wrapper

AFFA yanında Media Komitəsinin qaliblərindən olan Futbol11.az saytı  “İstənilən aktual mövzuda fərdi jurnalist araşdırması”istiqaməti üzrə “Klubları özü-özünü dolandıran təsərrüfat subyektinə çevirilmə yolları layihəsində silsilə yazıları davam etdirir.

Son vaxtlar Azərbaycana gələn turistlərin sayı artır. Düzdür, ölkəmizi görmək istəyənlərin əksəriyyətinin Ərəb ölkələri və İrandan olması bir çoxlarını qıcıqlandırsa da, “buna da min şükür” deyənlər var. Təbii ki, istənilən şəhərə gedən turist ilk növbədə mərkəzi küçələri, tarixi məkanları gəzməyə üstünlük verir. Orta statistik turist üçün ən vacib amillər yaxşı əyləncə məkanları, şoppinq üçün əlverişli qiymətlər və tarixi abidələrdir. Aydındır ki, Bakıya gələnləri biz birinci növbədə Nizami küçəsi (Torqovı) və İçərişəhərdə görürük.  Artıq ictimai-iaşə obyektləri də müştərləri cəlb etmək üçün müəyyən addımlar atırlar. Şəhərin mərkəzindəki kafe və restoranlarda ərəb dilində menyuların peyda olması, həmin məkanlarda şərq musiqilərinin səsləndirilməsi dediyimiz yeniliklərdəndir.

Ərəblərə futbol lazımdır? Niyə də yox?!

Təsəvvür edin ki, Bakıya gələn bir iraqlı həm də futbol həvəskarıdır. Avropa Liqasının oyunlarına da böyük həvəslə baxır, Azərbaycanda hansı komandaların olmasından xəbərdardır.  Həmin Mister X iraqlı adını avrokuboklarda eşitdiyi “Qarabağ”, “Qəbələ”, “Neftçi” klublarının fanşopunu axtarmaq sevdasına düşür. Hə, bu  yerdə Kərəmi ağlamaq tutur. Nizami küçəsi tərəfdə hər hansı klubumuzun formasını və ya simvolikasını satan dükan əvəzinə publar, əyləncə məkanları və ərəblərin gəlişindən sonra göbələk kimi artmağa başlamış “gecə quşları” ilə rastlaşacaqsınız.  

“Barsa” var, “Tottenhem”var,  bəs “Qarabağ”?

Səməd Vurğun küçəsində yerləşən United Sport mağazası şəhərin ən böyük idman malları dükanlarındandır. Burda “Barselona”dan tutmuş, “Tottenhem”ə kimi əksər Avropa klublarının formasını tapmaq mümkündür. Amma əlimizdə çıraq Azərbaycan komandalarından nəsə nişanə axtarsaq da, qarşımıza çıxmadı. Və soruşduqda məlum oldu ki, “təəssüf ki, hələ yoxdur. Yaxın vaxtlarda gəlməsi gözlənilir”.

“Qəbələ” fanşoplardan ayda 2 min qazanır

Hamıya gün kimi aydındır ki, turistlərin Bakıda ən çox baş çəkdiyi məkanlar böyük mollardı. Ancaq ticarət və əyləncə mərkəzlərinin əksəriyyətində bizim klubların formasını tapmaq mümkün deyil.  Düzdür, “Ganclik Mall”dakı “Go Sport” mağazasında “Qəbələ”yə aid müəyyən akssesuarlara rast gəlmək olar. Amma ürəyin istəyən, geniş seçim yoxdur. Hərçənd “Qəbələ” digər klublarımıza baxanda bu cəhətdən bir qədər öndədir. Komandanın həm Qəbələ stadionunda fanşopu var, həm də “Qafqaz  Resort” otelində. Düzdür, oteldə ola bilsin ki, ürəyinizdən keçən heç də hər şeyi tapa bilməyəsiniz. Amma stadionda seçim imkanı daha genişdir. Bundan başqa, “Qəbələ” azarkeşləri paytaxtdakı “Sport Store” mağazasından da alış-veriş edə bilərlər. “Qəbələ”nin fanşoplardan aylıq dövriyyəsi təxminən 2 min manat civarındadır.

Rəsmi fanşopu olmayan komanda – “Qarabağ”!

Ardıcıl 3 ildir Avroliqanın qrup mərhələsində çıxış edən “Qarabağ” da bu sarıdan vəziyyət o qədər də yaxşı deyil. Komandanın Bakıda rəsmi fanşopu yoxdur.  Halbuki “Qarabağ”ı ən azı adına görə, turistlərə, əcnəbilərə tanıtdırmağın vacibliyindən uzun-uzadı danışmağa dəyməz.  Ağdam komandasına aid nəsə almaq istəyirsinizsə, gərək klubun saytına baş vurub online sifariş verəsiniz. Düzdür, komandanın Avropa Liqasındakı oyunları vaxtı Gənclikdəki Bazar Store-larda nəsə tapmaq olur. Amma bu yalnız matç günləri təşkil edilir.

Şəhərdəki bəzi idman malları mağazalarında “Qarabağ”a aid bəlkə də nəsə tapa bilərsiniz, ancaq bunun original olacağına heç kim təminat vermir.

Azərbaycanın ən köklü klubu “Neftçi” bu yaxınlarda fanşop və  muzeyini istifadəyə verdi. “Bakcell Arena”da fəaliyyət göstərən mağazada “ağ-qara” rənglərə könül verənlər üçün geniş seçim var.  Amma razılaşarsız ki, oyun günü deyilsə, çətin ki, kiminsə yolu “Bakcell Arena”dan düşsün. Əslində “Neftçi” kimi klubun şəhərin mərkəzində və ya Tofiq Bəhramov adına stadionun yaxınlığında -  “Gənclik”də böyük fanşopu olmalıdır. Paytaxt klubunun rəsmi saytı vasitəsi ilə də online sifariş vermək mümkündür. Şəhərin mərkəzində “Neftçi”nin geyindiyi Kappa-nın rəsmi dükanı olsa da, hazırda orda yalnız məşq formaları satılır. Oyun formalarından səs-soraq yoxdur.

640 minlik şəhərdə 37 satış nöqtəsi

Uzağa getməyək, bəs, Rusiyada vəziyyət necədir? Şimal qonşumuzda futbol qədər xokkey də yetərincə populyar idman növüdür.

Sankt-Peterburqun SKA komandası Kontinental Xokkey Liqasının son qalibidir. Bu klub şəhərdə heç də “Zenit”dən az sevilmir. Hərbçilərin tək elə Piterdə 12 satış nöqtəsi var. 

Bu il pley-offa vəsiqə qazana bilməyən Riqanın “Dinamo” klubu azarkeşlərinin sayına görə, “Skonto”nu üstələyir desək, yəqin ki, yanılmarıq. Komandanın ev oyunlarını keçirdiyi 10300 tamaşaçı tutumuna malik “Arena Riqa” əksər vaxtlarda agzına kimi dolu olur. Latviyanın paytaxtı Riqada 640 min əhali yaşasa da, şəhərdə “Dinamo” xokey klubunun 37 satış nöqtəsi var.  Yəqin razılaşarsınız ki, fantastik göstəricidir!

Bəs futbolda vəziyyət necədir? Vaxtilə Ələkbər Məmmədovun çıxış etdiyi, böyük tarixə malik Moskva “Dinamo”su indi I dəstədə mübarizə aparsa da, yenə də kifayət qədər azarkeşi var. “Ağ-mavilər”in Rusiya paytaxtında 2 rəsmi fanşopu fəaliyyət göstərir.  

“Red-White Store”də quş südündən can dərmanına kimi hər şey var

Təbii ki, şimal qonşumuzda ən populyar futbol klubu “Spartak”dır. 16 il ildən sonra çempion olmasına baxmayaq, “qırmızı-ağlar” Rusiyada ən çox sevilən komandadır. Təsadüfi deyil ki, “Spartak”ı xalq komandası kimi qəbul edilir. “Spartak”ın rəsmi fanşopları “Red-White Store” adlanır. Klubun rəsmi dükanı 500 kvadrat metr ərazini əhatə edir. Bura yalnız satış məntəqəsi deyil. “Red-White Store-də azarkeşlər üçün müxtəlif xidmətlər göstərilir. İstədiyin futbolçunun soyadını formanın arxasına yazdırmaqdan tutmuş, butsılara xüsusi naxışların vurulmasına qədər. “Spartak”ın da Moskvada iki iki rəsmi fanşopu var.  

 

Əhalinin sayını və yaşayış səviyyəsini nəzərə alsaq, təbii ki, Azərbaycan Rusiya ilə ayaqlaşa bilməz. Amma bu o demək deyil ki, ölkəmizin aparıcı futbol klublarının şəhərin mərkəzində satış nöqtələri olmamalıdır. Bəlkə də 5-10 il bundan qabaq bu məsələ heç yada düşməzdi. Amma indi vəziyyət fərqlidir:  “Qarabağ” və “Qəbələ” Avropa Liqasının qrup mərhələsində çıxış edirlər. “Neftçi” isə hələ keçmiş SSRİ dövründən Azərbaycanın əsas komandası kimi tanınır. Fanşop isə təkcə gəlir mənbəyi demək deyil, həm də yaxşı reklamdır. 

Son redaktə Çərşənbə, 07 İyun 2017