wrapper

AFFA yanında Media Komitəsinin qaliblərindən olan Futbol11.az saytı “İstənilən aktual mövzuda fərdi jurnalist araşdırması” istiqaməti üzrə “Heç kim və heç nə unudulmur"  mövzusunda silsilə yazılara bashlayir.

Və ya çoxlarına lazım olmayan eksperimental turnirdəki çıxışımız  

SSRİ Futbol Federasiyası çempionat maraqlı keçsin deyə, tez-tez müxtəlif eksperimentlərə əl atırdı. Bəzən bu addımlar yarışa marağı artırmaq, bəzən də ədalətli idman mübarizəsinin pozulmaması kimi xarakterizə olunurdu. 1977-ci ildə mövsüm ərzində 107 oyunda bərabərlik qeydə alındı ki, bu da çempionatdakı matçların 44,58 faizi demək idi. Məhz bundan sonra sovet futbol təsərrüfatının rəhbər şəxsləri anladılar ki, vəziyyət xarabdır. Yeri gəlmişkən, həmin vaxt ən çox heç-heçə edən edənlər arasında “Neftçi”də var idi. Bakı komandası ilə yanaşı, Moskva “Dinamo”su, “Kayrat” və ÇSKA 17 oyunu (!) bərabərliklə başa vurmuşdu. Bu səbəbdən 1978-ci ildə SSRİ çempionatının güclülər dəstəsində danışılmış oyunların qarşısını almaq məqsədi ilə heç-heçə limiti tətbiq olunmağa başladı. Belə ki,  bərabərlikdən sonra artıq heç-heçəyə görə komandalara xal verilmirdi. 1980-ci ildə qərar bir qədər yumuşaldıldı və 10 oyun ərzində bərabərliyə xal verilməsi məqsədə uyğun sayılır.

“Spartak”ın quyusunu “Ararat” qazdı

Rusiyada hələ də çoxları hesab edir ki, 1976-cı ildə “Spartak” güclülər dəstəsini tərk edərkən, bu komandaya quyu qazılmışdı. Guya Kiyev “Dinamo”su Moskvanın digər klubları ilə birləşərək, belə bir “oyun” təşkil edib. Özü də “Ararat”ın əli ilə. Ermənistan komandası 14-cü pillədə olan “Spartak”ı qabaqlamaq üçün çempionatın son turunda qızıl medalları təmin etmiş Moskva “Torpedo”sunu məğlub etməli idi. Buna qədər rəqiblərinə qan udduran “Torpedo” gözlənilmədən autsayder “Ararat”a uduzur. Və bununla da paytaxtın digər komandası  - “Spartak” elitanı tərk edir. Həmin vaxt bütün SSRİ bu oyundan danışsa da, heç nə dəyişmir. Qeyd edək ki, “Neftçi” məhz həmin il – 1976-da I dəstədə 2-ci yeri tutaraq, yüksək eşalona qayıdır.  

Təcrübə meydanı – Futbol Federasiyaları kuboku

Sovetlər Birliyində yeganə eksperiment heç-heçə ilə bağlı deyildi. 1986-cı ildə SSRİ Futbol Federasiyası güclülər dəstəsi komandaları arasında daha bir turnir keçirilməsini qərara aldı. İngiltərədə ölkə kuboku ilə yanaşı Liqa Kuboku turniri keçirildiyi kimi SSRİ-də də Futbol Federasiyaları Kuboku yaradıldı. Yarışda güclülər dəstəsində çıxış edən 16 komanda 4 qrupa bölünərək, mübarizə aparırdı. İlk illərdə belə bir ideya var idi ki, yarışın qalibi SSRİ-ni birbaşa UEFA kuboku turnirində təmsil etsin. Ancaq çox vaxt komandaların bu turnirdə eksperimental heyətlə meydana çıxması, yarışa ciddi yanaşmaması planları gerçəkləşdirməyə imkan vermədi. “Neftçi” SSRİ Futbol Federasiyaları Kuboku turnirində ən yüksək nəticəsini 1988-ci ildə finala çıxaraq göstərib. Bu haqda bir qədər sonra ətraflı məlumat verəcəyik. Hələlik isə 1986-da keçirilən ilk yarışdan danışaq. 

Rüstəm Rəhimov “Neftçi”nin “Ararat”la oyununu idarə edib

“Ağ-qaralar” A qrupunda “Ararat”, Tbilisi “Dinamo”su və Kutaisi “Torpedo”su ilə mübarizə apardı. 3 oyunda 3 xal toplayan (o vaxt qələbəyə 2 xal verilirdi)  Bakı komandası “Ararat”dan sonra qrupda 2-ci yeri tutdu. “Neftçi” Bakıda Ermənistan komandasına 1:3 hesabı ilə uduzdu. Səfərdə Tbilisi “Dinamo”sunu Nazim Süleymanovun qolu sayəsində 1:0 məğlub etdi. Doğma divarlar arasında “Torpedo” (Kutaisi) ilə oyun heç-heçə başa çatdı – 2:2. Komandamizin heyətində Yaşar Vahabzadə və Vaqif Sadıqov fərqləndi. Turnirin eksperimental xarakter daşıması hakimlərin adına diqqət yetirəndə də görünür. Bakıdakı oyunları azərbaycanlı, Tbilisidəki matçları gürcü, Yerevandakı qarşılaşmaları isə erməni hakimlər idarə edirdi. “Neftçi”nin “Ararat”la Bakıdakı oyununda Rüstəm Rəhimov, “Torpedo” ilə matçda isə Rafiq Quliyev baş hakim kimi meydana çıxmışdı.

1986-cı ildə yarışın qalibi finalda “Zenit”i 2:0 hesabı ilə məğlub edən “Dnepr” oldu.

Finala gedən yolu “Metallist” kəsdi

Bir il sonra “Neftçi” B qrupunda yenə də Zaqafqaziya komandaları ilə gücünü sınadı. Bakılıların qrupdakı rəqibləri “Ararat”, “Dinamo” (Tbilisi) və “Quriya” (Lançxuti) idi. Bu dəfə komandalar evdə və səfərdə oynamaqla qrupda 6 görüş keçirdilər. Artıq hakimlər də başqa şəhərin təmsilçiləri idilər. “Neftçi” ilk oyununu doğma divarlar arasında “Quriya”ya qarşı keçirərək 1:0 hesabı ilə qalib gəldi. Meydan sahiblərinin heyətində yeganə qolu Vəli Qasımov vurdu. Səfərdə Tbilisi “Dinamo”su ilə 1:1 hesablı heç-heçə futbolçuları daha da ruhlandırdı. Vaxtilə AZAL-da oynamış Aleksandr Qurulinin atası Giyanın qoluna İsgəndər Cavadov cavab verdi. “Neftçi” növbəti oyunda Bakıda “Ararat”ı Cavadov və Qasımovun qolları ilə 2:0 üstələdi. Amma Ermənistan səfəri yenə uğursuz alınır. Düzdür, Novruz Əzimov qonaqları hesabda önə keçirsə də, “Ararat” buna 4 topla cavab verir – 1:4. Növbəti oyunda Bakıda “Dinamo” üzərində minimal hesablı qələbə - 1:0. Yenə Cavadov adını tabloya yazdırır. Son oyunda isə səfərdə “Quriya” ilə 1:1 bərabərə qalan komandamız 8 xalla qrupda 1-ci yeri tutur. Son matçda “ağ-qaralar”ın yeganə qolunu Mehman Allahverdiyev vurur. “Neftçi” ¼ final mərhələsində A qrupunda 2-ci yeri tutan Moskva “Dinamo”su ilə qarşılaşır. Respublika stadionunda keçirilən oyunu 34700 azarkeş izləyir.  Bakılıların 3:0 hesablı qələbəsi ilə başa çatan matçda qolları Süleymanov, Yunis Hüseynov və Ponomaryov vurur.  Yarımfinalda rəqibin “Metallist”, oyunun da Bakıda keçirildiyini nəzərə alsaq, hamı “Neftçi”ni finalda görürdü. Amma sən saydığını say, gör, xarkovlular nə sayır. Ukrayna komandası dolu tribunalar önündə “ağ-qaralar”ı 3:1 hesabı ilə məğlub etdi. Meydan sahiblərinin yeganə qolunu Cavadov vurdu.

Həmin il finalda “Spartak” “Metallist”i 4:1 hesabı ilə məğlub edərək, kuboku başı üzərinə qaldırdı.

1988-ci ildə “Neftçi” B qrupunda “Kayrat”, “Şaxtyor” və Tbilisi “Dinamo”su ilə yarışırdı.

Svanadze “Neftçi”yə qol vursa da, xeyiri olmadı

Komandamız ilk oyunda səfərdə gözlənilmədən “Şaxtyor” üzərində 3:1 hesablı qələbə qazanır. Ponomaryovun dubl etdiyi oyunda digər qolu Süleymanov vurur. “Neftçi” ikinci görüşü Almatıda “Kayrat”a qarşı keçirir. 8 qol vurulan qarşılaşma 4:4 hesabı ilə yekunlaşır. Meydan sahiblərinin heyətində Pəhləvanidi və Karaçun (bu soyada diqqət edin) dubl edir. “Neftçi”nin qollarını Vəli Qasımov, Süleymanov, Vladislav Qədirov və Nazim Əliyev vurur. Komandamız qrupdakı 3-cü oyunu səfərdə Tbilisi “Dinamo”suna qarşı keçirir və 3:2 hesablı qələbə ilə dönür. “Neftçi”nin qollarını Vidadi Rzayev, Nazim Əliyev və Vladislav Lemiş vurur. Maraqlıdır ki, matçda hesabı hazırda “İnter”in sükanı arxasında olan Zaur Svanadze açmışdı. “Neftçi” Qazaxıstan komandasını səfərdə məğlub edə bilsə də, evdə bu rəqibə uduzur – 3:4. Qonaqların heyətində yenə də Karaçun dubl edir. “Neftçi”nin qollarını Samir Ələkbərov və  Cavadov vurur. “Kayrat”ın müdafiəçisi Almcon Rafikov avtoqola imza atır. “Neftçi” 5-ci turda Tbilisi futbolçularına səfərdə 0:4 uduzsa da, son oyunda “Şaxtyor”la heç-heçə edə bilir – 2:2. Qeyd edək ki, komandamız hər iki oyunu Bakıda keçirməli olsa da, fövqəladə vəziyyət elan edildiyindən bu görüşlər Tbilisi və Donetskdə baş tutur. “Şaxtyor”la matçda “Neftçi”nin qollarını Samir Ələkbərovla Vəli Qasımov vurur. Beləliklə, “ağ-qaralar” 6 oyundan 6 xal toplayaraq, qrupda 2-ci yeri tuturlar. Və ¼ final mərhələsində A qrupunda 1-ci olan “Jalgiris”ə rəqib olurlar. Kaunasda keçirilən oyunun əsas vaxtı 2:2 hesabı ilə başa çatır. Meydan sahiblərinin heyətində Sukristovla Fridrikas, “Neftçi”də isə Rasım Abuşovla Vəli Qasımov fərqlənir. Oyun sonrası penalti zərbələrində “Neftçi” futbolçuları daha dəqiq olurlar – 4:2. 

“Spartak” üzərində qələbə və final!

Yarımfinalda isə “Neftçi”ni “Spartak” gözləyirdi. Bakıda Respublika stadionunda keçirilən oyunu 12250 azarkeş izləyir. “Neftçi” matça bu heyətlə çıxır:

“Neftçi”:Elxan Həsənov, Novruz Əzimov, Əsgər Abdullayev. Rasim Abuşov, Vitali Alxasov, Nazim Süleymanov, Yunis Hüseynov, Arzu Mirzəyev, Vladislav Qədirov (Yaşar Vahabzadə, 83), Maşallah Əhmədov (Valeri Pançik, 86), Samir Ələkbərov.

"Spartak”: Stauçe (Yeryomin, 46), Surov (Susloparov, 46), Povalyaev, Qradilenko, Bubnov, Qruniçev (Kujlev, 46), An. İvanov, Pasulko, Şmarov, Çerenkov, Radionov.

9-cu dəqiqədə Süleymanov Stauçenin qapısına yol tapır. Fasiləyə 11 dəqiqə qalmış Yunis Hüseynov “Neftçi”ni 2:0 önə keçirir. İkinci hissədə Moskva klubu qollardan birinin əvəzini çıxır. “Spartak”ın əfsanəsi mərhum Fyodor Çerenkov Elxan Həsənovu məyus edir. Ancaq moskvalıların bundan artığına gücü çatmır. Və “Neftçi” 2:1 hesabı ilə qələbə qazanaraq, SSRİ Futbol Federasiyaları kubokunda finala vəsiqə qazanır. Digər yarımfinal  oyununda “Kayrat” Moskvada “Dinamo”nu minimal hesabla (1:0) məğlub edərək, “Neftçi”yə rəqib olur.

“Neftçi”nin qənimi  - Karaçun

Final matçı noyabrın 22-ə təyin olunur. Bundan 3 gün əvvəl isə bakılılar çempionada son oyunlarını keçirmişdilər. Yuri Kuznetsovun rəhbərlik etdiyi komandamız Kiyev “Dinamo”suna səfərdə 1:2 hesabı ilə uduzmuşdu. Həm “Neftçi”, həm də  “Kayrat” finala güclülər dəstəsini tərk etmiş komanda kimi çıxırlar. Qazaxıstan klubu çempionatda son oyununu Moskva ”Dinamo”suna qarşı keçirmiş və 3:4 hesabı ilə məğlub olmuşdu. SSRİ Futbol Federasiyası həlledici görüşü Kişinyova təyin edir. Güclülər dəstəsi ilə vidalaşan iki komandanın matçı elə də böyük maraq doğurmurdu. Təsadüfi deyil ki, görüşü cəmi 900 azarkeş izləyib.  

“Neftçi”: Elxan Həsənov, Novruz Əzimov, Əsgər Abdullayev, Rasim Abuşov, Vitali Alxasov, Nazim Süleymanov, Yunis Hüseynov (Vladimir Lemiş), Vəli Qasımov, Yaşar Vahabzadə (Vladislav Qədirov, Arzu Mirzəyev), Maşallah Əhmədov, Samir Ələkbərov.

“Kayrat”: Çekmezov, Y.İ.İvanov, Yarovenko, Volqin, Karaçun, Kister (Rafikov), Ledovskix,  Karaçun, Səlimov, Məsudov, Jidkov (Pasko).   

Bir il əvvəl “Neftçi” çempionatda “Kayrat”ın qapısından 6 cavabsız top keçirdiyindən Almatı klubu revanş hissi ilə alışıb-yanırdı. 1988-ci il çempionatında isə “Neftçi” rəqibini evdə 4:2 hesabı ilə məğlub etsə də, səfərdə 1:2 uduzmuşdu. 

Kişinyovdakı oyun “Kayrat”ın hücumçusu Karaçunun benefisinə çevirilir.

Haşiyə: Karaçun Viktor Nikolayeviç. 1959-cu ildə Minskdə anadan olub. Karyerasına Minsk “Dinamo”sunda başlasa da, bu komandanın əsas heyətində oynamayıb.  “Dinamo” (Brest), “Tselinnik” kimi aşağı liqa təmsilçilərində çıxış etdikdən sonra 1986-cı ildə “Kayrat”a keçib. 3 il Almatı komandasının formasını geyinib. Sonralar “Zarya” (Voroşilovqrad), “Zarya” (Luqansk) kimi aşağı liqa klublarında çıxış edib. “Kayrat” tarixinin ən yaxşı hücumçusu Pəhləvanidi sayılsa da, “Neftçi”nin qəniminə məhz Karaçun çevirilir.  

Qrup mərhələsində “Neftçi”nin qapısından 2 top keçirən forvard bu dəfə Elxan Həsənovu 4 dəfə məyus edir. 47-ci dəqidədə Qasımov hesabı bərabərləşdirsə də, “Kayrat” 4:1 hesabı ilə qalib gəlir.

Novruz Əzimov: “Yəqin ki, bu yarışı yaratmaqda məqsəd oyun sayının çoxaltmaq idi. Finaldan 3 gün əvvəl Kiyevdə “Dinamo” ilə ağır oyun keçirib 2:1 hesabı ilə uduzmuşduq.  Yadımdadır ki, o vaxt Kiyevdə hava pis olduğundan meydan palçığın içində idi. Çox güc sərf etmişdik. “Kayrat”ın da heyətində 4 qolun hamısını bir futbolçu vurdu (Karaçun – red.). Çox sürətli hüçumçu idi. Yarımfinalda Bakıda “Spartak”ı 2:1 udmuşduq. Özü də həmin oyuna ancaq yerli uşaqlar çıxmışdı. Yalnız görüşün sonunda Pançik meydana daxil oldu. Kişinyovdakı final oyununda isə həm futbolçuların yorğunluğu, həm də artıq güclülər dəstəsini tərk etməyimizin məyusluğu özünü göstərdi”.

Yaşar Vahabzadə: “Kişinyova Kiyevdə ağır oyun keçirib gəlmişdik. Çox güc sərf etmişdik. Güclülər dəstəsini tərk etsək də, istəyirdik ki, finalda qələbə qazanaraq kuboku götürək. I hissədən sonra 0:1 uduzurduq. İkinci hissə başlayan kimi Vəli Qasımov hesabı bərabərləşdi. Bir də baxdım ki, bizdə dəyişiklik olacaq. Arzu Mirzəyev meydana daxil olmağa hazırlaşır. Baş məşqçi Yuri Kuznetsov məni əvəzlədi. Çox təəcübləndim ki, axı mən normal oynayırdım. Oyun yağışlı havada keçirildiyindən bir başa paltardəyişmə oyağına getdim. Bir də gördüm kimsə söyə-söyə girdi otağa, butslarını tulladı. Baxıram Arzu. Deyirəm sən indi girməmişdin meydana, burda nə işin var? Arzu da səsini atıb başına ki, məni də əvəzlədi. Maraqlıdır ki, heç Mirzəyev də səhv eləməmişdi. Ümumiyyətlə, Kuznetsov taktiki planda çox dəyişiklik etdi. Arzunu dayaq yarımmüdafiəçisi mövqeyində oynatdı. Duşdan çıxanda gördüm artıq hesab 3:1 “Kayrat”ın xeyrinədir. Bütün qolları da Karaçun vurdu. Ümumiyyətlə, həmin vaxt komandaya əvəzedici heyətdən bir neçə futbolçu cəlb olunmuşdu. Vitali Alxasov, Elxan Həsənov və başqaları. Kişinyovdakı finaldan 3 gün əvvəl Kiyevdə “Dinamo”nu 1: 0 məğlub edirdik.  Novruz Əzimov hesabı açmışdı. Sonradan Elxan Həsənov zarafatla deyirdi ki, “Dinamo” mənə qol vura bilmirdi, Rasim Abuşov vurdu. Çünki həm Demyanenkonun, həm də Litovçenkonun qolunda top Rasimə dəyib istiqamətini dəyişdi. O vaxt finala çıxdığımız üçün bizə SSRİ İdman Ustası adını verdilər.  Aşağı sıralarda gedən komandaların futbolçuları üçün hörmətli idi bu ad”. 

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşirdirilir” 

 

 

 

 

 

 

Son redaktə Çərşənbə axşamı, 24 Oktyabr 2017