wrapper

Azərbaycan futbolunda az-çox çalışan, bu sahədə heç olmasa 1 saçını ağardan adamdan Samir Ələkbərovu soruşsanız, sadaladıqları arasında müsbət məqamlar çox olacaq. Ələkbərov həm futbolçu, həm də böyüdüyü mühitin ona bəxş etdiyi insani keyfiyyətlər baxımından adətən bir addım öndə olub.

İndi istedadlı deyib, milli komandalara çağırdıqlarımız futbol üçün bəlkə də Samir Ələkbərovun butsiləri qədər xeyir verməyiblər.

Söhbət Azərbaycan futbol tarixinin ən güclü hücumçularından olmuş, “Neftçi” tarixinin ən çox qol vuran hücumçularından biri Samir Ələkbərovdan gedirsə, indiki milli üzvləri sakitcə durub dinləməlidirlər.

Təkcə bu kəlmələri yox, həm də Samir Ələkbərovun özünü. Çünki Samir Ələkbərov vacib məqamlarda sözün düzünü deyib. Mərhum Fuad Musayevin qılıncının arxası da, önü də kəsdiyi bir vaxtda çıxıb reallıqları “doqquzluğa vurub”. Bütün başına gələcək bəlaları bilə-bilə daxili məninə qulaq asıb.

Əgər sən həyat şəraitinə baxmayaraq doğrunu-düzü deyə bilirsənsə, deməli cəsarətin fövqündəsən. İllər keçsə də, illər üstünə il gəlsə də, Samir Ələkbərovu illər öncə etdiklərinə görə hər zaman təqdir etmək lazımdır.

Bugünkü müsahibəsi isə göstərir ki, illər sadəcə Ələkbərovun yaşının üstünə yaş gətirib, cəsarətini isə bir az da çoxaldıb.

Yaşar Vahabzadə istefa verdikdən sonra milli məhz Samir Ələkbərova tapşırıldı. Əslində, Ələkbərov qarşıdakı cəhənnəm əzabını nəzərə alıb, əgər buna milli demək mümkünsə, yığmanı öhdəsinə götürməyə bilərdi. Bununla da Ələkbərov sadəcə işindən məhrum olardı, futboldan isə əsla. Çünki futbol onun həyatıdı. Ələkbərov ömrünün yarısını milliyə, hamısını isə futbola həsr edib. Amma bu çətin vəziyyətdə milli yükün altına girmək elə milli adamın işidir. Sizcə, Bernard Lippert və ya digər ondan 5 dəfə  çox maaş alan adam məhz bu riskə gedərdimi? Bizcə, getməzdi...

Qaldı ki, köməkçilərinin işinə çox qarışmasına. Bu ilk növbədə elə Samir Ələkbərovun günahıdır. Çünki hər qapıdan girənə dost kimi baxıb. Azərbaycan futbolunda milli səviyyəsində xidmətləri olan Aslan Kərimov və Cahangir Həsənzadəni düşmən kimi qələmə vermək fikrimiz yoxdu. Amma milli  həm də şəxslərin müharibə yeri deyil. Millini müharibə yerinə çevirənlər əslində milliyə düşmən olan şəxslərdir. Sözsüz, köməkçi məşqçi baş məşqçinin fikri ilə razılaşmaya bilər. Amma məhz onun dediklərini futbolçulara ötürməyə borcludu. Özü baş məşqçi olanda doğru bildiklərini yerinə yetirər.

Əgər kollektivdə futbolçudan bir məşqçi bir, digər məşqçi başqa  bir şey tələb edirsə, o zaman elə 0:7 məğlubiyyətləri haqq edirik.

Samir Ələkbərovun  müsahibəsinin bir başqa parçası isə onu göstərir ki, hələ də tapşırıqla futbolçu keçərlidir. Sadəcə, daş qayaya rast gələndə, qarşısını almaq mümkün olur.  Tapşırıqla hər hansı bir işə düzəlmək olar, gedib mühafizəçi işləyərsən, avtomobil sürərsən, amma futbol oynaya bilməzsən. Çünki bu sırf  sənətdir, sənəti də sənətkarı bacarır. Tapşırıqla futbolçu olmur. Tapşırıqla “futbolçu”  olursa, bizi qarşıda hələ çox  faciəvi günlər gözləyir.

 

 Futbol11.az