wrapper

Azərbaycanlı futbolçuların ölkə xaricində yaxşı karyera qura bilməməsi həmişə əsas müzakirə mövzularından biri olub. Bunun səbəbləri haqqında kifayət qədər danışdığımızdan bu dəfə buna toxunmaq istəmirik. İş ondadır ki, vaxtilə ölkə xaricində çıxış edib, uğur qazanan həmyerlilərimiz də olub. Bu gün futbol11.az-ın versiyasısına görə, Azərbaycan futbol tarixinin ən yaxşı 10 legionerini müəyyənləşdirməyə çalışdıq. 

1. Nazim Süleymanov 

Oynadığı klublar: “Alaniya” (1991-1996), “Jemçujina” (1997-2000). 

Niyə məhz o? Süleymanov 5 il oynadığı Vladiqafqaz klubunda əsl liderə çevirilə bildi. 1995-ci ildə Rusiya çempionu olan hücumçu, 1992 və 1996-cı illərdə gümüş medalın sahibi oldu. O, iki dəfə - 1992 və 1993-cü illərdə Rusiyanın “33 ən yaxşı futbolçu”su sırasına düşdü. Millimizin kapitanı yerli publikanın da sevimlisi idi. Həmyerlimiz qazona ayaq basan kimi bütün stadion bir ağızdan “Sulya”, “Sulya” deyərək ona dəstək olurdular. Süleymanov “Alaniya”da 60 qol vuraraq, adını klubun ən yaxşı bombardirləri sırasına yazdıra bildi. 1996-cı ildə Moskva “Spartak”ı ilə qızıl oyunda yol verdiyi səhv onun karyerasının üstündən xətt çəkdi. Baş məşqçi Valeri Qazzayev qol şansının əldən verilməsinə görə, onu bağışlamadı. Və Süleymanov “Alaniya”dan ayrılaraq, Soçi “Jemçujina”sına yollandı. Qeyd edək ki, “10 nömrə” Vəli Qasımovdan fərqli olaraq, milli komandanın düşərgəsinə də həmişə böyük həvəslə gəlirdi. 

İndi hardadır – Son olaraq 19 yaşlılardan ibarət milli komandamızı çalışdıran Süleymanov hazırda işsizdir. 

 

Image result for nazim süleymanov

2. Vəli Qasımov 

Oynadığı klublar: “Spartak” (Moskva) (1992), “Dinamo” (Moskva) (1992), “Betis” (İspaniya) (1993-1995), “Albasete” (1995-1996), “Esixa” (İspaniya) (1997), “Vitoriya Setubal” (Portuqaliya) (1997-1999), “İmortal” (Portuqaliya) (1999-2001). 

1992-ci ildə “Neftçi”dən “Spartak”a gedən hücumçu orada cəmi 6 oyun keçirdikdən sonra Moskva “Dinamo”suna transfer olundu. Qasımovun Moskvanın digər klubundakı karyerası daha uğurlu alındı. O, 17 oyuna 16 qol vuraraq, Rusiya çempionatının ən yaxşı bombardiri oldu. Vəlinin adı həmin il Rusiyanın “33 ən yaxşı futbolçu”su siahısına da düşdü. O, “Dinamo”nun heyətində Rusiya çempionatının bürünc medallarına layiq görüldü. Həmyerlimizin “Dinamo”dakı parlaq oyunundan sonra İspaniyanın “Betis” klubu onu öz heyətinə cəlb etdi. Qasımovun komandası – “Betis” 1995-ci ildə İspaniya La Liqasında 3-cü yeri tutdu. Millimizin sabiq forvardının daha yaxşı karyera qurmasına isə zədə mane oldu. “Tenerefe” ilə matçda zədələnən forvard 5 ay yaşıl meydanlardan kənarda qaldı. Bundan sonra  onun karyerasında eniş başladı. Maraqlıdır ki, Qasımov Azərbaycan milli komandasının heyətində 1 qol belə vura bilmədi. 

İndi hardadır – “Neftçi”dəki uğursuz fəaliyyətdən sonra çox da gözə görünməyən mütəxəssis deyilənə görə, daha çox Moskvada olur. 

 

Image result for vali gasimov

 

3. Dmitri Kramarenko 

Oynadığı klublar: “Dinamo” (Moskva) (1993-1994), “Torpedo” (1995), “Alaniya” (1996-1997), “Dinamo” (Moskva) (1998-2001), ÇSKA (2002-2003), “Baltika” (2004), “Terek” (2006). 

1993-cü ildə “Neftçi”dən Rusiyaya yollanan qolkiper uzun illər bu ölkədə çıxış etdi. Nazim Süleymanovun səhvə yol verdiyi “qızıl oyun”da (1996) “Alaniya”nın qapısını məhz o qoruyurdu. Təbii ki, “Spartak”la matçdan sonra məyus şəkildə gümüş medal alan futbolçulardan biri də Dima idi. Kramarenko 2002-ci ildə “Atletiko”da baxışda olsa da, bu komandaya transferi baş tutmadı. Ümumiyyətlə, Dimanın Rusiya karyerasını 2004-cü ilədək uğurlu saymaq olar. O, həmin vaxta qədər yüksək liqada mübarizə aparan “Alaniya, Moskva “Dinamo”su və ÇSKA-nın heyətində çıxış edirdi. 2004-cü ildə I divizionda çıxış edən “Baltika” ilə anlaşan qapıçı bir il sonra Yunis Hüseynovun dəvəti ilə “Karvan”a gəldi. Bir çoxlarının fikirincə, Kramarenko müstəqillik dövründə milli komandamızın ən yaxşı qapıçısı olub. 

İndi hardadır – Son olaraq “Neftçi”də qapıçılarla işləyən məşqçi olan həmyerlimiz hazırda Moskvada yaşayır. 

 

Image result for dmitri kramarenko

 

4. Samir Əliyev 

Oynadığı klublar:“Volın” (Ukrayna) (2002-2004), “Uralan” (Rusiya) (2004). 

Samir Əliyevin legioner həyatı  Qasımov və ya Kramarenko qədər uzun olmasa da, hər halda Ukraynada indi də bəzən onu xatırlayırlar. “Volın”da 33 oyuna 11 qol vuran hücumçunun “Volın”ın 6-cı yeri tutmasında böyük rolu oldu. Əliyev həmin mövsüm “Şaxtyor”un qapısına gözəl qol vurduqdan sonra Ukrayna mətbuatının da gündəminə düşmüşdü. 2004-cü ildə Rusiya çempionatının I divizionunda mübarizə aparan “Uralan”a keçən həmyerlimiz 13 oyuna 4 qol vuraraq, baş məşqçi Leonid Slutskinin sevimlisinə çevirildi.  Ancaq həmin il “Xəzər Lənkəran”ın cəlbedici təklifi qarşısında davam gətirməyən hücumçu karyerasının ən böyük səhvini etdi. 

İndi hardadır -  Hazırda Topaz Premyer Liqasının debütantı “Səbail”in baş məşqçisidr. 

 

Image result for samir əliyev futbolçu

 

5. Şahin Diniyev 

Oynadığı klublar: “Zimbru” (Moldova) (1989), “Fakel” (1990), “Terek” (1992-1993), “Hapoel” (Tayibe) (1994), “Beytar” (Tel Əviv) (1994-1996). 

Diniyev hələ SSRİ dağılmamış “Kəpəz”dən ayrılaraq, Əhməd Ələsgərovun dəvəti ilə Moldovaya yollanmışdı. Onun Gəncə klubunu tərk etməsi də səbəbsiz deyildi. Klub rəhbərliyi vədinə xilaf çıxdığından yarımmüdafiəçi imkan düşən kimi komandadan uzaqlaşdı. Ondan sonra bir neçə komandada çıxış edən həmyerlimiz 1992-ci ildə Xaliq Mərdanov və Vidadi Rzayevlə “Terek”ə getdi. Yoldaşlarından fərqli olaraq, Qroznıda davam gətirən futbolçu 44 oyuna 7 qol vurdu. Ancaq 1993-cü ildə Çeçenistanda hərbi vəziyyət pisləşdiyindən Diniyev İsrailə getdi. 1994-cü ildə yüksək liqada “Hapoel”in heyətində 24 oyuna 2 qol vuran millimizin sabiq üzvü növbəti iki ili “Beytar”da keçirdi. O, yeni komandasında da aparıcı futbolçulardan biri idi – 40 oyun, 5 qol. 

İndi hardadır–Hazırda “Kəpəz”in baş məşqçisi olan mütəxəssis komandanı böhrandan çıxarmağın yollarını axtarır. 

 

Image result for şahin diniyev futbolçu

 

6. Tərlan Əhmədov 

Oynadığı klublar: “Terek” (1993), “Anji” (1997), “Fakel” (2000), “Volın” (Ukrayna) (2003-2004). 

Əhmədov ilk dəfə 1993-cü ildə “Turan”dan “Terek”ə gederək legioner həyatı yaşamağa başladı. Həmin vaxt I dvizionda çıxış edən Qroznı klubunda 14 oyun keçirən müdafiəçi Çeçenistanda vəziyyətin pisləşdiyinə görə, geri qayıtdı. Tərlanın Kamal Quliyev və Samir Əliyevlə birgə “Volın”da karyerası daha yaxşı alındı. 2003/2004-cü illər mövsümündə Lutsk klubunda 22 oyunda meydana çıxan futbolçu baş məşqçi Vitali Kvartsyanının sevimlilərindən birinə çevirilmişdi. 2004-cü ildə geri qayıdan Əhmədov bundan sonra hələ 5 il Azərbaycan çempionatında oynadı. 

İndi hardadır – “Neftçi”nin baş məşqçi postuna təyin olunan Əhmədov komandanı çətin vəziyyətdən çıxarmağa çalışır. 

 

Image result for tarlan ahmadov

 

7. Kamal Quliyev

Oynadığı klublar: “Volın” (Ukrayna) (2002-2004). 

Millimizin sabiq yarımmüdafiəçisi həyatında yalnız bir dəfə legioner həyatı yaşasa da, “onluğumuz”a düşə bildi. Həmin vaxt Kamal da Samir və Tərlan kimi “Volın”ın aparıcı üzvlərindən idi. 2003-cü ildə klubun rəsmi saytının keçirdiyi sorğuya əsasən Quliyev komandanın ən yaxşı futbolçusu seçilmişdi. 2004-cü il, aprelin 10-da  Zaporojets “Metallurq”u ilə görüşdə rəqib futbolçu ayağını sındırsa da, o sonadək meydanda qaldı. Həmin vaxt artıq baş məşqçi hər 3 dəyişiklikdən istifadə etmişdi.  Kamal “Volın”da 39 oyuna 1 qol vurdu. 

İndi hardadır – Hazırda “Neftçi”də akademiyanın seleksiyaçısı vəzifəsində çalışır. 

 

Related image

 

8. Rəşad Sadıqov 

Oynadığı klublar:  “Fulad” (İran) (2002-2003), “Kayserispor” (Türkiyə) (2005-2006), Kocaelispor (2008-2009), “Eskişehirspor” (2010). 

2002-ci ildə Azərbaycan çempionatı dayandığından əksər futbolçular İrana yollanırdılar. Sadıqov da ilk dəfə ölkə xaricinə gedərək, “Fulad” klubu ilə anlaşdı. Millimizin kapitanının növbəti səfəri isə daha yadda qalan oldu. Rəşad 2005-ci ildə “Kayserispor”un baş məşqçisi Ertuğrul Sağlamın istəyi ilə bu komandaya transfer olundu. Qış fasiləsinə yaxın zədələnən futbolçu bundan sonra “Neftçi”yə icarəyə verildi. Mövsüm başa çatdıqdan sonra yenidən Kayseri klubuna qayıdan həmyerlimiz İntertoto kubokunda “Sopron” (Macarıstan) və “Larissa” (Yunanıstan) komandaları ilə oyunlarda çıxış etdi. 

2008-ci ildə Türkiyənin digər klubu – “Kocaelispor”a keçən futbolçu burada azarkeşlər tərəfindən “Terminator” ləqəbi aldı. “Qalatasaray”ı səfərdə 5:2 hesabı ilə məğlub etdikləri oyunun ən yaxşılarından oldu. “Fənərbağça” ilə səfərdə 1:1 hesabı ilə heç-heçə bitən oyunda iki dəfə topu boş qapıdan çıxardı. Rəşadın ölkı xaricində son klubu “Eskişehirspor” oldu. Həmyerlimiz Türkiyə klublarında üst-üsə 31 oyunda forma geyindi. 

İndi hardadır – “Qarabağ”ın və millimizin kapitanı olan müdafiəçi 3 cəbhədə - ölkə çempionatı, Çempionlar Liqası və DÇ-2018-in seçmə oyunlarında döyüşür. 

 

Image result for rashad sadygov kayserispor

9. Emin Ağayev

Oynadığı klublar: “Anji” (1993-1998), “Torpedo ZİL” (1999-2001), “Ximki” (2002-2004), “Baltika” (2004), “Dinamo” (Bryansk) (2005), “Nosta” (2005), “Nara-Desna” (2007), “Volqa” (Tver) (2008-2010). 

Sol cinah müdafiəçisi hələ 1993-cü ildə Rusiyaya yollansa da, o, yüksək liqada yalnız 2001-ci ildə debüt etdi. “Torpedo ZİL” elitaya vəsiqə qazandığı 2001-ci ildə Emin 11 oyunda meydana çıxdı. Bundan sonra da millimizin üzvü karyerasını başa vurana qədər yalnız aşağı liqa klublarının şərəfini qorudu. 

Indi hardadır – Uzun illərdir ki, Rusiyada yaşayır. 

Image result for emin agaev azerbaijan

10. Qurban Qurbanov

Oynadığı klublar: “Alazani” (Gürcüstan) (1991-1992), “Dinamo” (Stavropol) (1998), “Fakel” (1999), “Baltika” (1999), “Fakel” (2000-2001), “Fakel” (2002), “Volqar Qazprom” (2003). 

“Qarabağ”ın baş məşqçisi 1998-ci ildə Stavropol klubunun heyətində 16 qol vuraraq, İ divizionun ən yaxşı bombardirlərindən olmuşdu. “Dinamo” müqavilə şərtlərinə əməl etmədiyindən o komandadan ayrılaraq, “Baltika”ya yollandı. Orada da maliyyə problemləri baş qaldırdığından klubdan tez getməli oldu. 1999/2000-ci illər mövsümündə “Fakel”in güclülər dəstəsinə yüksəlməsində rolu olsa da, zədə səbəbindən burada işləri istənilən kimi getmədi. Amma Voronejdə, eləcə də Stavropol da azarkeşlər hələ də Qurbanovu məmuniyyətlə xatırlayırlar. 

İndi hardadır – “Qarabağ”ın baş məşqçisidir. 

 

Image result for gurban gurbanov azerbaijan

 

“Layhə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşirdirilir”