wrapper

AFFA yanında Media Komitəsinin qaliblərindən olan Futbol11.az saytı  “İstənilən aktual mövzuda fərdi jurnalist araşdırması”istiqaməti üzrə “Klubları özü-özünü dolandıran təsərrüfat subyektinə çevirilmə yolları” layihəsində silsilə yazıları davam etdirir.

Yeni mövsüm, yeni ümidlər

Fanatlar yeni mövsümdə komandalarını səbirsizliklə gözləyirlər. Yeni ümidlər, yeni hədəflər, yeni transferlər. Bu dəfə klub ötən mövsümdən nə ilə fərqlənəcə? Ümumiyyətlə, çempionatın əvvəli istənilən futbol azarkeşi üçün bayram ab-havasını xatırladır. Adətən fanatlar arasında “kimin transferləri daha yaxşıdır” mövzusunda mübahisələr də məhz bu dövrə təsadüf edir.   Həmin ərəfədə hamının maraqla gözlədiyi məqamlardan biri də sevimli klubunun yeni mövsümdə hansı formada meydana çıxması məsələsidir. 

Ümumiyyətlə, Avropada artıq forma təqdimatı klubun yeni mövsüm öncəsində əsas təbliğat işlərindən birinə çevirilib. Klublar hər il bununla bağlı yeni-yeni ideyalar həyata keçirir, bu yolla həm formaların satılmasına nail olur, həm də azarkeşləri bir araya gətirirlər   

“Şaxtyor” ötən günləri xatırladı 

Post-sovet məkanının öndə gələn ölkələri – Rusiya və Ukraynada bu sahədə vəziyyət daha yaxşıdır. “Şaxtyor” ölkədəki siyasi vəziyyətə görə ev oyunlarını “Donbas Arena”da keçirə bilməsə də, marketinq fəaliyyəti yenə yüksək səviyyədədir. Bu yaxınlarda klubun yeni formalarının təqdimatı ilə bağlı klip də çəkilib və “şaxtaçılar” bu işləri yüksək peşəkar səviyyədə yerinə yetirirlər. Klipi Ukraynanın tanınmış rejissorlarında olan Maryan Buşan çəkib. Aktyor qismində isə komandanın futbolçuları – Bernard, Fakundo Ferreyra, Viktor Kovalenko, Yaroslav Rakitskiy və kapitan Dario Srna iştirak ediblər. Klipin əsas qayəsi də “Şaxtyor” futbolçularının doğma arena, doğma şəhər - Donetsk üçün darıxdıqlarını göstərməkdir. 

Forma təqdimatı təkcə yeni məhsulun sərgisi, nümayişi deyil. Adətən bu ailə ortamında keçən bir tədbir olur. Azarkeşlər futbolçulardan avtoqraf alır, onlarla şəkil çəkdirmək, söhbət etmək imkanı qazanır, bir sözlə, klubla fanatlar arasında tellər daha da möhkəmlənir. Bu futbolçuların motivasiyasını artırmaq baxımından da önəmlidir. Oyunçular onların diqqət mərkəzində olduqlarını görürür, öz üzərilərində ictimai nəzarəti hiss edirlər. 

“Neftçi”nin işini “Zenit” gördü 

Rusiyanın ən yaxşı maliyyə imkanlarına malik klublardan olan “Zenit” ötən il forma təqdimatını Barents dənizində yerləşən “Prirazlomnaya” platformasında etmişdi.  Bu fotolara baxanda ağlınıza nə gəldi? Təbii ki, “Neftçi”. Sovet dövründə paytaxt klubunun üzvləri neft daşlarına baş çəkirb, orada işləyən fəhlələrlə də görüşürldülər. İndi kimsə deyəcək ki, bu sovet idealogiyasının müasir futbola nə dəxli? Amma təbliğat istənilən dövrdə və yerdə təbliğatdır. Və bundan maksimum istifadə etmək lazımdır. Bu il “Zenit” yeni formalarını “Sankt-Peterburq” stadionunda təqdim etdi. Bu da səbəbsiz deyildi. Komanda yeni mövsümdə ev oyunlarını məhz bu arenada keçirəcək və indidən həm futbolçuların, həm də azarkeşlərin bura öyrəşməsi lazımdır. Tədbirin aparıcısı isə “Matç” TV-nın şərhçisi Mixail Polenov idi. 

“Spartak” bu il bir güllə ilə iki dovşan vurmağı qərara aldı. İyulun 8-də komandaya qızıl medallar təqdim olunan gün ictimaiyyətə yeni formalar da nümayiş olundu. Düzdür, Rusiyada “xalq komandası”nın formasının dizaynını əksəriyyət bəyənmədi.  Formanın üzərində reklamların çoxalması azarkeşləri razı salmadı. Amma indi mövzumuz başqadır. Paytaxt komandasının tədbirində futbolçulardan Denis Davıdov, Fernandu və Qeorqi Djikiya iştirak etdi. Gecənin qlamur qonaqları da öz yerində. 2018-ci ildə keçiriləcək dünya çempionatının səfiri, məşhur fotomodel, gözəllik müsabiqələrinin qalibi Viktoriya Lopıryovanın aparıcılıq etməsi qonaqların nəzərlərinin formadan çox ona yönəlməsinə səbəb olmuşdu.  

“Lokomotiv” də bir neçə gün öncə azarkeşlərini öz stadionuna toplayıb, geyimlərini ictimaiyyətə təqdim etdi. Daha bir tanınmış şərhçi Pavel Zanozinin aprəarıcılıq etdiyi tədbirdə klubun liderləri və “Loko”nın tanınan, populyar azarkeşləri bir araya toplaşmışdı. 

“Saqqal darağı”

Bütün bu sadaladıqlarımız səbəbsiz deyil. Siz nə vaxtsa, Azərbaycan klublarının mövsüm öncəsində bu cür tədbir gerşəkləşdirib, mediani, azarkeşləri bir araya gətirib, forma təqdimatı etdiyini xatırlayırsınız? Mən yox. Əslində komandalarımızın o qədər problemi var ki, bu sualı versən, alacağın cavab  “hər darağım düzəlmişdi, qalmışdı saqqal darağı” olacaq. Əslində “Neftçi”, “Qarabağ”, “Qəbələ” kimi klubların bu cür tədbirlər keçirməsinə daha çox ehtiyac var. Adını çəkdiklərimiz ölkənin maddi cəhətdən ən imkanlılarıdır, bundan başqa onların azarkeş kütləsi də az deyil. “Ağ-qaralar”ın ötən mövsüm azarkeşlərlə bağlı yetərincə problemləri yarandığını nəzərə alsaq, məsələnin nə dərəcədə aktual olduğunu görərik. Gah baş məşqçi fanatları xuliqan adlandırdı, gah azarkeşlər komandanın oyunlarını boykot etdilər. Düzdür, bir neçə gün öncə azarkeşlər və rəhbər şəxslər iftar süfrəsi arxasında bir araya gəldilər. Və bunu barışıq üçün ilk addım saymaq olar. Ancaq “Neftçi” kimi diqqət mərkəzində olan klub bu cür tədbirləri daha geniş miqyasda, mətbuatın iştirakı ilə etməlidir. 

“Forma təqdimatı yeni mövsümə çağırışdır”

Bir çox idman tədbirlərinin aparıcısı, həmkarımız Sənan Şəfzadənin fikrincə, Azərbaycanda bunu önəmli hesab etməsələr də, əslində forma təqdimatı yeni mövsümə çağırışdır: “Təəssüf ki, klublarımız forma təqdimatında maraqlı deyil. Bəzən mövsümün əvvəlində elan edirlər ki, çempionata yeni geyimlə çıxacağıq və bununla da işlərini bitmiş hesab edirlər. Klublar forma təqdimatından gəlir gözləmir. Bu yalnız sponsorlar üçün önəmlidir. Amma ən vacib məsələ azarkeşlərin marağıdır. Yeni formanı görən, bəyənən azarkeş almaq istəyəcək. Düzgün marketinq strategiyasından çox şey asılıdır. “Atletik” (Bilbao) 2015/2016-ci illər mövsümündə formanın dizaynında cüzi dəyişiklik etdi. Ancaq düzgün təbliğat sayəsində yaxşı gəlir əldə etdilər. Bu çox vacib məsələ olsa da, bizdə gündəmdə deyil. Məsələnin digər tərəfi də ondan ibarətdir ki, əksər komandalarımızın formaları yenilənmir. “Real Madrid” mövsümün sonunda azarkeşlər arasında sorğu keçirir ki, nəyi dəyişmək lazımdır? İnkişaf etmiş ölkələrdə hətta forma təqdimatı mərasimlərinin belə, ayrıca sponsoru olur. Bu həm də yeni mövsümə çağırışdır, hədəflərin açıqlanması deməkdir. Futbolda düzgün marketinq siyasəti nəticəsində hər şeydən qazanmaq mümkündür. Polşada bir klub oyunlarına biletlərin yeni dizaynını da təqdim etmişdi. Hesab edirəm ki, bizim komandalar belə tədbirlər keçirməklə azarkeşlərin marağını cəlb edə bilərlər. Əslində bunun üçün böyük maliyyə vəsaiti də tələb olunmur. Bahalı yer kirayələməyə ehtiyac da yoxdur. Bunu klubun bazasında və ya stadionda da rahat şəkildə reallaşdırmaq mümkündür”.

“Hansı işimiz Avropa standartındadır ki?” 

Tanınmış köşə yazarı Anar Şabanoğlunun məsələyə münasibəti fərqli oldu: “Azərbaycanda azarkeş var ki, forma təqdimatı da olsun?! Heç milli komandanın formalarını alan yoxdu, o ki qaldı klubların. Bəlkə “Qarabağ” Çempionlar Liqasının qrupuna düşsə, nəsə dəyişə. Amma buna da inanmıram. 

Bu prosseslər sivil futbol ölkələrində olur. Bizim klublar ev oyunlarına nə vaxt illik abonent sata bildi ki, forma da təqdim etsin? Bir ara deyirdilər ki, “Neftçi”nin azarkeşi çoxdur, abonent satışına başlanıb, fan şop açılır və s. Axırı nə oldu? Azərbaycanda çətin ki, bu məsələlər nə vaxtsa düzələ. Hansı işimiz Avropa və dünya standartlarındadır ki, futboldan da bunu gözləyək? Fubolun sivil duruma gəlməsi üçün öncə ölkədə qayda-qanunlar dəyişməlidir, normal bazar iqtisadiyyatı formalaşmalıdır, başqa mühüm sahələr düzəlməlidir. Hətta bu sahələr yoluna qoyulsa belə, nə vaxtsa ölkəmizdə Türkiyə səviyyəsində azarkeşlərin, klubların, ümumiyyətlə, futbolun olacağına inanmıram”.

 

Image result for media komitesi