wrapper

AFFA yanında Media Komitəsinin qaliblərindən olan futbol11.az saytı “İstənilən aktual mövzuda fərdi jurnalist araşdırması” istiqaməti üzrə “klubları özü-özünü dolandıran təsərrüfat subyektinə çevirilmə yolları” layihəsində silsilə yazıları davam etdirir.

Son iki mövsümdə Topaz Premyer Liqasında ən  az pul xərcləyən komanda AZAL oldu. Komanda ötən mövsüm elitanı tərk etsə də, 2015/2016-cı illər mövsümündə az qala Avropa Liqasına vəsiqə qazanacaqdı. 12 il bu komandada Mətbuat Xidmətinin rəhbəri, menecer vəzifələrində çalışmış, hazırda “Neftçi”nin baş meneceri olan Eldəniz Yusifovla məhz klubların özlərini dolandırma yollarından və qənaətdən danışdılq. Qeyd edək ki, müsahibə Yusifov “Neftçi” klubuna keçməmişdən əvvəl götürülüb.

- Niyə bir neçə il fəaliyyət göstərən klub bir günün içində dağılır?

- Əvvəlcə baxmaq lazımdır ki, klublar hansı məqsədlərlə yaranmışdı. Klublar təsis olunanda ya özəl şirkətlər onlara sponsorluq edir, ya da dövlət təşkilatlarının köməyi ilə fəaliyyətə başlayırlar. 2005-2015-ci il “Futbolun inkişafına dair dövlət proqramı” bu məsələdə xeyli kömək oldu. Elə AZAL klubu da 2005-ci ildə yarananda məhz ölkə prezidenti cənab İlham Əliyevin imzaladıgı “Futbolun inkişafına dair dövlət proqramı” əsas götürüldü. Qısa müddət ərzində həm klubun infrastrukturu yaradıldı, həm də iki il ərzində güclü komanda formalaşdırıldı. Və AZAL iki dəfə ölkəmizi Avropa Liqasında təmsil etdi. Özəl qurumların sponsoru olduğu klublarda sonradan müəyyən problemlər ortaya çıxdı. “Xəzər Lənkəran”, “Karvan”, “Bakı”nı misal çəkə bilərik. Dövlət proqramına əsasən infrastruktur layihələri də həyata keçirilirdi. Həm də o dövrdə futbolun tələbləri  başqa idi. Azərbaycan klubları 2007-ci ildən fəal şəkildə lisenziyalaşdırma proqramına qoşuldular. Əvəllər hır hansı komandada 50-60 işçi olurdusa, sonrada say artmağa başladı. Uşaq futboluna yeni məşqçilər, skautlar cəlb olundu. Hər klubun nəznində müxtəlif yaş qrupları üzrə komandalar fəaliyyət göstərməyə başladı.Onların ev, səfər oyunları,yəni xərclər 5-6 dəfə artdı. Amma bu da lisenziyalaşdırmanın tələbləridir. 

- Hər dəfə bu məsələlər müzakirə olunanda lisenziyalaşdırma ön plana keçir. Ancaq götürək Estoniya, Latviya kimi ölkələri. Aydın məsələdir ki, orda futbol klublarının maddi imkanları yaxşı deyil. Yaxşı, bəs onlar liseziyanın şərtlərini necə yerinə yetirir? Ümumiyyətlə, bütün ölkələrdə şərtlər eynidir?

- Mən bildiyim qədər bu məsələdə ölkənin reytinqinə fikir verilir. Məsələn, Avropada “böyük beşlik” ölkələri çempionatlarında tələblər daha ağırdı. “İkinci eşalon” dövlətlərində bu bir qədər sadələşdirilir. MDB və sonradan yaranan ölkələrin klubları üçün minimal tələblər idi.  Amma get-gedə tələblər böyüyür. Burda əsas məqsəd futbol klublarının bir-birinə uyğunlaşdırılmasıdır. Tutaq ki, Avropa Liqasında Malta və Türkiyə komandaları üz-üzə gəlirdi. Bu iki klub arasında böyük səviyyə fərqi yaranırdı. Söhbət oyun planından getmir. Ona görə də UEFA klublar arasında bu cür  uçrumun yaranmaması üçün tələblər irəli sürməyə başladı. Artıq Azərbaycan klublarıının qarşısına qadın futbol komandaları yaratmaq tələbi də qoyulub. Çünki FİFA və UEFA qadın futboluna da böyük önəm verir.

- Qadın komandaları ilə bağlı şərtlər bayaq adını çəkdiyimiz  Estoniya və Latviya klublarına da şamil olunurmu?

-Peşəkar futbol klubudursa, bütün bunlar yerinə yetirməlidir. Amma bəzi federasiyalar bunu fərqli formada gerçəkləşdirir. Hər klubda tutaq ki, bütün yaş qrupları üzrə komandalar olmalıdır. Ancaq onların yalnız 3-4-nün çempionatı keçirilməlidir. Səhv etmirəmsə, hələ də Belarusda 14 yaşa qədər çempionat yoxdur.  Büdcə qurulanda bir var əsas komandanı, əvəzedici heyəti və infrastrukturu nəzərə alasan, bir də var bir neçə aşağı yaş qruplarını. Bütün bunlara görə ildən ilə xərclər artır. Bir mövsümü 800 minlə başa vurursansa, növbəti ildə artıq bundan 2 dəfə çox  büdcə lazım gəlir. Belədə istər-istəməz büdcə qıtlığı yaranır. Düzdür, son vaxtlar AFFA aşağı yaş qrupaları ilə bağlı klublara müəyyən kömək edirdi. AZAL son 3 ildə stadion baxımından federasiyadan çox dəstək aldı. Aşağı yaş qrupları Binə stadionunda məşq edirdilər və AFFA bu arenada məşq etmək üçün heç bir vəsait almırdı.

-  AZAL yeni yarananda büdcə tam fərqli idi. Komanda bahalı transferlər edə bilirdi.Sonradan büdcə xeyli azaldı. Amma klub bir ara az qala yenidən avrokuboklara gedə bilərdi. Son anda bu rəqabətdə “Neftçi”yə uduzdular. Necə etmək olar ki, həm qənaət edəsən, pulun çox çıxmaya, həm də rəqabətə davamlı komanda olsun.

- AZAL-da büdcənin azalması futbolçu transferində, eləcədə məşqçi və oyunçu heyətinin maaşlarında özünü göstərdi. Əgər əvəllər AZAL ayda 10 min dollar alan legioner transfer edə bilirdisə, 2015/2016-cı il mövsümündə bu mümkün olmadı. Büdcə hardasa 80 faiz azaldı. Transfer büdcəsindəki qıtlıq klubun infrastruktur imkanlarına təsir göstərmədi. Çünki əvvəldən  stadion, baza var idi. Həm də qidalanma və digər bu kimi xərclər büdcəyə daxil deyildi. Bu xərcləri sponsor ayrıca qarşılayırdı.Əsas çətinlik məhz transferlər zamanı ortaya çıxırdı. Klubun vitse-prezidenti Fikrət Hüseynov və baş məşqçi Tərlan Əhmədovun ciddi səyləri nəticəsində çıxış yolu tapıldı. Onlar çətin dövrdə kluba cəlb olunan futbolçuları əmək haqqına görə deyil, özlərinə görə oynamaga inandırdılar. Bir müddət futbolsuz qalan, oynadıqları komandalarda  müəyyən problemləri olanlar heyətə cəlb edilldi.  Və onlarda inam yaratdıq ki, bu müvəqqəti çətinlikdir, sizin üçün yeni  şans yaranır. Rail Məlikov müqavilə bağlayanda heç pul söhbəti etmədi. Sadəcə dedi ki,  yenidən özümü sübut etmək istəyirəm. O, qısa müddət ərzində komandanın liderinə çevirildi. Təsadüfi deyil ki, sonradan “Sumqayıt” Railə bəlkə də AZAL-da aldığından 10 qat artıq pul verdi. Legionerləri də bu cür razı salmaq mümkün oldu. Adan Koronado AZAL-a Almaniyanın regional liqasından gəlmişdi. Burda oynadıqdan sonra təkliflər aldı.  Hətta bir ara Çin klubu da onu istəyirdi. Ancaq ailə məsələlərinə görə getmədi. Maddi çətinlik yarananda əsəs məsələ o idi ki, klub ona ayrılan transfer büdcəsinə əsasən xeyirli futbolçu tapa biləcəkmi? Klub rəhbərliyinin məsələdə düzgün mövqe tutması həlledici oldu. Büdcə klubun yeni strategiyası ilə düzgün uygunlaşdırıldı. Baş məşqçinin də əməyini danmaq olmaz. O, oyunçuları inandıra bildi. Düzdür, bütün bunlar klubun uzunmüddətli yaşaması baxımından önəmli olmadı. Ancaq AZAL-ın bu islahatları digər klublara büdcələrinə yenidən baxıb, qənaət etmək baxımından vacib rol oynadı. Bir növ digər klublar da qənaət etməyi öyrəndilər.

-  Yəni demək istəyirsiz ki, AZAL büdcəyə qənaət etmək və ağıllı iqtisadi siyasət yeritmək baxımından bir çox komandalara yol göstərdi?

- Baxın, əvəllər bəzi klublar 15-20 futbolçunu birdən baxışa çağırardılar. 10 oyunçu ilə birdən müqavilə bağlayırdılar. Pul var idi deyə, qorxmurdular ki, hansısa futbolçu özünü doğrultmayacaq, ona xərclənən vəsait batacaq. 2012-ci ildə Vaqif Sadıqov AZAL-a gələndə 3-4 əcnəbi futbolçu var idi ki, maaşları çox yüksək idi. Sadıqov Türkiyədə təlim-məşq toplanşında yoxlama oyunlarından sonra həmin futbolçuları çağırıb izah etdi ki, sizin qiymətiniz bu deyil. Sübut edə bilərəm ki, bu qiymətə layiq deyilsiz. Maraqlıdır ki, həmin futbolçular sonradan maaşlarının 30 faizədək azalmasına razılıq verdilər. Onlardan heç biri özünü sonradan digər klublarda göstərə bilmədi. Yalnız Usim Nduka 6 ay Türkiyədə “Tavşanlıspor”da oynadıqdan sonra qayıtdı “Simurq”a.

 - Xaricdə klublar bilet satışından. Fanşoplardan külli miqdarda qazanc əldə edirlər. Bizdə hələ bir neçə ilə də bu çətin reallaşsın. Bəs Azrbaycan komandaları futbolçu satışından qazana bilərlərmi?

 - AZAL tarixindən 2 fakt deyə bilərəm. Tales Şütz vaxtilə AZAL-dan “İnter”ə transfer olundu. Böyük məbləğ olmasa da, hər halda o dövr üçün normal kompensasiya ala bildik. AZAL Nildonu “Xəzər Lənkəran”a satdı. Bundan başqa, Benuahini Rusiyanın iddialı klublarından biri istəyirdi. Sadəcə futbolçu vaxtnda qərar vermədi, ona görə də transfer baş tutmadı.  Son illərdə uşaq futboluna diqqət artıb deyə, 15-19 yaşlı istedadlı oyunçuları da başqa klublara satıb, az miqdarda olsa da, qazanmaq mümkündür. Eyni zamanda xaricdən gənc, perespektivli futbolçu gətirib, uzun müddətli müqavilə bağlasan və həmin oyunçu özünü sübut edə bilsə, yenidən onu öz ölkəsinin klubuna da satmaq olar. Bir çox klublarımızda sırf bu işlə məşğul olan adamlar yoxdur.  Hər klubda belə ştat olsa və orada futbolu bilən, təcrübəli, intelektual düşüncəli kadr çalışsa, bu sahə inkişaf edər. Təəssüf ki, klub formalaşarkən, həmişə bu ştat yaddan çıxır.

-  Azərbaycanda klubların özü-özünü idarə edən quruma çevirilməsini hələ çoxmu gözləyəcəyik?

- Çətin ki,  hər hansı klub 5 ildən sonra da özünü dolandıra bilsin. “Qarabağ”la “Qəbələ” misalı var. Ağdam klubu 3 ildir ardıcıl avroliqada qrup mərhələsində oynayır. “Qəbələ” isə iki ildir eyni uğura imza atır. Fikrimcə, bu iki komanda UEFA-dan gələn gəlir sayəsində illik xərclərinin böyük hissəsini qapadırlar. Amma bu yetərli deyil. Hər il avrokuboklarda, daxili çempionatda gözəl oyun nümayiş etdirib azarkeş ordusu qazanmaq lazımdır. Avropa Liqasının qrup mərhələsində çıxış edən iki klubumuzun oyununa uzağı 3 min azarkeş gəlir. Yadımdadır, 2000-ci ildə ölkə kubokunun finalında “Neftçi”- “Şəmkir” matçında Tofiq Bəhramov adana Respublika stadionunun əksər hissəsi dolmuşdu.

- Azarkeş məsələsinə toxundunuz. “Qarabağ”da “Qəbələ” də 2-3 ildir stabil oyun nümayiş etdirir. Amma iş orasındadır ki, onların da ev oyunlarına 2-3 min azarkeş gəlir.

- Burda marketinqin növbəti mərhələsi ön plana çıxır. Forma satışı,fanşoplar,təbliğat. Amma reallıqları da nəzərə almaq lazımıdır. Yenə deyirəm, hər hansı klub düzgün siyasət aparsa belə, yaxın 5 ildə özünü dolandıra bilməyəcək.  Reallıq budur ki, Çempionlar Liqasının, Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb, ordan gəlir götürəsən. Bir də futbolçu satışından qazanmaq olar. Tutaq ki, “Qarabağ” Reynaldonu “Adanaspor”a sata bildi. Avrokuboklar bu baxımdan vitrindir. Sən həm də oyunçularını təklif edirsən, futbolçular diqqət mərkəzinə düşür. Əəsas məsələlərdən biri futbolçularla düzgün müqavilələr bağlamaqdır. Şərtlər klubu qane edəcək səviyyədə olmalıdır ki, hər hansı təklif gəlsə, klubla futbolçu arasında anlaşmazlıq yaranmasın. 

Son redaktə Çərşənbə axşamı, 20 İyun 2017