wrapper

 

AFFA yanında Media Komitəsinin qaliblərindən olan Futbol11.az saytı “İstənilən aktual mövzuda fərdi jurnalist araşdırması” istiqaməti üzrə “Azərbaycanlı futbolçuların ölkə xaricində çıxış etməməsinin səbəbləri" mövzusunda silsilə yazıları davam etdirir.

Kruqlov hələ də oynayır 

Dünya çempionatının seçmə mərhələsində mübarizə aparan əksər post sovet ölkələrinin komandalarına baxdıqda legionerlərin ön planda olduğunu görürük. Uzaqbaşı, Rusiya, Azərbaycan və bəzi Orta Asiya millilərini istisna etmək olar. Yunanıstanla səfərdə bərabərə qalan (0:0) Estoniya yığmasında start heyətində meydana çıxan futbolçulardan yalnız ikisi daxili çempionatda çıxış edir. Vaxtilə Azərbaycan çempionatında oynamış 33 yaşlı Dmitri Kruqlov “İnfonet”, 35 yaşlı digər veteran Aleksandr Dmitryev isə “Honefoss” klubunda forma geyinir. 

Abuşov 41 yaşında “Xəzər Lənkəran”a gəlmişdi 

90-cı illərin ortalarında Azərbaycan yığmasında da vəziyyət təxminən oxşar idi. Millinin təxminən  70 faizini legionerlər təşkil edirdi. Nazim Süleymanov Şimali Osetiyanın milli qəhrəmanına çevirilmişdi, Vəli Qasımov Rusiyada bombardir olduqdan sonra İspaniyaya yollanmışdı, Şahin Diniyev isə İsrail çempionatıda stabil oynaması ilə seçilirdi. Rusiyanın ortabab komandaları   futbolçularımız üçün adi həyat normasına çevirilmişdi. 2005-ci ildən Azərbaycan futboluna böyük pulların gəlməsi ölkə xaricində çıxış edən həmyerlilərimizin də durumuna təsir etdi. Təsəvvür edin ki, 1997-ci ildə “Neftçi”dən Stavropol “Dinamo”suna yollanan Rasim Abuşov 41 yaşında gəlib “Xəzər Lənkəran”da 1 oyun keçirdi. 1993-cü ildə ölkəni tərk edən Emin Ağayev isə 13 ildən sonra – 2006-da Bakıya qayıdaraq, “Olimpik”in heyətində 6 matçda meydana çıxdı. Həmin ərəfədə qarşısına yüksək yerləri tutmağı məqsəd qoyan klublar əlacları olsaydı, Cavadov – Əhmədov – Ponomaryov triosunu da futbola qaytarardılar. Bütün bu işlər isə o qədər kor-korana şəkildə yerinə yetirilirdi ki, ölkə çempionatına təşrif buyuranlar da qısa vaxt ərzində qaçmaq üçün fürsət axtarırdılar. 

Budak, Gökdəmir, Pamuk, Özkara indi kimə lazımdır?

Son 5-10 ildə isə AFFA seleksionerləri fərqli addımlar atmağa başladılar. Almaniyanın aşağı liqalarında olan türk əsilli futbolçular, Türkiyə yığmasına düşə bilməyən oyunçular bəh-bəhlə millimizə cəlb olunmağa başladı. Yığmada 17 oyun keçirən Ufuk Budakı axırıncı dəfə Bakıda nə vaxt gördüyümüzü artıq xatırlamırıq. “Samsunspor”da çıxış edən futbolçu xeyli vaxtdır ki, Robert Prosineçkiyə də lazım olmur. Berti Foqtsun Azərbaycan millisinə sırıdığı lazımsız legionerlərdən biri də  Ali Gökdəmir idi. 2014/2015-ci illər mövsümündə “Simurq”da da 19 oyun keçirən futbolçunun indi harda olmasından heç Foqtsun özünün də xəbəri yoxdur. Həmin dövrdə komandamıza cəlb olunmuş daha bir türk əsilli futbolçu Uğur Pamuk idi. Yarımmüdafiəçini ilk dəfə “Sumqayıt” Almaniyadan ölkəyə gətirdi. Hətta 2013-cü ildə “Xəzər Lənkəran” onu böyük ümidlərlə transfer etsə də, Cənub klubunda möhkəmlənə bilmədi və yenidən “Sumqayıt”a qayıtdı. Millinin məşqçiləri Pamuka cəmi 2 oyunda – 2012-ci ildə Andorra və Şimali İrlandiya ilə matçlarda şans verdilər. Yəqin ki, millimizi diqqətlə izləyənlər Cihan Özkaranı da yaxşı xatırlayırlar. Yeri gəlmişkən, o da 2012-ci ildə “Simurq”un heyətində 12 oyunda meydana çıxdı. Bu il Almaniyanın Regional liqasında çıxış edən “Ferl”lə müqavilə bağlayan hücumçu yığmamızda 18 oyunda 1 qol vurub. Cihan komandamızın heyətində yeganə qolu 2012-ci il avqustun 15-də Bakıda Bəhreynlə yoldaşlıq matçında (3:0) vurub.  

Əslində adını çəkdiyim legionerləri Azərbaycanla heç nə bağlamırdı. AFFA rəsmiləri müsahibələrində həmin futbolçuların ulu nənə, babalarının nə vaxtsa Bakıdan keçdiklərini desələr də, hamı bilirdi ki, bu, bəhanədən başqa bir şey deyil. 

Ötən yazımızda vaxtilə 3 ölkədə legioner həyatı yaşamış Şahin Diniyevin fikirləri ilə tanış olmuşdunuz. Azərbaycanlı futbolçuların ölkə xaricində uğurlu karyera qura bilməmələrinə jurnalistlərin də mövqeyi maraqlıdır. 

“Futbolçu fərd olaraq məsuliyyətini dərk etmir”

Futbolpress.az saytının baş redaktoru Elçin Cəlilovun fikrincə, bu məsələyə yalnız idman nöqteyi-nəzərindən yanaşmaq olmaz: “ Azərbaycanlı futbolçu həm də lokal - azərbaycanlı təfəkkürünün daşıyıcısıdır. Bizdə fərdilik anlayışı zəifdir. Məsələn, geyim dəbi, musiqi dəbi, hətta ətir dəbində belə, bir-birini yamsılamaq var. Yaxud da kütlələşmək. Bizim futbolçumuz həm də bu lokallığın təzahürüdü. O, Azərbaycandan kənarda nəinki futbol oynamaq, yaşamağı belə bacarmır. Darıxır, sıxılır, özünü öz məhləsindəki, tay-tuşlarının yanındakı kimi hiss eləmir. Azərbaycanlı futbolçu legioner olmağın peşəkar yönü bir yana, ümumiyyətlə, bu anlayışın mahiyyətini dərk etmir. Bizim döyüşçü legionerlərimiz olub və çox uğurlu yol keçiblər. Çünki bu məsələdə ideologiya olub. İdman hərəkatımızın ideolojisi yoxdur. Vətən və bayraq uğrunda.. bu, anlayış olaraq səmimiyyət yükü daşımır. Bizim idmançı "bayraq üçün"ü də kütlələşərək edir. Avropada həyat və yaşayışın müəyyən qaydaları, çərçivələri var. Bizimki o çərçivədə sıxılır. O sərbəstlikdə isə özünü apara bilmir. Çünki hizdə sərbəstlik anlayış olaraq hansısa formaya malik deyil. Azərbaycanda fərdin sərbəstliyi anlayışı haqda izah verməyə qalxsaq, etiraf edək ki, nəsə deməyə çətinlik çəkərik. Azərbaycanlı futbolçu Bakı yollarında şütüyən avtoşdu, əyləncəsi bütünlüklə qəlyan çəkməkdi və bu həndəvərdə nələrsədir. Aralarında Azərbaycan mühitinin yetirməsi olmayanlar da var. Məsələn, qeyd elədiyiniz, Şeydayev, Mahmudov kimi nümunələr. Onların düşdüyü klublarda parlamamasına səbəb isə müntəzəmliyin olmamasıdır. Hesab edirəm, hər iki futbolçu təbii istək yoluyla o klublara getməyib, burda hansısa kulis anlaşmaları hiss olunur.

Bir adət-ənənə halını alıb, bizim futbolçular adlı-sanlı Avropa klublarına gedir və çox keçmir ki, qayıdır. Məncə, ciddi klub bir oyunçu ilə o cür davranmaz. Həm çox oynatmırlar, həm də... Ola bilməz ki, əksər futbolçularımızın başına gəlsin bu oxşar "ssenari". Deməli ortada nəsə ayrı əmmalar var. Düşünürəm ki, klublarla anlaşma əldə edilir ki, sadəcə, futbolçularımız ad olaraq komandanızda olsunlar. Bu "siyasətin" adı isə "Baxın, biz iş görürük" göstərgəsidir. İnsafən, Şeydayevin "Jilina"dakı, Eminin də "Boavişta"dakı ilk dönəmləri kifayət qədər yaxşı alınmışdı. Ancaq niyə müntəzəmlik yoxdur?

1. Futbolçu fərd olaraq məsuliyyətini dərk və qəbul etmir.

2. Ortada yad anlaşma formaları var.

Klublar bir qayda olaraq azərbaycanlı futbolçuların qəsdinə durmayıb, hər halda...

Bizə futbolçu lazımdır, ya məşqçi? 

Tanınmış köşə yazarı Anar Şabanoğlunun fikirincə, əsas səbəb uşaq futbol məktəblərinin olmaması, olanlarda da işlərin qeyri-peşəkar qurulmasıdır: “Məsələn, Həmdi Sərpil Tüzün haqda bir söz vardı ki, o, adamın yerişinə baxıb deyir "səndən futbolçu olacaq, ya yox”.  Təsadüfi deyil ki, Rauf Əliyev, Əfran İsmayılov, Qara Qarayev, Maksim Medvedev və başqaları Həmdi hocanın zamanında parladı. İndi baxaq görək, Həmdi Sərpil Tüzün və ya Əli Yavaş səviyyəsində uşaq futbol mütəxəssisimiz varmı və ümumiyyətlə olubmu?! Olmayıb və yaxın vaxtlarda belə bir ümid yeri də yoxdu. Məncə, futbolçu yetişdirməkdən öncə uşaq futbol məşqçiləri yetişdirməyə başlamalıyıq. Müasir metodikanı, ingilis dilini mükəmməl bilən uşaq futbol məşqçiləri lazımdı ki, düzgün təməl qoya bilsin. Futbolçularımız ingilis dilini ana dili kimi bilməlidir ki, bütün futbol terminlərini gözəl anlasınlar. Başqa ölkələrdə adaptasiya problemi yaşamasınlar. Nə qədər ki, özümüzdə uşaq futbol mütəxəssisi yetişməyib xaricdən Ali Yavaş, Haçdi Serpil Tüzün kimi mütəxəssislər cəlb edilməlidir. "Ayaks", "Barselona" kimi dünyaya səs salan uşaq futbol məktəblərindən mütəxəssialər cəlb olunmalıdır. Yerli məşqçilər elə yerlərdə təcrübə keçməlidirlər ki, sonra futbolçularımızın bünövrəsini düz qoya bilsinlər. Həm futbolçu, həm də insan kimi.  Məsələn, yuxarıda adlarını çəkdiyim futbolçular illərdi ölkənin ən yaxşılarındandı. Deyilənə görə adam kimi də adamdılar. Amma bir əsas mənfi cəhətləri var - ingilis dilini bilmirlər. Bu da başqa ölkələrə uyğunlaşmaq üçün ciddi problem yarada bilər. Həm də gecikiblər. Legioner həyatı yaşamaq üçün vaxtında Azərbaycandan getmək lazımdı. İndi Rauf Əliyev gec də olsa tərpəndi. İnanıram ki, karyerası uğurlu alınacaq. Buna həm futbolçu kimi həm də insan kimi potensialı var. "Qarabağ"ın Çempionıar Liqasının qrupunda çıxış etməsi bu klubda olan və ümumiyyətlə, ölkəmizdəki istedadlı futbolçuların xaricə yollarını açacaq. Gərək, fikirləşmədən getsinlər. Düzdü, deyə bilərsiniz ki, gedənlər heç nə edə bilmir. Amma inkişafı istəyiriksə, istənilən halda getmək lazımdı. Məsələn, Kamran Ağayev "Boavişta"da normal oyun göstərirdi. Amma mental problemlərə görə Portuqaliyaya uyğunlaşa bilmədi. Gec-tez ölkədən kənarda öz sözünü deyəcək futbolçularımız var. Düzdür, Azərbaycan futbol məktəbinin yerirmələri deyil. Məsələn, Ramil Şeydayevin gələcəkdə Avropada özündən söz etdirəcəyinə şübhəm yoxdu. Ramil çox istedadlı və yaxşı məktəbi olan futbolçudur. Uşaq futbolundan bünövrəni düz qoymaq lazımdır ki, gələcəkdə futbolçularımız xaricdə özlərini göstərə bilsinlər”.

Картинки по запросу affa yanında media komitəsi

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir. 

Son redaktə Bazar, 03 Sentyabr 2017