Neftçi” isə ilk dəfə SSRİ çempionatının medallarını qazandı. Oyun gedə-gedə qapıdan qabağa çıxıb dedim ki, “Əgər belə davam etsə, sən cavab verməli olacaqsan. O, isə yumuruqlarını sıxıb mənə qayıtdı ki, bizim üstümüzə gəlsən, oyundan sonra səni burda doğrayarlar. İndi mənə hər şey gün kimi aydındır”. Maslaçenko bir qədər də irəli gedərək, həmin futbolçunun kim olduğuna işarə vurmuşdu: “Neftyanik” həmin vaxt güclü idi və heç bir köməyə ehtiyacı yox idi. Həmin komanda öz gücünə istənilən rəqibi məğlub edə biləcək səviyyədə idi. Amma biz müqavimət göstərə bilərdik. Oyunun verilməsinə əminliyimə bir saniyə belə tərəddüd etməmişəm. Həmin vaxt komandanın kapitanı idim. Həmin görüşün iştirakçılarından biri, bizim əslən Bakıdan olan müdafiəçimiz gecə oteldə qalmadı. Həmişə bir yerdə qalırdıq deyə, əmin oldum ki, başqa yerdə gecələdi. Gecə saat 1-in yarısına kimi tanınmış aktyor, dostum Solovyovla oturub, çay içə-içə söhbət etdik. Hətta o da məndən soruşdu ki, sənin komanda yoldaşın hanı? O, bir də səhər saat 12-də “ustanovka”ya gəlib çıxdı. Başa düşürəm, evlərində olub, valideyinlərini görmək istəyirmiş. Ancaq matçdan qabaq komanda ilə bir yerdə olmamağı  çox təəccüblüdür. Adətən oyundan əvvəl gəlib yoxlayardılar, hamı yerindədirmi? Amma bu dəfə heç maraqlanan olmadı”.

Bəs Maslaçenkonun işarə etdiyi futbolçu kimdir? Söhbət 1939-cu ildə Bakıda anadan olmuş Valeri Dikaryevdən gedir.  “Neftçi”nin yetirməsi olan futbolçu 1957-1960-cı illərdə “ağ-qaralar”ın heyətində çıxış edib. O, 1961-ci ildə Moskva “Spartak”ına keçir və 67-ci ilə kimi bu komandanın şərəfini qoruyur. 2001-ci ildə dünyasını dəyişən Dikaryev ömrünün son illərində pis vəziyyətə düşür. Dolanmaq üçün həyətləri də süpürür, yük də daşıyır.

Bışovets və Serebryanikovun ittihamları

Maslaçenko həmin müsahibəni verəndə Dikaryev artıq vəfat etmişdi. Odur ki, keçmiş komanda yoldaşının cavabını verə bilmədi. Amma həmişə olduğu kimi Kazbek Tuayev Maslaçenkoya da meydan oxudu,  Anatoli Bışovetsə də. Bışovetsə niyə? Əslində ilk belə şaiyəni Kiyev “Dinamo”sunun sabiq futbolçusu Viktor Serebryanikov səsləndirmişdi: “1966-cı ildə “Neftyanik” SKA (Rostov) gümüş medal uğrunda mübarizə aparırdılar. Kiyevdəki oyundan qabaq Bakı komandasının futbolçuları bazaya bir bağlama pul gətirdilər. Bir yerə toplaşdıq ki, pulu götürək ya yox? Hamı “hə” dedi. Həmin anda Bışovets qayıtdı ki, “uşaqlar, birdən Şelest (Ukrayna Partiya Komitəsinin I katibi) bildi? Mən dedim ki, “yaxşı, onda pulu qaytar” və getdim çıxışa tərəf. Bışovets arxamca qaçdı və maykamdan yapışdı ki, “zarafat edirdim, ver bura”. “Neftyanik”lə danışdıq ki, onlar 1 top fərqlə qalib gələcəklər. Belə də oldu. Ertəsi gün baş məşqçi Viktor Maslova 1500 rubl pul apardım. Əvvəlcə qorxdu ki, məni tutarlar. Ancaq sonradan razılaşdı”.

 

Tuayev: “Neftçi”nin təmiz adını hallandırmayın”

Tuayevin öncə Maslaçenkoya cavabını oxuyaq: “Valeri Dikaryev əla futbolçu idi. Təəssüf ki, o, dünyasını dəyişib. Dikaryev Azərbaycan futbolunun yetirməsi idi. Təsadüfi deyil ki, “Spartak” onu “Neftçi”dən oğurlamışdı. Əgər onların öz adamlarına etirazları varsa, özləri bilərlər. Ancaq mən Dikaryevi çox düzgün, yaxşı insan kimi tanıyırdım. Onu SSRİ yığmasına da cəlb etmişdilər. Artiq həyatda olmayan adamın dalınca belə danışmaq düz deyi. Bu cür çirkli işlərlə məşğul olan yaramazlar “Neftçi”nin təmiz adını hallandırmasınlar. Qoy öz çirkabları ilə məşğul olsunlar. Həm Bışovets, həm də Maslaçenko”.

Tuayev 1988-ci ildə SSRİ yığmasına Olimpiya oyunlarının qızıl medalını qazandıran Bışovetsə də cavab verib: “Sovetski sport” yazmışdı ki, bu işlərlə birinci növbədə Valeri Lobanovski məşğul olub. Həmin vaxt SSRİ çempionatının güclülər dəstəsində 6 Ukrayna komandası çıxış edirdi. Onlar Kiyev “Dinamo”suna xal verirdilər. Bunun hesabına “Dinamo” hamını qabaqlayırdı. Bu mənim sözlərim deyil, rusiyalı jurnalist Yuri Tsıbanevin dedikləridir”.

 Yeri gəlmişkən, Bışovets də demişdi ki, “Spartak”ın medal qazanmaması üçün qəsdən “Neftyanik”ə xal vermişdik.

Hər nə qədər Ağasəlim Mircavadov “bizim vaxtımızda oyun alqı-satqısı yox idi” desə də, hamı bilir ki, sovet dönəmində bu məsələlər yetərincə geniş vüsət almışdı. “Neftçi”nin SSRİ çempionatındakı yeganə bürünc medalına da şübhə toxumu səpənlər olub. Ancaq “Spartak”ın heyətində həmin oyunda komandamıza qarşı oynamış Xusainov 1976-cı ildə verdiyi müsahibədə etiraf etmişdi ki, “Neftyanik” güclü idi və onlar ədalətli qələbə qazanmışdı. 

Layihə AFFA Yanında Media Komitəsi tərəfindən maliyyyələşdirilir. 

Картинки по запросу affa yanında media komitəsi

Son redaktə Bazar, 03 Dekabr 2017