wrapper

AFFA yanında Media Komitəsinin qaliblərindən olan Futbol11.az saytı “İstənilən aktual mövzuda fərdi jurnalist araşdırması” istiqaməti üzrə “Azərbaycanlı futbolçuların ölkə xaricində çıxış etməməsinin səbəbləri" mövzusunda silsilə yazıları davam etdirir.

Topaz PremyerLiqasının 6-cı turu daha bir legionerimizin ölkə çempionatına qayıtması ilə əlamətdar oldu. “Qəbələ” – “Neftçi” oyununun 65-ci dəqiqəsində meydana daxil olan Emin Mahmudov daxili çempionatda debüt etdi. 

AFFA klub tapmışdı...yenə klub tapdı 

Karyerası boyunca yalnız Rusiya və Portuqaliya klublarında çıxış edən yarımmüdafiəçi ilk dəfə Qəbələ stadionunun qazonuna ayaq basdı. Əslən Saatlı rayonundan olan futbolçunun “Spartak”, “Saturn”, “Tom”, “Krılya Sovetov”, “Mordoviya” kimi klublarda oynaması öz zəhməti hesabına olmuşdusa, “Boavişta” variantını “düzüb-qoşan” AFFA idi. Deyilənə görə, milli komandamızın üzvünün “ağ-qaralar”ın düşərgəsinə gəlməsinin təşəbbüskarı da federasiya rəsmiləri olub. Beləliklə, Rusiya futbol məktəbinin yetirməsi olan iki həmyerlimiz  karyeralarında ilk dəfə Azərbaycan klubunun şərəfini qorumağa başladılar. Çempionatda  ilk oyununu bu tur keçirən Mahmudovdan fərqli, Ramil Şeydayev 5-ci turda “Kəpəz”lə görüşdə 83-cü dəqiqədə meydana çıxmışdı. 

Ölkəni məcburiyyətdən tərk edənlər 

Azərbaycanlı futbolçuların ölkə xaricində karyerası niyə alınmır? Artıq bu məsələ barədə çox yazılıb, danışıldığından diqqəti başqa məcraya yönəltmək istərdik. Bizim futbolçular hansı ölkələrdə normal karyera qurub, uğur qazana bilərlər? Müxtəlif klubların gənc komandalarında çıxış edən legionerlərimizi nəzərə almasaq, hazırda Azərbaycan futbol məktəbinin yetirmələrindən ölkə xaricində forma geyinənlər yalnız Rauf Əliyev, Kamran Ağayev və Araz Abdullayevdir. Diqqət yetirsəz, görərsiniz ki, hər 3 futbolçu xaricə məcburiyyətdən yollanıb. Düzdü, “İnter” Raufu saxlamaq üçün min yola əl atsa da, hücumçu “Kukesi”yə getməyə üstünlük verdi. Bu da səbəbsiz deyildi. “İnter”dəki maliyyə problemlərindən hamının xəbəri var. Bəzən maaşlar 2-3 ay gecikir. Bu səbəbdən də Əliyev paytaxt klubunun gələcəyini qaranlıq gördüyündən Albaniyaya getməyə qərar verdi. 

Kamranın məsələsi hamıya məlumdur. “Boavişta”dan ayrıldıqdan sonra heç bir yerli klub millinin qapıçısını heyətində görmək istəmədi. Ağayev isə AFFA-nın yardımı ilə Çexiyaya – “Mlada Boleslav”a yollandı. 

Arazın da məsələsi legioner həyatı yaşayan digər futbolçuların vəziyyətinə oxşadı. Millinin yarımmüdafiəçisi “Qəbələ”də baş məşqçinin tam etimadını itirmişdi. Roman Qriqorçuk onun adını heç oyunun protakoluna salmırdı. Odur ki, “Qəbələ” Abdullayevi Kipr “Anortosis”inə icarəyə verməyə razı oldu. 

Vaxtilə futbol ictimaiyyətində belə fikir formalaşmışdı ki, bizimkilər üçün ölkə xaricində ən yaxşı variant Rusiya və Türkiyə ola bilər. Hər iki ölkədə dil problemi yoxdu, əksəriyyətimizin Rusiyada qohumları yaşayır. Yəni darıxmaq məsələsi də olmayacaq. Həm də uzun illər keçmiş SSRİ-nin tərkibində bir yerdə olduğumuzdan aşağı-yuxarı həyat tərzi də oxşardır. Türkiyədə də dil, uyğunlaşma çətinlikləri yaşanmayacağı deyilirdi. Amma zaman göstərdi ki, bu iki ölkənin çempionatları bizimkilər üçün uğursuzdur. Rusiyadakı atletik, fiziki gücə hesablanmış futbol həmyerlilərimizə uğun deyil. Türkiyə çempionatında isə indi səviyyə yetərincə yüksəkdir, legioner limiti ləğv edildiyindən hətta orta səviyyəli Anadollu klublarında da yetərincə məşhur futbolçular çıxış edir. Həm də Türkiyədə mətbuatın, azarkeşlərin təzyiqinə davam gətirib oynamaq hər adamın işi deyil. 

Legioner limiti: Harda necədir? 

Ümumiyyətlə, hər hansı futbolçu ölkə xaricindən təklif alarkən, əvvəlcə oradakı legioner limitinə diqqət yetirməlidir. Aydın məsələdir ki, bizimkilər o səviyyədə deyillər ki, istənilən halda heyətə düşəcəklərini düşünsünlər. Onun üçün də mümkün qədər rahat variant axtarmaq lazımdır. 

Ümumiyyətlə, Avropada indi legioner limiti necə tənzimlənir? Gəlin, əvvəlcə buna diqqət yetirək. “Köhnə qitə”nin əksər çempionatlarında yalnız Avropa İttifaqına (Aİ) daxil olmayan ölkələrin nümayəndələri əcnəbi sayılır. Britaniyada isə hətta işçi vizası da almaq tələb olunur.

Almaniya Bundesliqasında legioner limiti olmasa da, hər klub mütləq mövsümün sifariş ərizəsinə 12 yerli futbolçunun adını daxil etməlidirlər. 

Avropa İttifaqında doğulanların bəxti gətirib 

Vaxtilə Emin Mahmudov və Kamran Ağayevin çıxış etdiyi, hazırda isə Budaq Nəsirovun oynadığı Portuqaliyada da legionerlərə xüsusi limit yoxdur. Ümumiyyətlə, Portuqaliyada klubların az qala 60-70 faizini braziliyalılar təşkil edir. Ancaq bu ölkədə dı müəyyən məhdudiyyət var. Hər klubda 8 yetirmən olmalıdır. Təbii ki, söhbət yalnız A komandasından getmir. Həmin gənclər əvəzedici heyətdə də ola bilər. Ancaq İstəyirsən heç onlardan birini də meydana buraxma və heyəti tam olaraq, braziliyalıların,afrikalıların hesabına qur. Buna görə sənə “gözün üstə qaşin var” deyən olmayacaq. 

Son illər hər kəs Belçika futbolunun yetirdiyi ulduzlardan danışır. Doğrudan da Kevin De Bryune, Eden Hazar, Tibo Kurtua, Aksel Vitsel istənilən komandanın öz heyətində görməyi arzu etdiyi oyunçulardır. Hətta bu cür futbolçular yetişən ölkədə də legioner limiti yoxdu...amma. Bəli, burda da bir əmma var. Belə ki, hər bir klub oyunun iştirak ərizəsinə Belçika futbolunun yetirməsi olan 6 futbolçunun adını daxil etməlidir. 

Kamran Ağayevlə Fərid Nəbiyev Çexiyaya yollandığından son vaxtlar bu ölkənin çempionatına  marağımız artıb. Çexiyada da legionlerlər üçün xüsusi qadağa yoxdur. Amma  (Aİ) söhbəti burada da keçərlidir.  Aİ-yə üzv olmayan ölkələrdən yalnız 3 futbolçu komandanın heyətində ola bilər. Məsələn, Praqa “Slaviya”sında hazırda kamerunlu Maykl Nqadju, kotdivuarlı Simon Deli və Ukrayna yığmasının üzvü Ruslan Rotan çıxış edir. Amma “Slaviya” eyni anda Aİ üzvü olan ölkələrdən 11 legioneri də meydana buraxa bilər. Yəni bu ölkələrin təmsilçiləri artıq legioner statusunu itirmiş hesab olunurlar. Düzdür, Praqa klubunun baş məşqçisi Yaroslav Şilqavı çempionatda “Zlin”lə 1:1 hesabı ilə heç-heçə etdikləri son görüşdə start heyətində cəmi 4 legionerin xidmətlərindən yararlanıb. Halbuki ehtiyatda türk Halil Altıntop, norveçli Per Flo, portuqaliyalı Danni, slovakiyalı Hromada və Svento, bosniya və herseqovinalı Mesanoviç də var idi. 

Polşa – Niyə də yox?!

Polşada da legioner limiti dedikdə ağıla yalnız Aİ-a daxil olmayan ölkələrin nümayəndələri gəlir. Çünki klublar adı çəkilən qurumun istənilən sayda futbolçusunu heyətə cəlb edə bilərlər.  Aİ-dən kənarda qalan ölkələrdən isə komandalar yalnız 3 futbolçunu komandaya götürmək hüququna malikdirlər. Turnir cədvəlində 3-cü yeri tutan Poznan təmsilçisi “Lex”in çempionatdakı son oyununda start heyətində cəmi 4 yerli futbolçu meydana çıxıb. Avstriyalı Emir Dilaver, danimarkalılar Kristian Qyutkyaer və Lasse Nilsen, isveçrəli Darko Yevtiç,  slovakiyalı Matuş Putnoçki, xorvatiyalı Mario Şitum, qanalı Abdul Əziz Tete isə ilk dəqiqələrdən mübarizə aparan əcnəbilərdir. Polşada da əksər klubların heyətində post sovet məkanından olan futbolçular çıxış edir. Elə adını çəkdiyimiz “Lex”də latviyalı Denis Rakelslə ukraynalı Vladimir Kosteviç forma geyinir. Amma Kosteviçdən fərqli olaraq, Latviya Aİ üzvü olduğu üçün Rakels legioner sayılmır. 

Ümumiyyətlə, Ukrayna və Pribaltikadan olan futbolçular indi Polşa Ekstraklasasında üstünlük təşkil edirlər. Çempionatın lideri “Qornik”də Aleksandr Şevelyuxin (Ukrayna) oynayır. UEFA Avropa Liqasında “Qəbələ”nin rəqibi olmuş “Yagelloniya”da litvalılar Arvidas Novikovas və Fyodr Çernıx, ukraynalılar Tamas Romançuk  və Dmitri Xomçenovski əsas heyət üzvləri sayılırlar. Maraqlıdır ki, bu mövsüm nə Çempionlar Liqasında, nə də Avropa Liqasının qrup mərhələsində Polşa təmsilçisi yoxdur. Bu da hazırda Polşanın klub futbolunda böhranın olmasından xəbər verir.  Deməli azərbaycanlı futbolçular Polşa klublarına transfer olunsalar, bəlkə də heyətdə möhkəmlənə bilərlər. Söhbət ondan getmir ki, həmyerlilərimiz Polşa futbolunu böhrandan xilas edəcəklər. Sadəcə 16 komandanın mübarizə apardığı çempionatdan bir klub belə avrokuboklara gedə bilmirsə, deməli burada oynamaq mümkündür. Hətta çempionatın autsayderi “Krakoviya”da da post sovet məkanından iki futbolçu var. Bizə yaxşı tanış olan eks “Qəbələ”li Sergey Zenyov (Estoniya) və ukraynalı Aleksey Detyatev. Bu komanda da “Qəbələ”nin daha bir sabiq oyunçusu çıxış edir. Söhbət əyalət klubunda cəmi 1 oyunda meydana çıxan ispaniyalı Xavi Ernandesdən gedir. Yeri gəlmişkən, Ernandes artıq bu komandanın heyətində 5 oyun keçirərək, 1 qol vurmağa da imkan tapıb. 

Yeri gəlmişkən, vaxtilə Polşada Saşa Yunusoğlu qısa müddət də olsa legioner həyatı yaşayıb. O, 2007/2008-ci illər mövsümündə  “Diskoboliya” klubunin heyətində 8 oyunda meydana çıxıb. Sonradan “Poloniya”ya transfer olunsa da, bu komandada debüt edə bilməyib. 

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”

 

Son redaktə Çərşənbə, 27 Sentyabr 2017