wrapper

AFFA yanında Media Komitəsinin qaliblərindən olan Futbol 11.az saytı  “İstənilən aktual mövzuda fərdi jurnalist araşdırması istiqaməti üzrə “Klubları özü-özünü dolandıran təsərrüfat subyektinə çevirilmə yolları layihəsində silsilə yazıları davam etdirir.

Azərbaycanda dağılan futbol klublarını bir yerə yığsaq, Topaz Premrer Liqasından daha səviyyəli və keyfiyyətli çempionat keçirmək olar. Hər il bir-iki komanda tarixin yaddaşına köçməyəndə həmin mövsümü boşa verilmiş sayırıq. Bəs ölkəmizdə futbol klublarının dağılmasının əsas səbəbləri nədir? Bu məsələ barədə indiyədək çox yazılıb, çox müzakirələr aparılıb. Amma dağılma prossesinin hec cür qarşısını almaq mümkün olmur.

Gözdən düşənlər

2005-ci ildə futbolun inkişafına dair dövlət proqramı qəbul olunduqdan sonra iş adamlarının bu sahəyə axını başladı. Dövlət başçısının yanında reytinqlərini artıqmaq üçün bznesmenlər futbola pul xərcləmə yarışna girişmişdilər. 2006-cı ildə dünya bazarında neftin qiyməti 100 dollara kimi yüksəldiyindən maddi baxımdan heç bir sıxıntı yox idi. Bu həmin vaxtlar idi ki, camaat dolları xırdalayıb, pulunu manatla saxlamağa üstünlük verirdi.  

“Bakı” klubunun prezidenti Hafiz Məmmədov da həmin dövrdə az iş görmədi. Paytaxt klubu qısa vaxt ərzində ölkənin ən iddialı və güclü komandalarından birinə çevirildi. “Bakı” ilə müəyyən məqsədlərə nail olan iş adamı  Avropada da özünü tanıtdıra bildi. “Land of Fire” layihəsi həmin ərəfədə tənqid olunsa da, etiraf etmək lazımdır ki, Azərbaycanın tanıdılması baxımından az iş görülmədi. Bir ara “Lans”ın da səhmlərinə yiyələnən Məmmədov hətta bu komandanın Fransada Lig-1-ə vəsiqə qazanmasına da şahidlik etdi. Ancaq sabiq Nəqliyyat naziri Ziya Məmmədovla münasibətlərin pisləşməsi, neft biznesindən uzaqlaşdırılma “Bakı”nın prezidentinin maddi durumuna da ciddi təsir göstərdi. Yəqin ki, Fransanın məşhur Canal+ televiziyasının Hafiz Məmmədov haqqında hazırladığı geniş materiala baxmısınız. İçdiyi şərabın qiymətindən həvəslə danışan, villasını fransalı jurnalistlərə ürəkaçıqlığı ilə göstərən Məmmədov bilməzdi ki, bu, onun başına bəladır.  Deyilənə görə, həmin süjet dövlət başçısı səviyyəsində narazılığa səbəb olub. Iş adamı “Bakı”nı bir neçə ilə ölkənin ən iddialı klubuna çevirmişdisə, çox qısa vaxt ərzində də zirzəmiyə yuvarladı. Vaxtilə Çempionlar Liqasında çıxış edən komanda indi heç həvəskarlar liqasında belə liderlər arasında deyil. Hafiz bəyin özünün də maddi vəziyyəti  yaxşı deyil. Biznes proektlərin əksəriyyəti sıradan çıxıb, qalanlar da yarı ölü vəziyyətdədir.  

Bir sözlə, iflasa da uğramaq olar, biznesdə əlinin gətirmədiyi vaxtlar da olar, əsas odur ki, vacib adamların gözündən düşməyəsən. Azərbaycanda gözdən düşmək ölümə bərabərdir!   

Pulu azalanlar

Əksər dağılan klubları bu sıraya aid etmək olar. Vaxtilə maddi baxımdan və azarkeş sayına görə Azərbaycanın 1 nömrə klubu olan “Xəzər Lənkəran”dan tutmuş avrokuboklarda oynamış “Karvan”a kimi.

Mübariz Mənsimovun sahibi olduğu “Xəzər Lənkəran” futbolçuların transfer qiymətlərinin süni surətdə qalxmasının əsas səbəbkarı idi. İş adamına bu barədə sual verilləndə o, futbolçulara layiq olduqları pulu verdiklərini deyirdi. Ancaq “layiqli futbolçular” o cür zəngin büdcə ilə komandanı avrokuboklarda heç pley-off mərhələsinə də gətirib çıxara bilmədilər. Son mövsümü I diviziondan gələn futbolçularla oynayan Cənub klubu elitanı tərk edən kimi fəaliyyətini dayandırdı. O vaxt bununla bağlı müxtəlif versiyalar səslənsə də, əsl səbəb bir müddət əvvəl ortaya çıxdı. Dəhşətli yeyinti, havaya sovrulan milyonlar öz yerində, amma məsələnin mahiyyəti Palmali ilə SOCAR arasında olan anlaşmazlıq imiş. Əsas gəliri neft daşınmalarından olan şirkətin qara günləri də məhz neftin qiymətinin düşməsindən və Mənsimovla  Rövnəq Abdullayevin ortaq məxrəcə gəlməməsindən sonra başladı. Pulu azalan, biznesi iflasa gedən adamın yadına təbii ki, futbol düşməz.  Olan isə “Xəzər Lənkəran” azarkeşlərinə oldu. Cənub bölgəsi böyük futbolsuz qaldı.

Nurçuların dəstək verdiyi klub

“Karvan” da qısa vaxt ərzində böyük uğurlar əldə edən klublardan idi. Yevlax kimi o qədər də böyük olmayan rayonda bu cür klub yaratmaq heç də asan məsələ deyildi. Amma həmin dövrdə Yevlaxın icra başçısı olar Elmar Vəliyev qardaşı Şahmar Vəliyevlə birgə kluba pul xərcləyən iş adamı Cavanşir Şirəliyevə patronajlıq edirdilər. Yevlax klubunun nurçularla əlaqələrinin olması da heç kimə sirr deyildi. Hətta təsəvvür edin ki, “Zaman” qəzetinin nəznində yaradılan “Çempion”da “Karvan” haqqında bir cümlə belə tənqidi fikir gedə bilməzdi. Şirəliyevin biznesində problemlər yaranan kimi Yevlax komandasının da çətinlikləri baş qaldırmağa başladı. “Karvan” dağıldıqdan sonra Elmar və Şahmar Vəliyevlər bir neçə dəfə klubu dirçəltməyə cəhd göstərdilər. Hətta Yevlax klubunun I dəstədə mübarizə aparan vaxtları da oldu. Ancaq bu müvəqqəti həvəsdən o yana getmədi. Vəliyevlər başa düşdülər ki, futbola pul xərcləmək mənasız işdir. Həm də Elmar Vəliyevin Gəncəyə icra başçısı getməsi də “Karvan”ın bir dəfəlik tarixin yaddaşına köçməsində müəyyən rol oynadı.

Müşahidə Şurası, yoxsa AFFA-nın oyuncağı?

Əslində futbol klublarmızın dağılma səbəbləri oxşardır. Bu, birinci növbədə idarəetmənin bir nəfərdən asılı olması ilə əlaqədar idi. Həmin adamın biznesində problemləri yaranan kimi klubun da gələcəyi dumanlı görünürdü. Məhz bunun üçün AFFA klublarda Müşahidə Şurasının yaradılması haqqında qərar verdi. Amma sonrdan məlum oldu ki, bunun əsas mahiyyəti klublara yardım etmək yox, hər kəsi vahid mərkəzdən idarə etmək və müxaliflərin yoxa çıxmasına nail olmaq idi.

Tannmış iqtisadçı Samir Əliyev klubların dağılmasını və özünü idarə edən subyektə çevirilə bilməməsini belə izah edir: “Azərbaycanda futbol klublarına, eləcə də medianın özünə münasibətdə sahibkarlıq prinsipləri formalaşmayıb. Bunun həm obyektiv, həm də subyektiv səbəbləri var.  Bu yanaşma sahibkarlıq prinsipləri əsasında olmadığından sonda nəticə də uğursuz olur”.

Samir bəyin sözlərinə görə, klublarımızın dağılmasının bir neçə səbəbləri var: “Komandaların oyun səviyyələrinin aşağı olmasından tutmuş, əhalinin həyat və yaşayış durumuna qədər bir çox ciddi səbəblər var. Bütün dünyada klublar simvolika satışından böyük qazanc əldə edirlər. Gəlin, görək, Azərbaycan komandaları forma, eləcə də digər bu cür məhsulların satışından pul qazana bilirlər? Bundan başqa, hər hansı futbolçu transfer edilir və klubun büdcəsinə xeyli gəlir gətirir. Buna görə də klublar uşaq futbolunu inkişaf etdirməkdə, yeni istedadları üzə çıxarmaqda maraqlı olurlar. Müqayisəm bir qədər kobud alına bilər, ancaq bu, inkubator cüclərini yetişdirib, böyüdüb gələcəkdə onlardan pul qazanmağa bənzəyir. Bu məsələdə bir çox subyektiv səbəblər də var. Klublar bu strategiyanı düzgün qurmur, çox vaxt bu sahədə işləyənlərin menecerlik, sahibkarlıq elementlərindən anlayışı olmur”.

“Klublar sahibkarlara yox, məmurlara bağlıdırlar”

İqtisadi ekspert  Azərbaycan klublarının demək olar ki, 100 faiz donorlardan asılı olduğunu deyir: “Ronaldinyo kimi dünya səviyyəli ulduzu gətirib onun adına məktəb açırlar. Ancaq bu uzun müddətli ola bilməz. Bu gün pul varsa, məşhur adamlar gəlib burda işləyəcəklər. Sabah pul azalanda bu tipli məktəblər də fəaliyyətini dayandıracaq. Uzun müddətli strategiya olmadığından futbol klublarının da ömrü uzun çəkmir. Klublar hansısa sahibkara yox, məmurlara bağlıdırlar. Onlar da  xidmətin yüksəldilməsini yox, müəyyən siyasətə qulluq etməyi qarşılarına məqsəd qoyurlar. Bir sözlə, qısa müddətli nəticəyə əsaslanmış fəaliyyət əsas götürülür.

 

Azərbaycan futbolunun inkişafı üçün ölkədə iqtisadi idarə etmənin dəyişməsi rol oynaya bilər. İqtisadiyyatın rıçaqları işləmədiyindən onun bir hissəsi olan futbolda da ciddi uğurlar qazanmaq olmur. SSRİ dövründə də beləydi. Sovet idarəetməsi mükəmməl olmadığından klublar və milli komanda istənilən nəticələri əldə edə bilmirdi. Bunun da səbəblərini futboldan çox, sadaladığım iqtisadi səbəblərdə axtarmaq lazımdır”. 

Son redaktə Çərşənbə axşamı, 30 May 2017