wrapper

AFFA yanında Media Komitəsinin qaliblərindən olan Futbol11.az saytı “İstənilən aktual mövzuda fərdi jurnalist araşdırması”istiqaməti üzrə “Azərbaycanlı futbolçuların ölkə xaricində çıxış etməməsinin səbəbləri" mövzusunda silsilə yazıları davam etdirir.

Ölkə futbolunda maliyyə vəziyyətinin pisləşməsi, klubların öz büdcələrinə yenidən baxması komandaların sayının azalmasına gətirib çıxarsa da, məsələnin müsbət tərəfləri də oldu.

Yeni ölkə - yenə məhv olan ümidlər?

Güclülər dəstəsində cəmi 8 komandanın mübarizə aparması bəzi futbolçuların özünə klub tapmasını xeyli çətinləşdirdi. Kamran Ağayev “Boavişta”dan qayıtdıqdan sonra ölkə daxilində heç kim millinin qapıçısına yiyə durmadı. Və günlərin bir günündə 31 yaşlı qapıçının sorağı Çexiyadan gəldi. Həmyerlimiz ötən mövsüm yerli çempionatda 4-cü yeri tutan “Mlada Boleslav”la müqavilə imzaladı. Təxminən 10 il əvvəl olsaydı, Kamran Portuqaliydan Bakıya qayıdanda bütün klubların nümayəndələri Hava Limanına düzülərdi ki, onunla müqavilə bağlasın. Amma indi nə bağ o bağdı, nə də bağdakı əriklər. O başqa məsələ ki, Ağayev Çexiyaya gedəndən hələ ki “Mlada Boleslav” klubunun heyətində debüt edə bilməyib. Hər halda ümid edək ki, qolkiper Portuqaliyadakı səhvləri yeni məkanda təkrarlamayacaq.

AFFA-nın seleksioneri yenə iş başında

Bir neçə gün bundan əvvəl daha iki futbolçumuz ölkəni tərk etdi. Amma onların Azərbaycan sərhədlərini aşması fərqli səbəblərdən baş verdi. Əgər “İnter” Rauf Əliyevi buraxmaq istəmirdisə və futbolçu bunun üçün çox əziyyət çəkdisə, Araz Abdullayevdə vəziyyət fərqli idi. Avropa Liqası oyunlarında iştirak ərizəsinə belə düşməyən yarımmüdafiəçi hiss etdi ki, Roman Qriqorçuk onu Topaz Premyer Liqasında da oynatmaq niyyətində deyil. Araz məsələsində də son vaxtlar olduğu kimi AFFA seleksionerləri araya girdi və yarımmüdafiəçiyə Kiprdə klub tapıldı. Millimizin üzvü 1 il müddətinə “Anortosis” klubuna icarəyə verildi. Emin Mahmudovla Kamran Ağayevin “Boavişta”ya, Ramil Şeydayevin “Trabzonspor” və “Jilina”ya transferləri də bilavasitə federasiyanın “diqqət və qayğısı” nəticəsində baş tutmuşdu.

Raufun “Kukesi” ilə anlaşması isə xeyli məşəqqətli oldu. Mətbuatda gah “İnter”in təqdim etdiyi müqaviləylə tanış olduq, gah da Əliyevin ortaya çıxardığı sənədi diqqətlə oxuduq. Kimin haqlı, kimin haqsız olduğunu müzakirə etmək niyyətindən uzağıq. Əsas odur ki, 28 yaşlı forvard karyerasında ilk dəfə legioner həyatı yaşayacaq. Təbii ki, hücumçunun bundan əvvəl daha yaxşı variantları olub. Ancaq ölkədə yaxşı qazanmaq imkanları çox olduğundan o, “Qarabağ”, “Bakı”, “Xəzər-Lənkəran”, “İnter” kimi klublarda çıxış etməyi üstün tutub.

“Bizdə vəziyyətə uyğun olaraq işə münasibət dəyişir”

Tanınmış menecerlərədən olan Vaqif Heydərli ötən illərlə müqayisədə transfer bazarında xeyli dəyişikliklərin baş verdiyini bildiridi. Onun sözlərinə görə, əvvəllər futbolçular ölkə daxilində yaxşı qazandıqlarından xarici klublara getməkdə maraqlı deyildilər: “Bir neçə il öncə klubların maddi imkanı yaxşı idi, əla maaş verirdilər. Və təbii ki, belədə heç kim xaricə getməkdə maraqlı olmurdu. İndi bu baxımdan vəziyyət dəyişib. Sadəcə bizim bəzi futbolçular ölkədən kənardakı yaşayışa uyğunlaşmaqda çətinlik çəkirlər. Orada peşəkar tələblər yüksək olduğundan o şərtlərə cavab verə bilmirlər. Bir oyunçu legioner həyatının uğurlu olmasını istəyirsə, əvvəlcə həmin ölkəyə uyğunlaşmalıdır. Daha sonra komandadakl yerli futbolçulardan üstün olduğunu sübut etmək lazımdır. İş orasındadır ki, sadaladığım psixoloji amillərə əksər futbolçularımız hazır deyil. Sən heyətə düşdün-düşmədin, gərək peşəkarlığını qoruyasan, məşqlərdə sona qədər can yandırasan. Təəssüf ki, bizdə vəziyyətə görə işə münasibət dəyişir. Hər hansı futbolçu heyətə düşmürsə, məşqə artıq barmaqarası yanaşmağa başlayır. Sanki işdənsoyuyur, həvəsdən düşür və bu da uğursuzluğa gətirib çıxarır. “Qəbələ”nin futbolçusu Vitali Vernidubdan bir misal çəkim. O, komandaya yeni gələndə heyətə düşmürdü, ehtiyatda qalırdı. Amma klubdakı dostlarımızın dediyinə görə, məşqlərdə özünü yaxşı mənada öldürürmüş. Bir gün ondan soruşanda cavabı belə olub ki, bəlkə elə komanda yoldaşlarımdan kimsə yeməyə gedəndə ayağı burxuldu və mənə ehtiyac yarandı. Hər zaman buna hazır olmalıyam. Fikir verirsinizsə, Vernidub forma şansı əldə etdikdən sonra yerini heç kimə vermədi. İşə peşəkar münaibət bu cür olmalıdır”.

Bəzən azərbaycanlı futbolçuların xarici klublarla müqavilə bağlaması da sanki reklam xarakterli olur. Amit Quluzadə 2011-ci ildə “Kayseri Erciyəzspor” klubuna transfer olundu. Bu komandada mövsümü başa vurduqdan sora vətənə döndü, öncə “Rəvan”da qısa müddət oynadı, daha sonra “Qəbələ” ilə yaxşı şərtlərlə müqavilə bağladı. Yəni xarici klubda çox çıxış etməsən belə, ora gedib gəlmək futbolçunun qiymətini artırır.

Vaqif Heydərlinin fikrincə, Azərbaycanda bu metod bir neçə il bundan öncə dəbdə idi:“Kimin hansı səviyyədə olmasını klublar yaxşı bilir. Belə hallar indi demək olar ki, baş vermir. Dediyiniz məsələ 2005-2010-cu illərdə aktual idi. Klublar tam peşəkarlaşmamışdı, maddi imkanlar isə əla idi. Həmin dövrdə komandaları futbolçuların ad-sanı daha çox maraqlandırırdı, nəinki hazırda hansı formada olmaları”.

Ən çox xaricə yollananlardan biri – Amit Quluzadə

Amit Quluzadənin 24 yaşı olmasına baxmayaraq, indiyədək 3 dəfə xarici klublarla müqavilə imzalayıb. O, Azərbaycandan kənarda ilk dəfə 2011-ci ildə Türkiyə çempionatının I dəstəsində mübarizə aparan “Kayseri Erciyəzspor” klubunda çıxış edib. Bir mövsüm qardaş ölkədə qalan yarımmüdafiəçi 21 oyunda meydana çıxıb. Quluzadənın ikinci dəfə Azərbaycan sərhədlərinin hüdudlarını aşması 2014-cü ilə təsadüf edib.  Bu dəfə Portuqaliyaya yollanan həmyerlimiz “Atletiko CP” komandası ilə anlaşıb. Amma I liqa təmsilçisində cəmi 6 oyun keçirən Quluzadə yenidən vətənə qayıdır.

Bu ilin əvvəlində Amit 3-cü dəfə legioner həyatı yaşamaq eşqinə düşdü. Yunanıstan çempionatının güclülər dəstəsində mübarizə aparan AEL-ə transfer yetərincə yaxşı variant idi. Vaxtilə “Qəbələ” çıxış edən Dodoyla komanda yoldaşı olan futbolçumuzun bu səfəri də uzun çəkmədi. AEL-in heyətində cəmi 4 oyun keçirən yarımmüdafiəçi Bakıya qayıdaraq, Premyer Liqaya vəsiqə qazanan “Səbail”lə müqavilə bağladı.

“Məşqçini zorla tutub saxlayası deyildim ki?”

Maraqlıdır ki, Amit Quluzadə bütün bu hadisələri bəxtsizliklə əlaqələndirir: “Xarici klublarda  davam gətirməyən başqa futbolçularımızı deyə bilmərəm, çünki səbəblərdən məlumatsızam.  Özümdən isə danışaram. Sonuncu dəfə Yunanıstanda legioner həyatı yaşadım. Məni ora aparan məşqçi 4 turdan sonra istefa verdi. Elə mən də AEL-in heyətində cəmi 4 oyunda forma geyindim. Məni həmin məşqçi bəyənib dəvət etmişdi. Təbii ki, o gedəndən sonra çətin idi. Məşqçini zorla tutub saxlaya bilməzdim ki, qal, sən burda işlə. Bilirsiz, bizim futbolçularla digərləri arasında müəyyən fərqlər var. Əgər səni tanıyan məşqçi aparırsa, onda elə bir fərq qoymur. Məsələn, Yunanıstanda olan müddətdə “Olimpiakos”a, AEK-ə qarşı əla statistika ilə oynamışdım. Amma yeni gələn məşqçi Andre Paus mənə şans vermədi. Belə vəziyyətdə nə edə bilərəm ki?”

Картинки по запросу Amit quluzadə

Amitin sözlərinə onun heç vaxt xaricdə darıxmaqla bağlı problemi olmayıb: “Sizi əmin edirəm ki,  imkan düşsə, yenə legioner həyatı yaşayacam. Uşaq vaxtından məqsədim olub ki, ölkə xaricində oynayım və özümü sübut edim”.

Amit yenə iddialıdır, yenə şans düşərsə xaricə yollanacağını deyir. Amma bunun üçün hələ “Səbail”də əsas heyətin aparıcı üzvü olduğunu sübut etməlidir. Samir Əliyev 1-ci turda “Zirə” ilə matçda yarımmüdafiəçini cəmi 30 dəqiqə oynadıb, 2-ci turda “Neftçi” ilə görüşdə isə Quluzadə ümumiyyətlə, meydana çıxmayıb. Odur ki, hələ ölkə daxilində həll ediləsi məsələlər var. 

Картинки по запросу affa yanında media komitəsi

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”

 

Son redaktə Bazar ertəsi, 21 Avqust 2017