wrapper

Rəhmətlik Artyom Bezrodnın qəbiristanlığında yatdığı, küçələrindən Niyaməddin və Musa Musayevlərin, Vüqar Yusubovun mahnılarının səsi  yayılan rayon – İmişli.

2013-cü ilin siyahıya almasına görə, əhalisi 33 500 nəfərdir.   “Bavariya”a vurduğu qolla “Spartak”ın əfsanələrindən birinə çevirilən Bezrodnı  ölümündən bir neçə il əvvəl  Arazın qırağında yerləşən  məhz bu kiçik rayonun komandasında çıxış etdi. 8500 tamaşaçı tutumuna malik Heydər Əliyevin adını daşıyan stadion vaxtilə ağzına kimi dolsa da, indi I dəstə oyunlarına ən yaxşı halda 300-500 azarkeş gəlir.

2004-cü ildə yaradılmış “MKT Araz” ölkə çempionatında heç vaxt mükafatçılar sırasına düşməsə də,  iki dəfə Avropa miqyaslı yarışlarda mübarizə aparıb.  2005/2006-cı illər mövsümündə İntertoto kubokunda oynayan İmişli klubu Moldovanın “Tiraspol”  komandasını doğma meydanda 1:0 hesabı ilə məğlub etsə də, səfərdə 0:2 uduzaraq,  yarışdan kənarda qaldı. Yeri gəlmişkən, İmişlidə keçirilən oyunda Moldova təmsilçisinin qapısına məhz moldovan futbolçu Marsel Resitca yol tapdı. O da bir başqa söhbətin mövzusudur ki,  2006-cı ildə Azərbaycan komandası qitə miqyaslı turnirdə ev oyununu Bakıda yox, Hava Limanı olmayan İmişlidə keçirmişdi.  Halbuki üstündən 9-10 il keçdikdən sonra “Kəpəz”, “Qəbələ” kimi komandalar avrokubok oyunlarına öz meydanlarında deyil, Bakıda çıxırlar.

“Qrotslin”lə oyunundan bir neçə gün sonra dağılan “MKT Araz”

“MKT Araz” növbəti dəfə 2007-ci ildə beynəlxalq arenaya çıxa bildi. Həmin il Azərbaycan kubokunda finala kimi irəliləyən komanda həlledici görüşdə “Xəzər  Lənkəran”a 0:1 hesabı ilə uduzdu.  Amma bu İmişli klubunun UEFA kuboku turnirində mübarizə aparmasına mane olmadı.  Təəssüf ki, “MKT Araz”ın avrokuboka vəsiqə qazanması  klubun dağılması ilə nəticələndi.  İndi bu sizə qəribə gələ bilər. Necə olur ki, komanda UEFA kubokunda oynayır və bir neçə gündən sonra dağılır? Amma təxminən 10 il əvvəl bu, Azərbaycan futbolunda adi hal idi.

“Oyundan əvvəl  klubun dağıla biləcəyi ilə bağlı şaiyələr gəzirdi”

Həmin vaxt “MKT Araz”ın baş məşqçisi İqor Nakoneçnı istədiyi heyəti yığdı.  O, tanıdığı, güvəndiyi legionerlərlə yanaşı, güclü və potensial  vəd edən yerli futbolçuları da komandaya cəlb etmişdi.  Əslində İmişli komandasının Polşanın “Qrotslin” klubunu mübarizədən kənarlaşdıracağına inanların sayı elə də çox deyildi.  Çünki həmin dövrdə Azərbaycan klubları Polşa təmsilçiləri ilə matçda çətinlik çəkirdilər. Amma sən demə,  rəhbərlik başqa fikirdə olub.  “Qrotslin”lə həm Bakıda, həm də səfərdəki matçda meydana çıxan Ayxan Abbasov Polşaya  yollanmamışdan qabaq belə şaiyələrin gəzdiyi deyir:  “Düzdür, bizə bununla bağlı heç nə deyilməmişdi.  Amma həmin ərəfədə belə söhbət gəzirdi ki, komanda mərhələni keçməsə, dağıla bilər”. 

Klub yaranandan dağılana kimi “MKT Araz”ın formasını geyinmiş Saşa Yunusoğlu da bu hadisələrin nəyə görə baş verdiyini bilmir: “İndiyə qədər dəqiq bilmirəm ki, komanda niyə dağıldı. Hər şey bir günün içində oldu.  Polşa səfərindən qayıtmışdıq və çempionatdakı ilk oyunumuza təxminən bir həftə qalmışdı.  Bizə bir günlük istirahət vermişdilər.  Axşam  zəng vurub dedilər ki, komanda dağıldı, istədiyiniz yerə gedə bilərsiniz.  Son ana qədər inanmaq istəmirdim ki, bu cür klub fəaliyyətini dayandırır”.  Qeyd edək ki, məhz “Qrotslin”lə oyunlardan sonra Saşa Yunusoğluna  həmin klubdan dəvət gəlir və o, Polşada legioner həyatı yaşayır.     

Klubun dağılması ilə bağlı daha bir maraqlı faktı həmin dövrdə “Çempion” qəzetində işləyən həmkarımız Rəşad Quliyev verdi: “Artıq klub rəhbərliyi ilə danışdıqdan sonra mənə dedilər ki,  mənə məlum oldu ki, komanda dağıldı.  Mən də futbolçulardan münasibət öyrənmək üçün Zaur Həşimovla əlaqə saxladım.  Onda bildim ki,  futbolçuların klubun dağılmasından hələ xəbəri yoxdur.  Hətta telefonda eşitdim ki, Zaur yanında olan komanda yoldaşlarına dedi ki, “görürsünüz, sizə deyirdim, komanda dağılacaq”.

“MKT Araz” Polşaya getmək istəmirmiş

İndiyə qədər futbol dairələrində gəzən söz-söhbətə görə, “Qrotslin”lə oyundan əvvəl “MKT Araz”ın icraçı direktoru Mirheydər Səfiyev PFL rəsmisi Məlik Həsənova zəng vurub ki, “olar, biz Polşaya getməyək? Onsuz da gedib uduzacağıq”.  Yalnız Həsənov uzun çək-çevirdən sonra Səfiyevi inandırıb ki, sanksiya tətbiq edə bilərlər,  federasiya və klub cərimələnəcək”.

Bax, beləcə macəra dolu Polşa səfəri nəhayət ki, baş tutur.  Komanda Bakı-İstanbul – Varşava reysindən sonra Polşa aeroportunda 6-7 saat gözləməli olur. Oyunun keçiriləcəyi Qrodziskə təyyarə reysi yalnız 6-7 saatdan sonra idi. Bir neçə saatı boşa vermək istəməyən futbolçular Varşavanın görməli yerlərinə də baş çəkirlər.  

Oyunun qırılma anı – qırmızı vərəqə

Əslində “MKT Araz” “Qrotslin” “səddi”ni keçə bilərdi.  Bakıda oyun 0:0 hesabı ilə heç-heçə başa çatdığından cavab matçında meydan sahiblərinin asan qələbəsi proqnozlaşdırılırdı. Amma İmişli klubu rəqibə ciddi müqavimət göstərə bilir. Oyunun qırılma nöqtəsi isə Anatoli Doroşun 81-ci dəqiqədə qırmızı vərəqə alması olur.  Azlıqda qalan “MKT Araz” 88-ci dəqiqədə qapısında qol görür.  Amadeuş Klodavski Vitali Kovalyovun qoruduğu qapıya yol tapır. 1:0 hesablı nəticə  “Qrotslin”i növbəti mərhələyə, “MKT Araz”ı isə klublar qəbirstanlığına göndərir.  Ayxan Abbasov həmin oyunu belə xatırlayır: “Səfərdə oyun pis olmadı, Doroş qırmızı vərəqə aldıqdan sonra qapımızda qol gördük və 0:1 hesabı ilə uduzduq.  Gördük ki, məğlubiyyət rəhbərliyə çox pis təsir etdi.  Hətta həmin matçdan sonra qırmızı vərəqə aldığı üçün Doroşun üstünə çox getdilər.  Amma hələ bizə heç nə demədilər.  Qayıtdıq Bakıya, hətta 3 məşqə də çıxdıq. O vaxt çempionatda ilk oyunumuz “Olimpik”ə qarşı idi.  Sonra elan etdilər ki, komanda dağılır. Əlbəttə, biz də çox təəccübləndik.  Həmin vaxt çox yaxşı heyət yığılmışdı. Demək olar iki eyni səviyyəli iki heyətimiz var idi.  Kamal Quliyev,  Fərrux İsmayılov,  Saşa Yunusoğlu kimi futbolçularla müqavilə bağlanmışdı.  Baş məşqçi İqor Nakoneçnı da deyirdi ki, neçə vaxtdır xəyal edirdim ki, belə komandam olsun. O dövr üçün yaxşı legionerlər də cəlb olunmuşdu.  Klubun maddi vəziyyəti də normal idi. Müqavilə üzrə bizə çatacaq pulun da hardasa, 30 faizini ödədilər”.

Ayağı ağır Doroş

“MKT Araz”ın dağılmasını sürətləndirən Doroşa gəlincə, o, hələ ölkəmizdə daha 4 klubun dağılmasının şahidi olur. Moldovalı hücumçu müxtəlif illərdə “Standart”,  “Karvan”, “Olimpik” və “Simurq” klublarının formasını geyinir.  İndi bu komandaların heç biri fəaliyyət göstərmir.

Həqiqətənmi  “MKT Araz” yalnız mərhələ keçmədiyi üçün dağıdıldı? Bu sual indi də aktual olaraq qalır. Ayxan Abbasov da klubun yalnız buna görə  fəaliyyətinin dayandırılmasına inanmır:  “Düzü, mən də inanmadım ki, komandanı təkcə mərhələni keçmədiyimiz üçün dağıtdılar. Həmin dövrdə Polşa klubları bizim üçün arzu olunmaz rəqib sayılırdılar.  Polşa səfərindən əvvəl Ukraynada təlim-məşq toplanışı da keçmişdik . Yəni komanda üçün yaxşı şərait yaradılmışdı.  Sadəcə həmin ərəfədə “Gilan” klubunu (indiki “Qəbələ”) gücləndirmək üçün addımlar atılmağa başladı. Bu klublar isə demək olar ki, eyni mənbədən maliyyələşirdi.  Ona görə, ”MKT Araz”ın fəaliyyətini dayandırmağı qərara aldılar. Bizim üçün də çox təəcüblü oldu. Məncə, “Qrotslin”lə oyundan qabaq artıq qərar verilmişdi ki, “MKT Araz” dağılacaq. Yəqin ki, mərhələni keçsəydik,  komanda müvəqqəti də olsa fəaliyyətini davam etdirəcəkdi”.

İqor Nakoneçnı həmin vaxt “Exo” qəzetinə müsahibəsində UEFA kuboku oyunundan sonra daha da güclənəcəklərini deyirdi: “Bir neçə il ərzində biz döyüş qabiliyyəti olan komanda yaratmışdıq və Azərbaycan futbolunun favoritləri ilə başabaş mübarizə aparırdıq. Ötən mövsüm uzun müddət çempionatda liderlik etdik.  Kubokda finala çıxdıq və tariximizdə ilk dəfə UEFA kubokunda mübarizə apardıq. Bu il isə komandanı daha yaxşı komplektləşdirmişdik.  Ötən mövsümlə müqayisədə daha böyük uğurlara nail ola bilərdik.  Ancaq birdən- birə klub göz önündə dağıldı”.

İmişli komandasının dağılmasının əsas səbəbi heç şübhəsiz ki, əsas sponsor Kəmaləddin Heydərovun yalnız bir klubu maliyyələşdirmək istəyi idi. Əvəllər “Gilan” komandasının xərcləri çox deyildi, lakin klub “Qəbələ” adlandıqdan sonra iddialar artdı və təbii ki, büdcə də artırıldı. Bir klubun dirçəlməsi isə digərinin tənəzzülü ilə nəticələndi.

“Qrotslin” – “MKT Araz” 1:0

Qol:  Amadeuş Klodavski , 88.

Sarı vərəqələr:  Klodavski, 88, Şlusarski, 90 – Viştalyuk, 85.

Qırmızı vərəqə: Doroş, 81.

“Qrotslin”: Sebastyan Prizorovski,  Radek Minar,  Vlade Lazarevski (Amadeuş Klodavski, 81), Tomaş Yodlovets,  Pyotr Pexniak (Pyotr Roçki, 70), Adrian Sikora (Marek Sokolovski, 90), Blazej Teliçovski, İqor Koziol, Yaroslav Lato, Radoslav Majevski.

“MKT Araz”:  Vitali Kovalyov, Zaur Həşimov, Valentin Viştalyuk, Ruslan Poladov, Elşən Məmmədov (Fərrux İsmayılov, 74), Viktor Barışev, Andrey Danayev, Anatoli Doroş,  Camal Məmmədov (Kamal Quliyev, 84), Saşa Yunusoğlu, Ayxan Abbasov. 

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”

Son redaktə Bazar, 07 Yanvar 2018