wrapper

AFFA yanında Media Komitəsinin qaliblərindən olan Futbol11.az saytı “İstənilən aktual mövzuda fərdi jurnalist araşdırması”istiqaməti üzrə “Azərbaycanlı futbolçuların və məşqçilərin ölkə xaricində çıxış etməməsinin səbəbləri" mövzusunda silsilə yazıları davam etdirir.

Bir neçə gün bundan öncə xəbər portallarında yayılan məlumata fərqli reaksiya oldu. Amma əksəriyyət  “erməni futbolçu Ramil Şeydayevlə komanda yoldaşı oldu” başlığından istifadə etdi. Bəli, söhbət “Jilina”nın yeni transferindən gedir. 18 yaşlı Vaqan Biçaxçyan Slovakiya komandası ilə 5 illik müqavilə imzalayıb. “Jilina”nın bu qədər futbolçu qala-qala Biçaxçyanı niyə transfer etməsi bizim işimiz deyil. “Jilina” bilər, oyunçu bilər, onun meneceri bilər. Bundan bizə nə? Amma belə məqamda istər-istəməz azərbaycanlılığımız tutur, bu, bəlkə də milli təssübkeşlik yox, əsl şərq marağından irəli gələn amildir.

Dünyanın 60 istedadlı futbolçusu

Odur ki, Biçaxçyanın kim olduğunu müəyyənləşdirmək üçün kiçik araşdırma apardıq. “Şirak”dan “Jilina”ya transfer olunan futbolçu ötən mövsüm Ermənistan çempionatında 22 oyunda 4 qol vurub. Sən demə, bizə adı o qədər də tanış olmayan yarımmüdafiəçi bir ara “Zenit”, ÇSKA, hətta “Benfika”nın da maraq dairəsində olub. Ən maraqlısı isə onun “Guardian”ın versiyasına görə, dünyanın 60 ən istedadlı futbolçusu sırasına düşməsidir. Təsəvvür edin, həmin siyahıda bu yay üstündə dava gedən “Milan”ın qapıçısı Canluici Donnaruma, ““Arsenal”ın futbolçusu Reis Nelson, “Nitsa”da çıxış edən Fransa U-21-nin üzvü Malanq Sarr, “Vest Hem”in portuqaliyalı yarımmüdafiəçisi Dominquş Kina, Bakıda keçirilən Avropa çempionatında Portuqaliya yığmasının heyətində qızıl medal qazanan “Benfika”lı Joze Qomeş kimi adlar var. Və təəssüf ki, Azərbaycanın bir futbolçusu belə siyahıya düşməyib. Axı kimi salasan siyahıya?

Bizdə 18 yaşlı istedadlar var?!

Topaz premyer Liqasında çıxış edən klublara diqqət yetirək: “Qəbələ”də 1999-cu il təvəllüdlü qapıçı Murad Popov var. “İnter”də qolkiper Şahin Zəkiyev, “Neftçi”də də qapıçı Kamran İbrahimov, “Sumqayıt”da Süleyman Əhmədov. Aydındır ki, bu futbolçular heç ölkəmizdə belə tanınmırlar, o ki qala, Avropa miqyasına çıxasan. “İnter”də çıxış edən Qara Qarayev 1998-ci ildə anadan olub və onun qısa müddətdə də olsa Avropa səyahəti oldu. İspaniyanın “Malaqa” klubuna yollanan futbolçunun transferi üçün yığmanın seleksiyaçısı Riad Rəfiyev canfəşanlıq etsə də, o, Bakıya qayıdıb “İnter”lə müqavilə bağladı. Və növbəti dəfə “azərbaycanlı futbolçular xaricdə əziyyətə, gərgin rejimə davam gətirmirlər” fikirini təsdiqləmiş oldu.

Kamran Ağayev Çexiyada da darıxacaq?

Bir neçə gün bundan öncə millimizin qolkiperi Kamran Ağayev Çexiyanın “Mlado Boleslav” klubu ilə müqavilə bağladı. Amma heç kim təminat verə bilməz ki, 3-4 aydan sonra həmyerlimiz atası, meyxananaçı dostları, Bakıdakı çay evi və Şabranın təbiəti üçün darıxmayacaq. Başına gələn başmqaçı olar. Biz artıq buna oxşar hadisənin şahidi olmuşuq. Ağayev “Boavişta”da əsas heyət üzvünə çevrilən ərəfədə “Benfika” ilə oyunda elə dava saldı ki, heç komandanın 2 metrə yaxın boyu, 110 kq çəkisi olan mühafizəçilər də onu ayıra bilmədi. Aydın məsələydi ki,  Kamran bundan sonra “Boavişta”da qala bilməz və həmin mərəkə təsadüfən qalxmamışdı. Hələ bu oyundan xeyli əvvəl qapıçının “evimiz və atam üçün darıxmışam” açıqlamaları idman mətbuatının manşetlərini bəzəyirdi. 

Vidoş ov üçün darıxırdı

Əslində azərbaycanlı futbolçuların ölkə xaricində darıxması ilk hadisə deyil. Vidadi Rzayev 1992-ci ildə “Terek”ə yollansa da, məhz orda qala bilmədiyi üçün vətənə döndü. Halbuki Qroznı ilə Bakının arası da o qədər də uzaq deyil.  Rzayev uzun illər sonra qol.az-a verdiyi müsahibədə bunu evindən uzaq qala bilməməsi ilə izah etmişdi: “Kənarda qala bilmirdim, ev üçün darıxırdım. Elə indi də Bakıda evim yoxdur, rayonda qalıram. Ailəm də mənim kimi rayondan kənarda qala bilmir. Səbəbini bilmirəm, amma rayonda yaşamaq bizə çox rahatdır”. Futbol ictimaiyyətində olanlar yaxşı bilir ki, Vidoşun Xanlar rayonundan kənarda qala bilməməsinin əsas səbəbi həm də ov həvəskarı olmasıdır.

Rumıniyaya öyrəşən həmkarımız

Altı ildir Rumıniyada yaşayan keçmiş həmkarımız, hazırda UEFA-nın İnformasiya Koordinatoru olan Abbas Zahidi bu ölkədəki həyat tərzinə necə alışmasından danışdı: “Məncə, əsas məsələ azərbaycanlıların mentaliteti ilə bağlıdır. Bura uyğunlaşmaq üçün mənə də 3-4 ay vaxt lazım gəldi. İlk aylarda təbii ki, ürəyim sıxılırdı. Hətta tanıdığın adamlar olsa belə, sanki öz qabında deyilsən. İlk dəfə başqa ölkədə yaşayanda bu cür çətinliklər üzə çıxır. Amma təsəvvür edin, öyrəşib bir il Rumıniyada yaşadıqdan sonra Bakıya qayıdanda artıq burda sıxılırdım.  Azərbaycanda özümü yad hiss edirdim, öz qabımda deyildim. Yəqin ki, hər insanın “ev” deyəcəyi bir coğrafi məkan olmalıdır. İndi Bakıya qayıdanda bir həftədən artıq qala bilmirəm. Söhbət təkcə adi sosial problemlərdən getmir. Sadəcə insan başqa mühitə adaptasiya olunduğundan tarixi vətəni də ona başqa cür görünür.

“Biz millət olaraq tənbəlik”

Azərbaycanlı futbolçulardan vaxtilə Rumıniyada çıxış edən Elhad Nəziri yadımdadır, məşqçi ona şans versə də bundan istifadə edə bilmədi. Bir ara avrokubok oyunlarında meydana çıxdı. Ancaq sonrdan tənbəllik, özündən razılıq meylləri baş qaldırdı.Hətta klubun meneceri iləmübahisəsi oldu. Sonradan yoluna qoysa da, xarakter orada oynamağa imkan vermədi. Kamran Ağayevin xasiyyətinə  bələd olmadığımdan nəsə deməkdə çətinlik çəkirəm. Amma böyük ehtimalla, eyni problemdir. Azərbaycanlı futbolçular tənbəldirlər. Nəinki futbolçular, elə bir çox tanışımıza, qohumumuza da baxıb eyni sözü deyə bilərik. Azərbaycanda  nüfuzlu futbolçuların nazı ilə oynayırlar. Xarici məşqçilər isə hamıya qarşı tələbkardır. Həm də bizimkilər istəyir hər şey birdən olsun. Kamran darıxıb qayıtsa da, məsələn, Ruslan Abışovda belə problem olmadı. Sadəcə onun “Rubin”də karyerası alınmadı. Məncə, bu məsələdə futbolçu əvəzinə azərbaycanlı sözündən istifadə etməliyik. Biz millət olaraq çətin adaptasiya keçirənlərdənik”.

İdmançıların psixoloji dəstəyə ehtiyacı var

Psixoloq Günel Aslanovanın məsələyə münasibəti isə belə oldu: “Mövzuya ixtisas, peşə, zəka, fiziki sağlamlıq, cins deyil, insan-mühit çərçivəsindən yanaşmağın tərəfdarıyam. Doğrudan da  yetkin bir fərd niyə arzusundan, xəyalından əl çəkib geri dönsün ki? Psixologiyada yaş anlayışı bioloji, fiziki, sosial, əqli olmaqla fərqləndirilir. 


Bioloji yaş pasport yaşımıza, fiziki yaş fiziki inkişafımıza, əqli yaş intellektual yetkinliyimizə, sosial yaş isə sosial müstəqilliyimizə əsasən müəyyən edilir. 25-30 yaşlı birinin əqli və fiziki yaş üzrə göstəricilərinin yüksək olması onu hələ psixoloji olaraq balanslı hesab etmək üçün kifayət etmir. Bunun üçün sosial yaş da yetkin olmalıdır. 

Fiziki yaşa idman, sağlam həyat tərzi vasitələri, əqli yaşa təhsil, mütaliə ilə nəzarət etmək mümkündür. Cəmiyyət olaraq sosial yaş amili əksəriyyətin nəinki diqqətindən kənarda qalır, hətta bu gerilik rəğbətləndirilir və dəstəklənir. Məsələn, bir yeniyetmə, gənc nə qədər utancaq, qapalıdırsa, başqalarının fikrini nəzərə alırsa, məsləhətləşirsə, qərarların sərbəst deyil məsləhətli alırsa "yerini bilən", "ağır başlı", "böyük sözünə qulaq asan" kimi sözlərlə dəstəklənir. Bu tərzdə yetişdirilən uşağın pasport yaşı, fiziki yaşı artsa da sosial yaşı inkişaf etmir,  müstəqilliyi məhdud olur, qərar verməkdə çətinlik çəkir, özünü, eqosunu başqalarından ayrı qavraya bilmir, mənsub olduğu çevrədən kənarlaşdıqda həyəcanlanır, özünü yalnız hiss edir. 
Psixoloji biliklərə əsasən şəxs 6 yaşından etibarən valideynlərindən psixoloji olaraq ayrılmalı, sərbəst qərarlar verməyə başlamalı, fikirləri diqqətlə dinlənilməli, yəni müstəqil fərdiyyət istiqamətində yetişdirilməlidir.
Bu şəkildə yetişdirilməyən şəxslərin problemi təkcə qapalılıq, qərar verə bilməməklə bitmir. Onlar həm də davamlı olaraq "komfort zona"da olmağa meyllənirlər, risk edə bilmirlər. Deyək ki, müəyyən dostlar, tanışlar çevrəsi, bəlli insanların rəğbəti, sahib olduqları status onları təmin edir. Yeni ölkə, yad insanlar əvvəlki dəstək, rəğbət olmadan yaşamaq, yeni münasibətlər qurmaq deməkdir. Bu isə "risk zona"sıdır. "Komfort zona"ya meylli yetişdirilmiş şəxslər risk zonasına daxil ola bilmirlər.
Bu səbəbdən də idmançının yetişdirilməsində fiziki tərbiyə ilə yanaşı psixoloji dəstəyə xüsusi hissə ayrılmalıdır. İdmançının fərdi psixoloji portreti hazırlanarsa bu kimi daha yetkin yaşlarda üzə çıxan problemlər daha əvvəldən diaqnoz olunaraq həllini tapa bilər”.

Картинки по запросу affa yanında media komitəsi

 

 

Son redaktə Şənbə, 05 Avqust 2017