wrapper

Yeddi il əvvəl may ayında Lənkəran yenə həmişəki yaz fəsilini yaşayırdı.

Hətta hava elə isti idi ki, buna erkən yay da demək olardı. Şəhərdə həyat öz axarı ilə davam edirdi. Ləvəngi satan kim, balıq tutub çörəyini bundan çıxaran kim.  Amma neçə vaxt idi ki, bazardan tutmuş, bütün çayxanalara, məhəllə arası dükanlara kimi yalnız bir söhbət gedirdi: mayın 15-də nə olacaq? Bütün rayon əhli həmin günü səbirsizliklə gözləyirdi. Yox, söhbət heç də Lənkəran sakinlərinə ayrılacaq pay torpaqlarından getmirdi. 

 “Xəzər Lənkəran” tarixində ikinci çempionluğu qazanmağa çox yaxın idi. Cənub klubunu qızıl medaldan yalnız bir qələbə ayırırdı. Ağasəlim Mircavadovun komandasının sonuncu, 32-ci turda rəqibi 1-ci yeri  tutmaq şansını minimuma enən  “Bakı” idi. Son tur öncəsində “Xəzər Lənkəran”ın 27, “Bakı”nın 25, “İnter” və “Qarabağ”ın 26 xalı var idi. Hər şey lənkəranlıların öz əlində idi. “Bakı”nı məğlub elə və tarixinin ikinci çempionluğunu yaşa. Rəhbərlik də kisənin ağzını açmışdı. Mübariz Mənsimovun əlinin gətirən vaxtları olduğundan komandanın bir sözünü iki eləmir, bütün xahişləri yerinə yetirirdi. Həmin vaxt çoxları “Xəzər Lənkəran”ı futbolçuların transfer qiymətini süni surətdə artırmaqda qınasa da, Mənsimov buna “hər kəs layiq olduğu pulu almalıdır” deyərək, cavab verirdi. Bu söhbəti bir kənara qoyub, qayıdaq 7 il əvvəl, mayın 15-də olan oyuna. 

“Göyərçin show” baş tutmadı 

Stadion ağzınacan dolmuşdu, 16 min tamaşaçı səbirsizliklə “Bakı” üzərində qələbəni gözləyirdi. “Xəzər Lənkəran”ın fəxri prezidenti Mübariz Mənsimov da oyunu VİP tribunadan izləyirdi. Matça baxmaq üçün Bakıdan 20-ə yaxın jurnalist Lənkərana gəlmişdi. Hə, mətbuat nümayəndələri ilə də bağlı Lənkəranda maraqlı hadisə yaşandı. Bu haqda bir qədər sonra. 

Təsəvvür edin ki, oyundan qabaq stadionda klubun işçiləri ilə rastlaşdığımızda hərəsinin qoltuğunda 4-5 göyərçin gördük. Sən demə, “Xəzər-Lənkəran” qalib gəlsəydi, oyun qurtaran kimi göyərçinlər havaya buraxılacaqdı. Amma nə havaya quş buraxan oldu, nə də show proqram. “Quşu buraxan” isə Lənkəran komandasının futbolçuları oldu. 

“Xəzər Lənkəran” – “Bakı” 0:1 

15 may, 2010-cu il. Lənkəran şəhər stadionu, 16 000 tamaşaçı. 

Hakimlər: Vüsal Əliyev, Azər Əsgərov, Vaqif Musayev, Rəhim Həsənov. 

AFFA nümayəndəsi: Şaiq Həmidov

Hakim-İnspektor: Orucəli Durmuşov

Sarı vərəqələr: Dieqo de Souza, 26, Tomaş İneman, 83/ Cəmşid Məhərrəmov, Aleksandr Şoliç, 55, Jaba, 58, Ernad Skuliç, 90+3. 

Qol: Şoliç, 28. 

“Xəzər Lənkəran”: Dmitri Kramarenko, Elvin Beqiri, Tomaş İneman, Ruslan Poladov (Devran Ayhan, 76), İvan Svetkov, Rahid Əmirquliyev, Emeka Opara, Denis Kalinkov (Kristian Kabral, 46), Radomir Todorov, Mario Santana. 

“Bakı”: Marko Şarliya, Vadim Borets, Stevan Bates, Ernad Skuliç, Adnan Bərəkət (Venio Moraes, 65), Elvin Əliyev, Cəmşid Məhərrəmov, Bəxtiyar Sultanov, Aleksey Savinov, Aleksandr Şoliç (Saşa Yunusoğlu, 90+3), Jaba (Əziz Quliyev, 85).  

Oyuna meydan sahibləri təzyiqlə başladılar. Təbii ki, Ağasəlim Mircavadovun komandası erkən qol vurub qarşılaşmanı istədiyi axarda davam etdirmək niyyətində idi. 28-ci dəqiqədə Şoliç hesabı açdıqdan sonra da əksəriyyət belə düşünürdü ki, bu bir ssenaridir və harda olsa, indi Lənkəran klubunun futbolçuları fərqlənəcəklər. Bakıdan gələn media nümayəndələri arasında bığ altı gülümsünüb “bu komediya nə vaxt qutaracaq?” deyənlər də var idi. 

Seyidov: “Bizə deyirdilər 3-dən çox vuran deyilik”

“Xəzər Lənkəran” qələbəsinə o dərəcədə əmin imiş ki, matçdan öncə rəqib tərəfə “narahat olmayın, 3-dən artıq qol vurmayacağıq” deyən rəsmilər də olub. Bunu o dövrdə “Bakı”nın icraçı direktoru olan Yaşar Seyidov da təstiqləyir: “Həmin oyun çox dramatik alındı. “Xəzər Lənkəran” bizi məğlub etsəydi, çempion olacaqdı. Bundan başqa, “İnter” və “Qarabağ” komandalarının da qızıl medal qazanmaq şansları var idi. Yəni mövsümün son turu öncəsində kimin çempion olacağı məlum deyildi. Baloğlan Əşrəfov başda olmaqla stadiona xeyli müğənni gəlmişdi. Lənkəranın əsas müğənnilərindən sayılan Cavad Rəcəbov da ordaydı. Oyun qurtaran kimi stadionda böyük konsert olmalı idi. Hətta arenanı şarlarla bəzəmişdilər. Şəhərin özündə də  bayram-ab havası yaşanırdı. Stadiona xeyli göyərçin gətirmişdilər. “Xəzər Lənkəran” qalib gəlsəydi, göyərçinləri havaya buraxacaqdılar. Hətta biz onlara dedik ki, tələsməmisiz ki? Qoy bir oyun qutarsın, görək, necə olacaq.  Lənkəran klubundan bir nəfər qayıtdı ki, narahat olmayın 3-dən artıq top vuran deyilik.  Meydan sahibləri çox istəkli olsalar da, Aleksandr Şoliçin 28-ci dəqiqədə vurduğu qol “Bakı”ya qələbə gətirdi”. 

Image result for yaşar seyidov

“Bakı”nın futbolçularına 10 min dollar mükafat verilib

Yaşar Seyidov həmin qələbəyə görə komandaya yaxşı mükafat verildiyini dedi. Zarafat deyil, çətin Lənkəran səfərindən qələbə ilə yanaşı, “Bakı” gümüş medala da sahib olmuşdu: “Heç kimə sirr deyil ki, həmin vaxt klubların madddi vəziyyəti kifayət qədər yaxşı idi. İndi də komandalar qələbəyə görə mükafat qoyurlar. Amma onda rəqəmlər fərqli idi. “Xəzər Lənkəran” da çempionluğa görə futbolçularına böyük mükafat vəd etmişdi. Özümüzü dəqiq deyə bilərəm ki,  qələbəyə görə, təxminən 10 000 dollar mükafat verildi”. 

Həmin dövrdə futbol kuluarlarında gəzən söhbətə görə, “Xəzər Lənkəran”ın rəhbəri Mübariz Mənsimov çempionluğa görə, yaxşı mükafat vəd edibmiş. Bunu eşidən “Bakı”nın prezidenti Hafiz Məmmədov da futbolçularına xəbər göndərib ki, Lənkərandan üzü ağ qayıdın, narahat olmayın, artıqlaması ilə bunun əvəzini görəcəksiniz. Təsəvvür edin, 2010-da Azərbaycan futbolunda sözün həqiqi mənasında oliqarxların savaşı gedirdi. Cahangir Hacıyevin “İnter”i, “Azərsun”un “Qarabağ”ı, SOCAR-ın “Neftçi”si, Cahangir Əsgərovun AZAL-ı, Hafiz Məmmədov və Mübariz Mənsimovun əsas rəqibləri idi.  Pul var, iddia da öz yerində. Hamı çempion olmaq istəyir. 

Jurnalistlər yaddan çıxıbmış 

“Xəzər Lənkəran” – “Bakı” oyununda jurnalistlərin də başına maraqlı hadisə gəldi. Yuxarıda qeyd etdiyimiz kimi Lənkərana paytaxtdan 20-ə yaxın media nümayəndəsi gəlmişdi. Mətbuatın səfərini təşkil edən meydan sahibləri olsa da, yazıq jurnalistlər yolda öz hesablarına şirniyyat, dönər alaraq bir təhər gəlb çıxıblar Cənub zonasına. Amma elə ki, “Xəzər Lənkəran” uduzdu, aləm dəydi bir-birinə. Stadionu kor-peşman tərk edən Cənub klubu nümayəndələri jurnalistləri də yaddan çıxardılar. Yaşar Seyidov hadisəni belə xatırlayır: “Jurnalistlər bizimlə qayıtdılar. Amma düzü yadımda deyil, media nümayəndələrini Lənkərana meydan sahibləri aparmışdılar, ya yox. Sadəcə biz həmişə çalışmışıq ki, mətbuatla münasibətlərimiz yaxşı olsun”. “Bakı” oyundan sonra jurnalistlər üçün o zonanın ən yaxşı restoranlarından olan “Xan Lənkəran”da stol da açıdı.   

Mircavadov yenə həyəcanlanır

Image result for ağasəlim mircavadov

Ağasəlim Mircavadova telefonda həmin oyunu yada salanda bir az duruxdu, fikirə getdi. Söhbətimizin axırında həyəcanlandığını etiraf etdi: “Həmin dövrdə çempionatımız əla idi. Həm komandalar çox idi, həm rəqabət güclü idi. Əgər çempionatda gərginliyin olmasını istəyirlərsə, 1-ci yer üçün 4-5 klub mübarizə aparmalıdır. 2010-cu ildə Azərbaycan futbolunda belə rəqabət var idi. Son tura kimi bizdə hər şey qaydasında idi. Hazırlığı yaxşı keçmişdik. Futbolçuları motivasiya etmək baxımından heç bir problem yox idi. Həmin mövsüm kubokda da finala kimi irəliləmişdik. Ancaq axırda heç bir titul qazana bilmədik. Futbolda belə şeylər olur. Bir vaxt “Deportivo” çempion olmaq üçün evdə qalib gəlməli idi. Amma son turda 0:1 uduzdular və “Barselona” çempion oldu. Belə hal olanda insan özünə gələ bilmir. Marafon sonunda, bir addım qalmış hədəfə çatmamaq adama pis təsir edir. Üstəlik bir həftə sonra bizi kubokun final oyunu gözləyirdi. Onu da deyim ki, finalda hakim ciddi səhvlərə yol verdi. Fair-play-ə əməl olunmadı və təəssüf ki, “Bakı” qələbə qazandı. Söhbət indi bundan getmir. Sadəcə bir məğlubiyyətlə çox şey itirirsən. Çempionatın son oyununda uduzduq, qızıl medal əldən getdi, sonra da kuboku da qazana bilmədik. Yaxşı yadımdadır, 2001/2002-ci illər mövsümündə “Bayer” Almaniya Bundesliqasını qazanmalı idi. Leverkuzen klubu kubokda da finala vəsiqə qazanmışdı. Amma son anda hər iki tituldan kənarda qaldılar. Baş məşqçi də Tomas Hörster idi. Bəxt ondan üz döndərdi. Belə şeylər olur. Siz bu sualı mənə verəndə yenidən həyəcanlandım”. 

Təcrübəli məşqçi finalda fair-play-in pozulduğunu desə də, əslində Kamran Ağayevin səhvi həmin anda həlledici oldu. Düzdür, uzun illər bununla bağlı Azərbaycan futbolunda mübahisilər getdi. “Bakı”nın qolunu haqlı sayanlar da vardı, hakimin düzgün qərar vermədiyini deyənlər də.  

Maraqlıdır ki, həmin mövsüm çempionluğu əldən verən klublardan biri də “Qarabağ” olub. Son turda bütün şanslarını itirən “Neftçi” Ağdam komandası ilə oyuna eksperimental heyətlə çıxıb. “Qarabağ” qələbə qazansaydı, çempion olurdu. Ancaq oyunda hesab açılmır. “İnter” isə “Şəfa” stadionunda “Qəbələ”ni 4:1 hesabı ilə məğlub edərək, qızıl medallara yiyələnir.  

Yeri gəlmişkən, həmin dövrdə həmkarlarımız arasında gəzən söz-söhbətə görə, Mircavadov oyun gedə-gedə üzünü çevirib Mais Mənsimov oturan istiqamətə saatını göstərib işarə edirmiş ki, vaxt gedir, nəsə eləmək lazımdır. Həmin nəsələr isə Azərbaycan futbolunda elə günü bu gün də davam edir. 

P.S. “Xəzər-Lənkəran” – “Bakı” ilə oyunu ilə bağlı matçın iştirakçısı olan futbolçuların da fikirlərini öyrənmək istədik. Amma nədənsə onların əksəriyyəti bu barədə danışmaq istəmədi. Ceyhun Sultanov isə ümumiyyətlə, yadında heç nə qalmadığını dedi. Əcəba, bəlkə amneziya? 

Son redaktə Bazar ertəsi, 25 Dekabr 2017