wrapper

AFFA yanında Media Komitəsinin qaliblərindən olan Futbol11.az saytı  “İstənilən aktual mövzuda fərdi jurnalist araşdırması”istiqaməti üzrə “Klubları özü-özünü dolandıran təsərrüfat subyektinə çevirilmə yolları” layihəsində silsilə yazıları davam etdirir.

6 il ölkəmizdə “İnter”ə rəhbərlik etmiş Kaxaber Tsxadadze bu yaxınlarda “Futbol+” qəzetinə verdiyi müsahibədə maraqlı fikir səsləndirdi. “Kayrat”ın baş məşqçisi Qurban Qurbanovun çoxdan Azərbaycan çempionatının səviyyəsini keçdiyini, onun daha güclü çempionatda işləməsinin vacibliyini vurğuladı.

Abdullayevdən Diniyevə kimi...

Doğrudan da maraqlı fikirdir. Ölkəmizdə belə, çoxlarının tanımadığı Asim İbrahimovun “Adanaspor”da işlədiyini bir kənara qoysaq, uzun illərdir ki, mütəxəssislərimiz Azərbaycan sərhədlərini aşa bilmirlər. Bizim məşqçilərə onsuz da heç vaxt post-sovet məkanında və ya Türkiyədə geniş ehtiyac olmayıb. Düzdür, Ruslan Abdullayev 1999-2000-ci illərdə “Ərzrumspor”da, Şahin Diniyev isə bundan 9 il sonra Rusiyada – “Terek”də məşqçi kimi fəaliyyət göstərdi. Amma bu da epizodik xarakter daşıyırdı. Əslində bu Diniyevin Çeçenistan paytaxtına ikinci səfəri idi. Qroznıda yaxşı əlaqələri olan “Kəpəz”ın çalışdırıcısı 2001-ci ildə də “Terek”də işləyib. Amma onda nə “Terek” indiki “Terek” idi, nə də Diniyev həmin Diniyev.

Rusiya futbolunda iz qoymuş Nazim Süleymanovun az da olsa şimal qonşumuzda məşqçilik təcrübəsi olub. “Alaniya” ilə Rusiya çempionu olan hücumçu karyerasının son illərini Soçinin “Jemçujina” klubunda keçirdi. Bir müddət bu komandada oynayan-məşqçi olan Sulya 2002-ci ildə I divizionda çıxış edən klubun sükanı arxasına keçdi. Həm klubun maddi vəziyyətinin pisləşməsi, həm də yeni yaranan “Xəzər Lənkəran”dan dəvət Rusiya karyerasının qısa vaxtda başa çatmasına səbəb oldu.

Rusiyada Belarus dəst-xətti

Rusiya çempionatına diqqət yetirdikdə post-sovet məkanının bir çox ölkələrindən mütəxəssislərin burada uğurla işlədiklərinin şahidi oluruq. Hazırda yüksək liqada Belarus futbolunun yetirməsi olan iki məşqçi fəaliyyət göstərir. Keçmiş “Terek”, indiki “Axmat” klubunu bir vaxtlar bizim komandaların da maraq göstərdiyi Oleq Kononov çalışdırır. 51 yaşlı mütəxəssis Rusiyanın Kursk şəhərində anadan olsa da, məşqçilikdə ilk addımlarını məhz Minskdə atıb. O, paytaxtın “Torpedo-MAZ” klubunda futbolçu karyerasını başa vurduqdan sonra bu komandada baş məşqçinin köməkçisi kimi işləməyə başlayıb. Kononov iki ildən sonra Minskin digər klubu – “Lokomotiv”də yenə ikinci rolda olur. Oleq Qeorqiyeviç özünü baş məşqçi kimi Ukraynada sübut edir – 2008-ci ildə “Karpatı”nın sükanı arxasına keçən mütəxəssis 2013-cü ildə Rusiyadan gələn təklifi müsbət cavablandırır. Kononov 2013-2016-cı illərdə “Krasnodar”da işlədiyi müddətdə özünü Rusiyanın ən yaxşı məşqçilərindən biri kimi tanıda bildi. Təsadüfi deyil ki, “Axmat”ı yeni mövsümdə məhz Kononov çalışdıracaq.

Rusiyada yetərincə tanınan belaruslu məşqçilərdən biri də Leonid Kuçukdur. O da Kononov kimi tanınmış futbolçu olmayıb. Kuçuk sovet dövründə II liqada çıxış edən “Qomselmaş” komandasında forma geyinib. 57 yaşlı mütəxəssis məşqçiliyə Belarusda “Dinamo 93” klubunda başlayıb. Paytaxtın “Lokomotiv” komandasında köməkçi işlədikdən sonra ilk dəfə 2004-cü ildə “Şerif”də əsas söz sahibinə çevrilir. Kuçuku məşqçi kimi tanıdan Moldovanın ən güclü təmsilçisi olur. 6 il “Şerif”də baş məşqçi işləyən Leonid Stanislavoviç bir müddət Ukraynada da çalışdıqdan sonra 2013-cü ildə “Kuban”ın sükanı arxasına keçir. 2013/2014-cü illər mövsümündə “Lokomotiv”in baş məşqçisi olan Kuçuk yeni mövsüm öncəsində Berdiyevin tərk etdiyi “Rostov”la anlaşdı.

Ada qaçanlar

Nə Kuçuk, nə də Kononov futbolçu kimi nəinki Sovet İttifaqında, heç Belarusda belə yetərincə tanınmayıblar. Hər iki məşqçi öz zəhmətsevərliyi və peşəkarlııqları hesabına bu pilləyə gəlib çıxıblar.

Rusiyada vaxtilə futbolçu kimi məşhurlaşmış və sonrada məşqçiliyə keçənlər də var. Elə götürək 2011-ci ildə “Simurq”da işləmiş Sergey Yuranı. Vaxtilə Kiyev “Dinamo”su, “Spartak”, “Benfika”, “Portu” kimi klublarda çıxış etmiş Yuranı daha çox sürətli hücumçu kimi xatırlayırıq. O, “Ximki”, “Sibir”, “Baltika” kimi klubları çalışdırsa da, özünü bu sahədə tam sübut edə bilməyib. Son vaxtlar biz ötənlərin məşhur forvardını “Matç” TV-nin eksperti qismində görürük. Amma Rusiyadada Azərbaycandakı kimi klub prezidentləri məşqçi axtararkən,  həmin adamın futbolçu karyerasına daha çox fikir verirlər.  Axı Yuran çoxları üçün ideal hücumçu olub. Onu hələ də  futbolçu kimi sevənlər az deyil. Eynən bizim Vəli Qasımov kimi. Əla karyerası olsa da, məşqçi kimi özünü heç cür sübut edə bilmir. Sonuncu dəfə işlədiyi “Neftçi”dən necə qovulması da hamının yadındadır.

Ötənlərin məşhurları

Rusiya çempionatının I divizionunda da post-sovet məkanından olan məşqçilər çalışır. 2009-cu ildə Azərbaycana gələn və qısa vaxt ərzində “Standart”ı çalışdıran Valdas İvanauskas bir müddət əvvəl Rusiyanın ən ucqar bölgələrindən olan Vladivastoka yollandı. Onun qarşısına “Luç-Energiya”nı gələn mövsüm elitaya çıxarmaq məqsədi qoyulub. İvanauskası şimal qonşumuzda hələ futbolçu vaxtlarından xatırlayırlar. O, “Jalgiris”in liderlərindən olsa da SSRİ çempionatında qısa vaxt ərzində ÇSKA və “Lokomotiv” klublarında da oynamağa imkan tapıb. İvanauskas Rusiyaya ilk dəfə məşqçi kimi 2013-cü ildə gəldi. Litvalı mütəxəssis iki il SKA “Energiya”nı çalışdırsa da, bu komandayla ciddi uğur qazana bilmədi. Xabarovsk macərasından sonra bir il Kiprdə - “Etnikos”da işləyən İvanauskasın görək, “”Luç-Energiya” fəaliyyəti necə alınacaq?

I divizionun “cəngəllik qanunları”na ötənlərin daha bir tanınmış futbolçusu Temuri Ketsbaya da davam gətirməlidir. Gürcüstan tarixinin ən yaxşı futbolçularından olmuş yarımmüdafiəçinin “Nyukasl”dakı oyununu unutmamışıq. Futbolçu karyerasını Kiprin “Anortosis” klubunda başa vuran Ketsbaya məşqçiliyə elə bu klubda başladı. Beş il bu komandanın sükanı arxasında olan gürcü “Anortosis”i Çempionlar Liqasının qrup mərhələsinə çıxardı. Bu, həm də Kipr futbolu tarixində bir ilk idi. Gürcüstan yığmasında da 5 il işləyən Ketsbaya sonralar APOEL və AEK komandalarını da çalışdırdı. İndi onun qarşısında duran hədəf “Orenburq”u yenidən Rusiya çempionatının güclülər dəstəsinə çıxarmaqdır.

Rusiya bazarı üçün Qurban Qurbanovdan başqa nəticələrinə görə,  ikinci maraqlı azərbaycanlı məşqçi çətin ki olsun. Tsxadadzenin də dediyi kimi artıq Qurbanovun ölkə xaricində işləyib bu təcrübəni yaşaması gərəkir.  “Qarabağ”ın stabil kluba çevirilməsi, ölkə çempionatında ardıcıl uğurlu nəticələr və 3 il Avropa Liqasının qrup mərhələsinə yüksəlmək onun CV-ni xeyli dəyərli edir.

“Əsas dil bilməkdir”

Başqa ölkələri kənara qoysaq, ən azı Rusiyada işləyə biləcək hansı məşqçilərimiz var? Futbolçu kimi tanınanlar arasında yalnız Nazim Süleymanov, Vəli Qasımov və Dmitri Kramarenkonun adını çəkmək olar. Sulya belə görünür ki, Rusiya dəftərini bir dəfəlik qapadıb. 1992-ci ildə Moskva “Dinamo”sunun heyətində çempionatın ən yaxşı bombardiri olan Qasımov bütün imicini “Neftçi”də ləkələdi. Çətin ki, bundan sonra qarşısına ciddi məqsədlər qoyan klub ona baş məşqçi kimi şans versin. Kramarenko futbolçu kimi Rusiyada yetərincə tanınsa da, məşqçi kimi onun imkanları yüksək qiymətləndirilmir. Həm qapıçılarla işləyən məşqçilərin özünü sübut etməsinə çox vaxt gedir, həm də Dimanın xarakterindəki problemlər müstəqil şəkildə hər hansı komandaya rəhbərlik etməsinə mane olacaq.

Çıxış yolu nədir? Azərbaycanlı məşqçilər ölkə xaricində işləyə bilmək üçün nə etməlidirlər? Tanınmış menecerlərdən olan Vaqif Heydərlinin ekspert rəyi belə oldu: “Burda əsas problem ölkə futbolunun brend olub-olmamağıdır.Ümumiyyətlə, əvvəldən Rusiyada bizim məşqçiləri ciddi qəbul etməyiblər. Düzdür, Nazim Süleymanovun o vaxt bir az şansı oldu. Hətta bir müddət “Jemçujinada baş məşqçi də işlədi. Həmin vaxt əziyyət çəkib qalsaydı, bəlkə də orda məşqçi kimi nəyəsə nail ola bilərdi. Ancaq “Xəzər Lənkəran” klubu yaranan vaxt Azərbaycana gəldi və ondan sonra geri qayıtmadı. Vəli Qasımova gəlincə, hə, o da Rusiyada tanınmış futbolçu olub. Amma onun məşqçi bacarığı heçölkəmizdə işləməyə imkan vermirdi.  Onda məşqçi keyfiyyətləri, xarakteri yoxdur deyə, alınmadı. Şahin Diniyev də bir müddət “Terek”də işlədi.  Bildiyim qədəri ilə onu Rusiyada  mütəxəssis kimi də ciddi qəbul edirdilər. Sadəcə ailə problemlərinə görə Azərbaycana qayıtmalı oldu. Hazırda iş başında olan məşqçilərdən Qurban Qurbanovu qeyd etmək mümkündür. Öz üzərindəçox işləyir, işinə peşəkarcasına yanaşır. O, gündə 2 saat məşqlə kifayətlənmir, bunu artıq bir peşə kimi qəbul edir, bununla yaşayır. Dil baxımından bilmirəm, vəziyyət nə yerdədir, amma xarakteri, bacarığı imkan verir ki, ölkə xaricində işləsin. Digərləri ilə müqayisədə o, xaricdə fəaliyyət göstərməyə daha şanslı görünür.

Bir də işə yeni başlayan, həvəsli, gənc məşqçilər var.  Bu yaxınlarda Pro kateqoriyasıüçün kurslara qatılanların siyahısına baxdım Samir Abbasov, Rəşad Sadıqov eləcə də bu qrupdan əvvəl olan gənc məçqçilər Ayxan Abbasov, Elmar Baxşıyev dil öyrənməyəçalışırlar. Ümid edək ki, bu nəsildən çıxan məşçqçilərdən kimlərsə xaricdə işləyə biləcək.

Bu məsələdəəsas dil bilməkdir. Deyə bilərsiniz ki, Rusiyada işləmək bu baxımdan problem olmamalıdır. Çünki məşqçilərin əksəriyyəti rus dilini bilir. Amma söhbət məişətdə, adi həyatda istifadə olunan dildən getmir. Məşqçilər müasir futbolun özəlliklərindən xəbər tutmaq üçün ədəbiyyat oxumalıdırlar, müxtəlif proqramlarla tanış olmalıdırlar. Bunun üçün isə dili yaxşı bilmək lazımdır. Təbii ki, məşqçi bacarığı, savadı da öz yerində. Təəssüf ki, əksər məşqçilərimiz xarici dil bilmirlər vəöyrənməyə də cəhd göstərmirlər”.  

Son redaktə Şənbə, 15 İyul 2017