wrapper

 

SSRİ çempionatında “33 ən yaxşı futbolçu” sırasına düşmək böyük uğur sayılırdı.

Güclülər dəstəsində oynayan hər futbolçu ən azı bir dəfə adını o siyahıda görmək istəyirdi. İlk dəfə 1926-cı ildə “Krasnıy sport” qəzetinin redaksiyası belə bir siyahı hazırlayır. Həmin vaxt qəzetin sorğusunda 545 oxucu iştirak edib. 1928 və 30-cu illərdə isə “Fizkultura i sport” jurnalı əvvəlcə ölkənin 44, daha sonra isə 33 ən yaxşı futbolçusunu müəyyənləşdirir. Sonralar artıq siyahını SSRİ Futbol Federasiyasının mütəxəssisləri müəyyənləşdirməyə başladılar. 1938-ci ildə tərtib olunan siyahıda hər mövqedə 5 olmaqla 55 futbolçunun adı daxil edilmişdi. 

Müharibə sovet futbolundan da yan ötmədi. Ölkənin başı Almaniya ilə müharibəyə qarşıdığından idman yada düşmürdü. İnsanların bir tikə çörəyə möhtac qaldıqları günlərdə kim idi, futbolun hayına qalan? Yalnız müharibədən sonra 1948-ci ildə SSRİ Futbol Federasiyası yenidən ölkənin 33 ən yaxşısının adını açıqladı.    

“33 ən yaxşı futbolçu“ siyahısına ən çox adı düşən futbolçu Lev Yaşindir. Əfsanəvi qapıçı 1953-1969-cu illər arasında 16 dəfə bu siyahıda yer alıb. Kiyev “Dinamo”sunun hücumçusu Oleq Bloxin 15 dəfə “33 ən yaxşı” arasına düşüb. 3-cü yeri isə futbolla yanaşı hokkey oynaması ilə də yadda qalan italyan əsilli İqor Netto tutur – 13. 

“Neftçi” demək olar ki, əksər vaxtlarda güclülər dəstəsində qalmaq uğrunda mübarizə apardığından nadir hallarda Bakı klubundan kimsə bu siyahıya düşürdü. Düzdür, 60-cı illərin ikinci yarısında “ağ-qaralar” çempionatda daha yaxşı çıxış etdiklərindən “33 ən yaxşılar” arasında bizimkilər də görünməyə başladı. İlk dəfə 1938-ci ildə Bakı “Temp”nin qapıçısı Vasili İkonnikov 5 ən güclü qolkiper arasında 4-cü oldu. Sol cinah yarımmüdafiəçisi mövqeyində isə “Temp”in daha bir futbolçusu Fyodr Nifontov 5-ci yerdə göstərilmişdi. İkonnikov dövrünün tanınmış qapıçılarından sayılıb. Müharibədən sonrakı illərdə Bakının “Dinamo” komandasında çıxış edib. Sonralar isə “Dinamo”nun məşqçisi olub. Nifontova gəlincə, o, “Neftyanik”lə (1937, 1946, 1948)  yanaşı, “Temp” (1938-39), “Cənub İnşaatçısı” (1940), “Dinamo” (Bakı) (1948) klublarının da heyətində oynayıb. SSRİ çempionatının güclülər dəstəsində 20 oyunda 3 qol vurub. 

1956, 57 və 58-ci illərdə Azərbaycan futbol məktəbinin yetirməsi olan Ələkbər Məmmədov üç dəfə ardıcıl “33 ən yaxşı” futbolçu sırasına düşsə də, hücumçu həmin vaxt Moskva “Dinamo”sunun şərəfini qoruyurdu. Məmmədov kimi “Neftçi”ni “Dinamo”ya dəyişən Yuri Kuznetsov da 1959-cu ildə “33 ən yaxşı” futbolçu siyahısında 1-ci olub. 1960-cı ildə yenidən “Neftçi”yə qayıdan Kuznetsov 1955-də də “Dinamo”nun oyunçusu kimi siyahıda 3-cü olmuşdu. 

1962-ci ildə 33 ən güclü futbolçu arasında Azərbaycan futbolunun iki yetirməsi də düşür.  O vaxt MOİK-in heyətində oynayan Vyaçeslav Semiqlazov Dubinskidən və  Loqefedən sonra üçüncü sağ cinah müdafiəçisi hesab olunmuşdu. Üçüncü sol mərkəz müdafiəçisi isə “Spartak”a yenicə keçmiş Valeri Dikarev (Çoxelidən və  Şesternyovdan sonra) sayılmışdı. 

1963-cü ildə artıq “Neftçi”də çıxış edən futbolçu – Kazbek Tuayev 33 ən yaxşı arasına düşə bildi. O, sağ kənar hücumçuları içərisində yalnız Moskva “Dinamo”sunun üzvü İqor Çislenko və Kiyev “Dinamo”sunun forvardı Oleq Bazileviçdən geri qaldı. “Ağ-qaralar”ın əfsanəvi hücumçusu daha iki dəfə ən yaxşılar arasında oldu – 1966 və 1967-ci illərdə. 63-də Tuayev 38 oyunda 11 qol vuraraq, Eduard Markarovdan (12 qol) sonra Bakı komandasının ən sərrast futbolçusu oldu. “Neftçi” isə həmin mövsümü 8-ci yerdə başa vurdu.  “Neftçi” bürünc medal qazanan il Banişevski və Markarovun SSRİ yığmasına çağırılmasına görə, əsas ağırlıq Tuayevin üzərinə düşür. Ancaq “7 nömrə” 34 oyunda 14 qol vurmaqla komandanın ən sərrast futbolçusu olur. Tuayev həmin il 33 ən güclü futbolçu siyahısında öz mövqeyində yenə də Çislenko və Kiyev “Dinamo”sundan Valeri Porkuyandan geri qalır. Halbuki həmin vaxt Çislenkonun çıxış etdiyi “Dinamo” (Moskva) çempionatda yalnız 8-ci yeri tutmuşdu.  Hücumçu isə 13 oyunda 3 dəfə fərqlənə bilmişdi. Sadəcə Çislenko SSRİ yığmasının əsas oyunçusu sayıldığından onun üçün hər yerdə “yaşıl işıq” idi. 

“Neftçi”nin digər əfsanəsi Anatoli Banişevski ilk dəfə 1965-ci ildə SSRİ-nin 33 ən yaxşı futbolçusu sırasına düşür. “9 nömrə” yalnız Moskva “Torpedo”sunun hücumçusu Eduard Sterltsovdan geri qalır. Həmin il “Banış” 27 oyunda 8 dəfə rəqib qapılarına yol tapmışdı. Banişevski bir il sonra da fərqlənənlər arasında idi. O, həmin il SSRİ yığmasının heyətində Dünya çempionatında çıxış etməklə bərabər, “Neftçi”də də  məhsuldar oyun nümayiş etdirmişdi – 14 oyuna 12 qol. “9 nömrə” həmin il yenə ikinci oldu. Bu dəfə həmyerlimiz Kiyev “Dinamo”sunun hücumçusu Andrey Bibadan geri qaldı. Biba həmin mövsüm 35 oyuna yalnız 10 qol vurmuşdu.  Yəqin ki, kiyevlilərin çempion olması federasiyanın belə bir seçim etməsinə səbəb olmuşdu.   

1967-ci ildə artıq Banişevskinin öz mövqeyində ən güclü olduğunu İttifaqda hamı qəbul etdi. “Neftçi”nin hücumçusu Kiyev “Dinamo”sundan Anatoli Bışovetsi və Moskva “Dinamo”sundan Gennadi Yevryujixini qabaqladı. Həmin il Banya 21 oyuna 13 qol vuraraq, komandada yalnız 14 dəfə fərqlənən Eduard Markarovdan geri qaldı. Amma nəzərə almaq lazımdır ki, Markarov 14 qolu 31 oyunda vurmuşdu. 

1967-də müdafiəçi Vladimir Bruxti də ilk dəfə 33 ən yaxşı futbolçu sırasına daxil edildi. Bakılı müdafiəçi öz mövqeyində Viktor Aniçkin (Dinamo, Moskva) və Valentin Afonindən (OİK) sonra 3-cü oldu.   

“Neftçi”dən bir də 4 ildən sonra daha bir futbolçu ən yaxşılar sırasında yer aldı. SSRİ milli komandasına da cəlb olunan Vitali Şevçenko 1971-də  mövsümü əla keçirdi. 23 oyunda 10 dəfə fərqlənən hücumçu Banişevski ilə birgə (10 qol) komandanın ən sərrast futbolçusu oldu. Şevçenko 33 ən yaxşı futbolçu siyahısında öz mövqeində 1-ci gösrtərildi.  

Bundan sonra Azərbaycan futbolunun qara günləri başlayır. “Neftçi” 1972-ci ildə güclülər dəstəsini tərk edir. “Ağ-qaralar” bundan 5 il sonra sonra sovet futbolunun elitasına qayıtsalar da, komanda hər il güclülər dəstəsində qalmaq uğurunda mübarizə aparırdı. Bu səbəbdən 1971-dən 1986-a kimi Bakı komandasından heç kim 33 ən yaxşı futbolçu sırasına düşmədi. Həmin il “Neftçi” güclülər dəstəsində 13-cü yeri tutdu. Maşallah Əhmədov isə komandanın 33 qolundan 13-nün müəllifi oldu. Əhmədov 33 ən yaxşı arasında sağ cinah hücumçusu mövqeyində Oleq Bloxin (Dinamo, Kiyev) və Sergey Rodionov (Spartak) kimi ölkənin iki ən güclü hücumçusundan sonra 3-cü yeri tutdu.  İndi dələduzluqda ittiham olunan veteran futbolçu o vaxt SSRİ-nin Olimpiya yığma komandasına da çağırılmışdı. 

1987-də “Neftçi” uzun illərdən sonra ən yaxşı nəticəsini göstərərək, 9-cu yeri tutur. Qapıçı Aleksandr Jidkov isə 33 ən yaxşı futbolçu siyahısında SSRİ-nin 1 nömrəsi Rinat Dasayev və perespektivli Dmitri Xarinin (Torpedo) ardınca 3-cü oldu. Jidkov mövsüm başa çatan kimi Kiyev “Dinamo”sunun baş məşqçisi Valeri Lobanovskinin dəvəti ilə “Neftçi”ni tərk edərək, Ukrayna paytaxtına yollandı. Hətta Lobanovski Jidkova SSRİ yığmasının əsas qapıçısı edəcəyinə dair söz də veribmiş. Ancaq prinsipial rəqib “Spartak”la oyunda kobud səhvə yol verən qolkiper məşqçinin gözündən düşür və ehtiyat oyunçular skamyasının daimi üzvünə çevirilir. 

Sonraki illər isə yenə də “Neftçi”nin böhrana düşməsi ilə səciyələnir. Komanda respublikadakı vəziyyətə görə bir müddət ev oyunlarını Bakıda keçirə bilmədi. Nəticədə, “ağ-qaralar” 1988-ci ildə yenidən güclülər dəstəsini tərk edərək müstəqil Azərbaycan çempionatı yaranana qədər aşağı liqada oynadılar. 

 

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirlir”

Son redaktə Bazar, 07 Yanvar 2018