wrapper

SSRI yığmasında oynamaq Əsədovun çox işinə yarıyıb

SSRİ milli komandasının heyətində yeniyetmələr arasında Avropa, gənclər arasında dünya çempionu olan Arif Əsədov müstəqillik illərində ölkə xaricinə gedən ilk futbolçularımızdan oldu. Hələ 1988-ci ildə SSRİ çempionatının güclülər dəstəsində “Neftçi”nin heyətində meydana çıxan müdafiəçi Bakı klubu I dəstəyə düşdükdən sonra əsas futbolçulardan birinə çevirildi. İlk milli çempionatımızda “ağ-qaralar”ın uğurları üçün çalışan Əsədov 1994-cü ildə Vladiqafqazın  “Alaniya” komandasına yollandı.

İqnatyevin yardımı ilə Vladiqafqaza

Hazırda I divizionda çıxış edən “Sabah” klubunu çalışdıran mütəxəssislə söhbətimizə məhz uzaq 94-cü ildən başladıq.

-  Azərbaycan müstəqillik əldə etdikdən sonra bir mövsüm “Neftçi”nin heyətində öz çempionatımızda oynadım. Aydın məsələdir ki, sovet futbolundan sonra ölkə çempionatının səviyyəsi aşağı idi. Ümumiyyətlə, bu iki yarışı bir-biri ilə müqayisə etmək belə doğru deyil. Arada çox böyük fərq var idi. Qarşıma məqsəd qoydum ki, ölkə xaricinə yollanım və legioner həyatı yaşayım. Bizi həmin vaxt daha çox post sovet ölkələrinin komandaları tanıyırdı. SSRİ-nin yeniyetmələrdən və gənclərdən ibarət yığmalarında oynadığımdan az-çox əlaqələrim var idi. “Alaniya”ya həmin vaxt Valeri Qazzayev rəhbərlik edirdi. SSRİ millisində məşqçimiz olmuş Boris İqnatyevlə münasibətlərimiz yaxşı idi, tez-tez danışırdıq. Bir dəfə dedi ki, Rusiyada oynamaq istəyirsənsə, Qazzayevə təklif edərəm. Bir müddət sonra klubdan zəng gəldi ki, filan vaxt olarsan Vladiqafqazda. Həmin vaxt Azərbaycan çempionatında I dövrə başa çatmışdı, qış fasiləsi idi. “Neftçi” rəhbərliyi ilə danışdıqdan sonra getdim “Alaniya”nın düşərgəsinə. Gedən kimi  birbaşa müqavilə təklif etdilər. Düzdür, həmin vaxt “Neftçi” məni birdəfəlik buraxmadı, yalnız icarəyə verməyə razı oldular. İcarə əsasında 1 il Vladiqafqaz klubunda çıxış etdim.

- Nə əcəb bəs tez qayıtdız ordan?

- Rəhmətlik Rasim Rəfiyev onda güclü “Neftçi yaratmağı qarşısına məqsəd qoymuşdu. Ən yaxşı futbolçuları komandaya yığırdılar. Ona görə mənim orada qalmağıma razı olmadı ki, “gəl “Neftçi”yə kömək elə”.

- “Alaniya”ya gedən vaxtı Nazim Süleymanov da komandada idi. O, artıq komandanın liderlərindən birinə çevirilmişdi.

- Nazim 1991-ci ildən Vladiqafqazda idi.  Mən ora gedəndə Qazzayev komandaya yeni gəlmişdi. Klubu I dəstədən yüksək liqaya çıxarmışdı. Ancaq 1991-ci ildə Moskva “Dinamo”sundan təklif alaraq, bu komandaya baş məşqçi getmişdi. Qazzayev 1993-cü ildə yenidən “Alaniya”ya qayıtdı və yeni heyət qurmağa başladı. Süleymanov  həmin vaxt artıq komandanın aparıcı oyunçularından idi. Onu şəhərdə çox sevirdilər, azarkeşlərin Nazimə xüsusi rəğbəti var idi. Mənim ora getməyimdə Süleymanovun da rolu oldu. Komandaya adaptasiya olmaqda, mühitə uyğunlaşmaqda əlindən gələni etdi. Yəni birdən-birə özümü orada yad hiss etmədim. Nazimlə bir otaqda qalırdıq. Ondan başqa, SSRİ-nin gənclər yığmasında birgə çıxış etdiyimiz Mircəlal Qasımov, Baxva Tedeyev də “Alaniya”da idi.

- İlk dəfə ölkə xaricinə yollananda çətin olmadı ki? Orada münasibət necə idi sizə?

-  SSRİ yığmasında oynamışdım deyə, hamıyla yaxşı münasibətim var idi. Yəni özümü yad hiss etmirdim. Komandadakı futbolçuların əksəriyyətini əvvəlcədən tanıyırdım. Həm də klubda da məni isti qarşıladılar. Nə qədər olmasa, ora da Qafqazdır və bizə qarşı mehriban münasibət göstərirdilər. Moskva klublarında çıxış etsəydim, bəlkə də bu çətinliyi görərdim. Çünki orada bizə yad kimi baxırdılar. Burda isə hər şey rahat idi.

- “Neftçi” məni “Torpedo”ya buraxmadı”

- Əsas heyətə düşməklə bağlı çətinlik yaranmadı ki? Gedən kimi sizə şans verdilər?

- O baxımdan problem olmadı. Mövsüm ərzində 30 oyundan 20-də meydana çıxdım və bir qol da vurdum. Bəzi matçlarda sadəcə sarı vərəqə limitim dolduğu üçün oynamadım. Bir də milli komandanın düşərgəsinə gələrkən də, bir neçə görüşü buraxmalı olmuşdum. 1994-cü ildə Moskva “Torpedo”su da məni transfer etmək istəyirdi. “Alaniya”da bir il oynayıb, özümü tanıtdıqdan sonra “Torpedo” təklif göndərdi. Müqavilə ilə “Neftçi”yə məxsus olduğumdan məni buraxmadılar ki, bizə lazımsan, burda yeni komanda qururuq.

- Azərbaycana qayıdıb 3 il “Neftçi”də çıxış etdikdən sonra 1998-ci ildə bu dəfə daha uzağa – “Tümen”ə yollandız. O, transfer necə baş tutdu?

- Yadınızdadırsa, 1997-ci ildə “Neftçi” iki hissəyə bölündü. Komandada parçalanma getdi. Mən qəbul olunmayan “Neftçi”də idim. Ona görə də yenə tanış məşqçilərlə danışdım. SSRİ-nin U-17 yığmasında məşqçim olmuş Aleksandr Piskaryov dedi ki, “Tümen” futbolçu axtarır, ora gedə bilərsən. Mən də bu variantla razılaşıb “Tümen”ə yollandım.  

- Hacı Hacıyev və Vaqif Sadıqovla “Anji”də

-  Vladiqafqazdan fərqli Tümen Qafqaz deyildi. Bakıdan xeyli uzaqda fərqli münasibət ola bilərdi, həm də fərqli ab-hava. Çətin olmadı ki?

- Həmin vaxt məqsədim o idi ki, ölkədən kənara çıxım və güclülər dəstəsində oynayım. “Tümen” bu baxımdan münasib variant idi. 28 yaşım var idi. Öz gücümdən maksimum istifadə edirdim ki, Rusiya çempionatında çıxış edim. “Tümen” yeni yığılmış komanda idi. Düdür, elə həmin il aşağı liqaya düşdülər. Ancaq bunun da səbəbləri var idi. Komanda yeni yarananda klubun moskvalı rəisi paytaxtdan 7-8 təcrübəli fubolçu cəlb etmişdi. Ancaq 4-5 turdan sonra onunla klubun tümenli prezidenti arasında fikir ayrılığı yarandı. O da prinsipə düşüb futbolçuların hamısını özü ilə apardı. Transfer müddəti başa çatdığından yeni oyunçu götürmək mümkün deyildi. Məcbur oldular gedənlərin yerinə əvəzedici heyətdən gəncləri çağırmağa. Bununla da komandada eniş başladı. “Tümen” I dəstəyə düşdükdən sonra orda qalmağın mənası yox idi. Həm də müqaviləmin vaxtı  başa çatmışdı. “Anji”dən təklif gəldiyindən Mahaçqala klubuna getdim. Komandanı Hacı Hacıyev çalışdırırdı. Hacıyev də İqnatyev və Salkovla bərabər SSRİ-nin gənclər yığmasında işləmişdi deyə, məni yaxşı tanıyırdı. Köməkçi məşqçilərdən biri də Vaqif Sadıqov idi. Komandanın qarşısına yüksək liqaya vəsiqə qazanmaq tapşırığı qoyulmuşdu. Ancaq “Anji”də karyeram uğursuz alındı. Çünki çempionatın əvvəlində ağır zədə aldım.  Mahaçqala komandasında da icarə əsasında çıxış edirdim. Ümumiyyətlə, AFFA-nın sabiq prezidenti, rəhmətlik Fuad Musayev futbolçuların transferinə imkan vermirdi. Yalnız icarəyə getmək olardı. Zədəyə görə, I dövrədən sonra Bakıya qayıtdım. Zədəm sağaldıqdan sonra “Qarabağ”la müqavilə bağladım.

- Bir azərbaycanlı futbolçu üçün Rusiyada legioner həyatı yaşamağın çətinlikləri nədir?

- Orada adətən yerli futbolçular özləri komandada ayrıca oturub-dururdular. Kənardan kimsə gəlib düşəndə sıxırdılar, yaxınlıq vermirdilər. Gərək bələ məqamda xarakterin olsun ki, ab-havaya uyğunlaşasan, çətinliklərə davam gətirəsən. Ən əsası kollektivə qaynayıb-qarışasan. Bir müddət belə çətinlik olur. Sübut etdikdən sonra ki, onlardan zəif deyilsən artıq münasibət də dəyişir.

- Bəs oyun planı baxımından Rusiya çempionatının çətinlikləri nədən ibarətdir?

- O vaxt Rusiyada Sovet futbolundan qalma fiziki yükləmələrə daha çox üstünlük verirdilər. Əsas dözümlü olmalı, atletik oyuna tab gətirməliydin. İndiki futboldakı sürət, texniki göstəricilər onda yox idi. Hər hansı oyunçu individual cəhətdən fərqlənməli idi ki, əsas heyətdə oynasın. Oyunlar daha çox yağışlı, qarlı havalarda keçirilirdi, həm də meydanların vəziyyəti acınacaqlı olurdu. Fiziki cəhətdən hazır olmalıydın ki, belə meydanda oynaya biləsən.

- Rusiya karyeranızında ən çox nə yadınızda qalıb?

- “Alaniya”da çıxış edəndə I dövrədən sonra fasilə oldu və Şimali Osetiya Prezident kuboku turniri təşkil olundu. Yarışda “Alaniya” ilə yanaşı İspaniyanın “Ovyedo”, İtaliyanın “Cenoa” və Portuqaliyanın “Boavişta” klubları mübarizə aparırdı. Finalda “Boavişta” ilə qarşılaşırdıq və hesab 1:1 idi. Mən Portuqaliya komandasının qapısına qol vuraraq, “Alaniya”ya qələbə qazandırdım. Tümendə isə azərbaycanlı azarkeşlər çox idi. Hər oyun stadiona gələrək, mənə dəstək olurudlar. II dövrədə artıq “Tümen”də kapitan sarğısını daşıyırdım. Mənə azarkeşlər “Kavkazskiy tiqr” adı vermişdilər.

 “O vaxt futbolçularımız daha güclü idilər”

-  Niyə son vaxtlar azərbaycanlı futbolçuların ölkə xaricində karyerası alınmir?

- Bir neçə səbəbi var. Bunlardan biri maliyyədir. Burda o pulu asan yolla qazanır, gedib orda çətin vəziyyətə düşməkdənsə, Azərbaycanda qalmağa üstünlük verir. İkincisi, kənarda oynamaq üçün xarakter lazımdır, çətinliklərə tab gətirməlisən, dözməlisən. Əvəllər Rusiyaya legionerlər daha çox post sovet ölkələrindən gəlirdilər. İndi onlar daha çox Avropadan, top çempionatlardan futbolçu almaqda maraqlıdırlar. Ona görə  Azərbaycan bazarı onlar üçün maraqsızdır. Bizimkilər səviyyə baxımından da Rusiya, Türkiyə kimi ölkələrdə çıxış etməyə uyğun gəlmirlər. Ən yaxşı futbolçularımız da gedəndə bir neçə tur oynayır, sonra geriləyirlər və mövsümün axırında geri qayıdırlar.

- Vaxtilə milli komandamızın əksər üzvləri Rusiya klublarında oynasalar da, xeyli vaxtdır ki, bu ölkəyə bizdən heç kim getmir. Bunun səbəbi nədir?

- O vaxt SSRİ çempionatında oynamışdıq deyə, hamı bir-birini tanıyırdı. Kimin nəyə qadir olduğunu bilirdilər. İndi isə məsələn, “Qarabağ” Çempionlar Liqasının qrupunda çıxış edir. Yəni bizim yerli futbolçuları orda görüb transfer edə bilərlər.

- Mən elə onu demək istəyirdim ki, “Qarabağ” ÇL-in qrupunda oynayır, “Qəbələ” bir neçə ilə Avroliqada bunu etdi. Amma yenə də Azərbaycan futbolçusu bir marka ola bilməyib, tanınmayıb.

- Məncə, o vaxt futbolçularımız fərdi baxımından daha güclü idilər. Son 10 ildə dünya fubolunda nə kimi dəyişikliklərin baş verdiyini görürsüz. İstər taktiki baxımından, istərsə də müasir texnologiyadan istifadə. Onda bu cür imkanlar olsaydı, bizimkilər daha güclü klublarda forma geyə bilərdilər.

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşirdirilir”

 

 

 

Son redaktə Çərşənbə, 04 Oktyabr 2017