wrapper

AFFA yanında Media Komitəsinin qalib elan etdiyi Futbol11.az saytı "Futbolumuzun tarixi: heç kim və heç nə unudulmur" layihəsinin icrasını davam etdirir.

Bu yaxınlarda “Neftçi”nin ilk dəfə Azərbaycan çempionu olmasının 25 illiyi tamam oldu. Düzdür, “ağ-qaralar” bununla bağlı xüsusi tədbir keçirməsələr də, rəsmi saytlda bu hadisəni yada saldılar. “Turan”la oyunda 1:1 hesablı heç-heçə paytaxt klubunun çempionatın başa çatmasına 1 tur qalmış qızıl medalları təmin etməsi ilə nəticələndi. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunda “ağ-qaralar”ın yeganə qolunu 36 topla çempionatın bombardiri olan Samir Ələkbərov vurdu.

Karyerasına Kürdəmirdə başlayan milli üzvü

Bəs, həmin vaxt “Neftçi”nin formasını geyinən futbolçular indi hardadı?

Dmitri Kramarenko (Həmin vaxt 18 yaş, 31 oyun) -  “Neftçi” qızıl medal qazanan vaxt 18 yaşı olan Kramarenko əsas qapıçı sayılırdı. O, növbəti mövsüm artıq Bakını tərk edərək, Moskva “Dinamo”suna yollandı. Kramarenko yeni vəzifəsinin icrasına başlamasa da, bəllidir ki, o, millidə Qurban Qurbanovun köməkçilərindən olacaq. Dima yığmada qapıçı məşqçisi funksiyasını yerinə yetirəcək.

Etibar Şükürov(20 yaş, 9 oyun) – 1992-ci ildə Kramarenkonun əvəzləyicisi olan sumqayıtlı qapıçı hazırda doğma şəhərdə işləyir. Şükürov “Sumqayıt”ın əvəzedici komandasında qapıçılar üzrə məşqçidir. 

Əsgər Abdullayev(32 yaş, 33 oyun) – Hələ SSRİ çempionatının güclülər dəstəsində Bakı klubunun əsas oyunçularından olan Abdullayev 1992-ci ildə “Neftçi”nin veteranlarından sayılırdı. O, Samir Ələkbərovdan sonra mövsüm ərzində ən çox meydana çıxan (33 oyun) futbolçu idi. Abdullayev indi I divizionda mübarizə aparan “Turan Tovuz” komandasının baş məşqçisidir.

Emin Ağayev – (19 yaş, 30 oyun, 6 qol) 1993-cü ildə Azərbaycandan gedən müdafiəçi demək olar ki, karyerasının sonuna kimi Rusiyada çıxış etdi. Ağayev indi də bu ölkədə uşaq futbolunda məşqçi kimi çalışır.

İqor Getman – (21 yaş, 28 oyun, 1 qol) – Getman yenidən doğma komandasındadır. O, “Neftçi”də Tərlan Əhmədovun köməkçilərindən biridir.

Arif Əsədov(22 yaş, 28 oyun) – Bir ara “Neftçi”ni çalışdırmaq arusuna çatan Əsəadov hazırda I divizionda çıxış edən “Sabah” komandasının baş məşqçisidir.

Vladislav Nosenko(22 yaş, 27 oyun) -  Heç bilirdiz, millimizdə 7 oyun keçirən Nosenko karyerasına harada başlayıb? Müdafiəçi 1990-cı ildə Kürdəmirin “Şirvan” komandasının heyətində SSRİ çempionatının 3-cü dəstəsində 26 oyun keçirib.Elə hesab etməyin ki, Kürdəmirdən çıxan yeganə tanınmış futbolçu Ramil Şeydayevdir. Ukraynada yaşayan Nosenko həvəskarlar arasında ölkə çempionu da olub.

Cəbhəyə yollanan futbolçu

Faiq Cabbarov – (19 yaş, 24 oyun, 2 qol) – Sərgərdan həyat sürən Cabbarov bu yaxınlarda həbsdən çıxdı. Vaxtilə Azərbaycanın ən yaxşı futbolçusu sayılmış müdafiəçi heç cür normal həyata qayıda bilmir.

Zaur Babayev – (28 yaş, 10 oyun) – “Neftçi”nin veteran futbolçularından Nağı Babayevin oğludur. Bir ara Rusiyada ticarətlə məşğul olan sabiq müdafiəçi hazırda ölkəmizdə yaşayır.

Ramazan Ağayev – (19 yaş, 4 oyun, 1 qol) -  Əslən Naxıçıvandan olan Ağayevindi də orada yaşayır. O, Muxtar Respublikada gömrük sistemində çalışıb. Naxçıvanda gömrük işçiləri arasında futzal turnirlərində də meydana çıxıb.

Novruz Əzimov (32 yaş, 1 oyun) – Əzimovun cəmi 1 oyunda meydana çıxması sizi təəccübləndirməsin. O, mayın 8-də keçirilmiş ilk turda forma geyinsə də, Şuşanın işğalından sonra könüllü olaraq cəbhəyə yollanaraq, Qarabağ müharibəsində iştirak edib. Çempionarda cəmi 1 oyun keçirməsinə baxmayaraq, AFFA-nın qərarına əsasən ona da qızıl medal təqdim olunub. Əzimov yenə  “Neftçi”dədir. O,komandada köməkçi məşqçilərdən biridir.

Rasim Abuşov (29 yaş, 27 oyun, 8 qol) – Uzun illərdir Stavropolda yaşayan millimizin sabiq üzvü uşaq futbolunda məşqçilik edir.

Mais Əzimov (20 yaş, 26 oyun, 2 qol) – Əzimov bi ara I divizionda çıxış edən “Binə” klubunda məşqçi kimi işləsə də, orada da fəaliyyəti uzun çəkmədi.

Yunis Hüseynov (27 yaş, 25 oyun, 29 qol) – O, indi çətin vəziyyətdə olan “Kəpəz”i böhrandan çıxarmalıdır. Artıq 8 futbolçu ilə yollarını ayıran Gəncə klubunda Hüseynova xilaskar gözü ilə baxılsa da, hələ ki ümidlər doğrulmur. Görək, gəncəlilərin böyük həvəslə gözlədiyi gəncəli məşqçi qışdan sonra “Kəpəz”ə qələbələr qaandıra biləcəkmi?

“Neftçi”nin ən dəbli futbolçusu

Bəxtiyar Musayev (18 yaş, 24 oyun, 2 qol) – Daha çox seleksiyaçı-menecer kimi tanınan Musayev sonuncu dəfə I divizionda “Zaqatala” komandasının icraçı direktoru vəzifəsində çalışırdı.

Ərani Beydiyev (24 yaş, 25 oyun, 9 qol) – Onun atası Müseyib Berdiyev bir vaxtlar “Neftçi”nin sponsorlarından olub. Aydın İbrahimov klubun prezidenti olduğu dönəmdə Beydiyev türk iş adamları ilə əlaqələri sayəsində onların paytaxt komandasına kömək etməsində vasitəçilik edib. Arif Əsədovun dediyinə görə, Ərani Beydiyev sovet dövründə “Neftçi”nin ən dəbli geyinən futbolçusu olub.

Təbriz Həsənov (25 yaş, 19 oyun) - Həsənov bu yaxınlaradək 19 yaşlılardan ibarət milli komandamızın baş məşqçisi idi. Ötən ilin sonunda istefaya göndərilən mütəxəssis işsizdir.

Elşən Qəmbərov (19 yaş, 12 oyun, 2 qol)  - 2009-cu ildən ABŞ-da yaşayan Qəmbərov veteranlar arasında müxtəlif yarışlarda çıxış etməklə yanaşı, Nyu Yorkda yaradılan həvəskar “Çernomorets” klubunda da məşqçi kimi çalışır.

Rauf Bayramov (18 yaş, 1 oyun) – Deyilənə görə, Bayramov yeniyetmə dövründə  respublikanın ən perespektivli futbolçularından sayılırmış. Ucaboy müdafiəçinin SSRİ yığmasıına çağırılacağını da proqnozlaşdıranlar var idi. Ancaq fiziki göstəricilərinə görə, digər həmyaşıdlarını üstələyən Bayramovun böyüklərdə karyerası istədiyi kimi alınmayıb. .

Samir Ələkbərov (23 yaş, 34 oyun, 36 qol) – 21 yaşlılardan ibarət milli komandamızı müvəqqəti çalışdıran Ələkbərovun istefa verdikdən sonra köməkçiləri Aslan Kərimov və Cahngir Həsənzadə ilə problemləri ortaya çıxdı. O, Kərimovu  işlərinə qarışmaqda ittiham etdi.

İlham Qəmbərov (24 yaş, 28 oyun, 4 qol) – İlham Qəmbərov artıq 10 ildir ki, aramızda yoxdur. 1998-ci ildə Bakı – Sumqayıt yolununun Ceyranbatan qəsəbəsi ərazisində avtomobil qəzasına düşən futbolçu dünyasını dəyişib.

Nurəli Əsədov (27 yaş, 10 oyun, 1 qol) – “Neftçi” çempion olduqdan sonra Cənub bölgəsinə yollanan yarımmüdafiəçi  1993-cü il iyulun 10-da “Xəzər Lənkəran”ın “Neftçi”ni 1:0 hesabı ilə məğlub etdiyi oyunda qələbə qolunu vurub. Hazırda Astarada yaşayan Əsədov 2016-cı ildə bu rayonda keçirilən çimərlik futbolu üzrə yarışın ən yaxşı oyunçusu seçilib.

Qeyd edək ki, həmin vaxt paytaxt klubunun prezidenti tanınmış güləşçi, dünya çempionu, 1964-cü ildə Tokio Olimpiadasının bürünc mükaatçısı olmuş Aydın İbrahimov idi. Sonralar İncəsənət Muzeyindən oğurlanan qiymətli eksponatlarla bağlı onun da adı hallandığından İbrahimov ABŞ-a qaçaraq,  uzun illər okeanın o tayında yaşadı. “Neftçi”nin sabiq prezidenti sonradan bəraət aldı və hazırda Bakıda sakit şəkildə ömür sürür.

Baş məşqçi postunda Azərbaycan futbolunun sonuncu mogikanlarından olan Əhməd Ələsgərov idi. Ömrünün son illərini Odessada keçirən 4 ölkənin Əməkdar Məşqçisi 2015-ci il mayın 19-da 79 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Ələsgərov 1992-ci ildə ölkə çempionatı başa çatmamış Azərbaycanı tərk edərək, Ukraynaya qayıdıb. Onun gedişindən sonra komandanı köməkçisi Sergey Kramarenko çalışdırıb. “Neftçi”nin əfsanəvi qapıçısı da ömrünün son illərini Bakıdan uzaqda  - Moskvada keçirib. Kramarenko 2008-ci ildə 61 yaşında vəfat edib.

Digər köməkçi məşqçi Böyükağa Ağayev bir neçə ildir ki, “Qəbələ” Futbol Akademiyasında seleksioner kimi çalışır.

“Neftçi”nin rəisi, sonradan AFFA-nın baş katibi vəzifəsində çalışan Çingiz İsmayılov Bakıda yaşayır. Ara-sıra tədbirlərdə görünür, bəzən gənc jurnalistlərə iradlarını bildirən müsahibələr də verir.

Uzun illər “Neftçi”nin həkimi kimi fəaliyyət göstərmiş Boris Xetaqurov da Bakıda yaşayır. O, bu günlərdə millinin yeni baş məşqçisi Qurban Qurbanovun “ölkəmizdə futbol həkimi fizioterapevti yox dərəcəsindədir” fikiri ilə razılaşmadı. Sosial şəbəkədə çox fəal olan Xetaqurovun paylaşdığı tarixi fotolar “Neftçi”nin muzeyinin bəzəyinə çevirilə bilər.

Картинки по запросу affa yanında media komitəsi

Layufə AFFA Yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir. 

Son redaktə Cümə axşamı, 04 Yanvar 2018